Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Rusiyanın NATO ölkələrindən birinə və ya alyansın hərbi infrastrukturuna qarşı mümkün hücumu barədə Qərb siyasi dairələrində səsləndirilən xəbərdarlıqların sayı nəzərəçarpacaq dərəcədə artıb. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskva ilə NATO arasında gərginliyin yüksəlməsi, hərbi hazırlıqların genişləndirilməsi və qarşılıqlı sərt bəyanatlar Avropada mümkün daha böyük qarşıdurma ssenarisinə dair narahatlıqları gücləndirib.
Bu fonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfəri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşü xüsusi diqqət çəkib. Səfərin detalları tam açıqlanmasa da, Qərb mediasında Retkliffin Kremlə NATO ilə bağlı mühüm mesajlar çatdırdığı barədə məlumatlar yayılıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorskinin son açıqlaması isə bu müzakirələri daha da qızışdırıb. Onun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin MKİ rəhbərinə Moskvanın NATO-nu təxribata çəkmək niyyətində olmadığını bildirib. Lakin Polşa diplomatiyasının rəhbəri bu vədin etibarlılığına ciddi şübhə ilə yanaşır və xatırladır ki, Ukraynaya müdaxilədən əvvəl də Rusiyadan Qərbə oxşar mesajlar verilib.
Sikorskinin mövqeyinə əsasən, Qərb ölkələri Moskvanın açıqlamalarına arxayınlaşmaq əvəzinə müdafiə imkanlarını daha sürətlə gücləndirməlidir. Varşavanın narahatlığı xüsusilə diqqət çəkir. Belə ki, NATO-nun şərq cinahında yerləşən Polşa Rusiyanın mümkün hərbi ekspansiyası ilə bağlı xəbərdarlıqları ən ciddi qəbul edən Avropa ölkələrindəndir.
Retkliffin Moskva səfəri ilə bağlı daha bir diqqətçəkən məqam isə onun Vladimir Putinlə görüşməməsidir. MKİ direktoru Rusiyanın xarici kəşfiyyat rəhbəri Sergey Narışkinlə danışıqlar aparıb. Bununla belə, ABŞ və Avropa mediasında səfərin əsas məqsədlərindən birinin Moskvanın NATO ölkələrinə qarşı mümkün hərbi addımları ilə bağlı xəbərdarlıq və mesajların çatdırılması olduğu iddia edilir.
Görünən odur ki, Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik böhranı fonunda Rusiya-NATO qarşıdurmasının yeni mərhələyə keçə biləcəyi barədə müzakirələr getdikcə intensivləşir.
Siyasi ekspert Fikrət Fəraməzoğlu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyanın məhz indiki durumda NATO ilə toqquşma ehtimalı olsa da bu, real görünmür: “Təkcə Ukrayna ilə müharibə Kremli xeyli problemə salıb. Məhdud resursları olan, daha çox Qərb ölkələrindən edilən yardımlar, qismən də öz daxili imkanları sayəsində 4 il 6 aydır Rusiyaya qarşı dirənən Ukraynayla bacarmayan bir ölkə, geniş resursları olan NATO ilə müharibə aparmağa girişərsə bu, ağılsızlıq olardı. Amma qarşıdakı Rusiyadır. Onun ağıllı olması kifayət qədər şübhəlidir. İstənilən avanturaya da gedə bilər. Hesab edirəm ki, Kremlin ortaya atdığı NATO ritorikası daha çox diplomatik gedişdir. Və bu gediş daha çox hədə-qorxunun üzərində qurulub. Rusiyaya etibar etmək, su üzərinə yazılmış müqavilə kimi bir şeydir. Moskva heç vaxt vəd etdiyi və söz verdiyi heç nəyin üzərində dayanmayıb. O, təkcə Qərbə qarşı deyil, elə müttəfiqlərinə qarşı da analoji mövqe sərgiləyir. Yəni, Putinin hər hansı vədinin ən yaxşı halda bir neçə gün ömrü ola bilər. Ona görə də, güvəniləcək bir məsələ deyil".

Siyasi ekspertin sözlərinə görə, NATO monolit hərbi təşkilat olsa da, üzv dövlətlərinin bəzilərinin yanaşmalarında fərq var: “NATO-dakı bəzi ölkələr özlərini qorumaq üçün yetərli imkana sahib deyillər. Məsələn, Polşanın narahatlığı bununla bağlıdır. Bolqarıstan, Macarıstan və Çexiya kimi dövlətlər müharibə məsələsində vahid mövqe sərgilməyə bilərlər. Analoji şeyi Türkiyə üçün də demək mümkündür. Çünki bu ölkələr Rusiyanın hədəfində olacaq ilk ölkələr sırasındadır. Həm qonşuluqda yerləşir, həm də vaxtıyla (Türkiyə istisna olmaqla) Rusiyanın təsir dairəsində olublar ki, bu da daxildə onlara qarşı müəyyən rəğbətin qalmasına səbəb olub. Bu gün Avropa ölkələrində rusyönümlü hökumətlərin qurulması da bu təsirin nəticəsidir. Amma ümumilikdə, NATO-nun “ağır artilleriyası” (Almaniya, Britaniya, Fransa və digərləri) Rusiyanı cavabsız qoymayacaqlar. Elə NATO-nu da əsasən bu ölkələr təşkil edirlər. Retkliff kəşfiyyatçıdır. Şübhəsiz, səbəb olmadan Moskvaya səfər etməyib. Həmçinin onun Kremlə “əliboş” yollanması da real deyil. Amma Rusiyanın NATO-ya hücumunun qarşısını almaq üçün onun missiyanı üzərinə götürməsi real deyil. O, ən yaxşı halda əməliyyat məlumatlarına əsaslanan müzakirələr üçün Moskvaya gedib. Putinlə görüşməməsi də bununla bağlıdır. Çünki söhbət NATO hücumundan getmir. Təbii ki, MKİ şefi Rusiyaya bəzi təminatlar verə bilər. Amma bu təminatlar əsasən ABŞ və Rusiyanı maraqlandıran mövzularla bağlı ola bilər. Nəzərimcə, MKİ şefinin Rusiyaya səfəri Hörmüz boğazı və İranla bağlıdır. Çünki indiki məqamda Vaşinqtonu daha çox İran məsələsi maraqlandırır. Böyük ehtimalla İranın gələcəyi, Rusiyanın həmin gələcək dönəmdə istəkləri, maraqları və sair məsələlər müzakirə olunub. Təbii ki, Yaxın Şərqin yenidən şəkilləndirilməsi məsələsi də var. Ola bilsin ki, ABŞ-ın baş kəşfiyyatçısı bu şəkilləndirmədə Rusiyanın da hansı mövqe tutduğu, nələr umduğunu dəqiqləşdirmək istəyib”.
Müsahibimiz sonda NATO-a mümkün hücumla bağlı iddialara da toxundu: “Şəxsi qənaətim budur ki, bu daha çox sennariyə bənzəyir. Yenə də qeyd edirəm ki, Rusiya indiki vəziyyətində NATO-ya hücum etməyəcək. Bu, açıq intihar deməkdir. Hazırkı durumda Kreml ən pis halda bir-iki qonşu ölkəyə hədə-qorxu gələ və ya PUA nümayiş etdirməklə kifayətlənəcək. Yəni göz qorxutmaq üçün bu addımı atacaq”.
Cavanşir Abbaslı
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ