Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Kiyev vilayətinin Buça rayonuna endirilən Rusiya zərbəsi nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib.
Musavat.com xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Xilasedicilər və digər aidiyyəti xidmətlər axtarış-xilasetmə və bərpa tədbirlərini fasiləsiz şəkildə həyata keçirirlər.
Bir müddət öndə Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev yaxınlığındakı Mila kəndində yerləşən anbara endirilən zərbə və ardından baş verən partlayış nəticəsində 27 nəfər həlak olub, onlarca insan isə yaralanıb.
Prezidentin sözlərinə görə, hadisə nəticəsində yaşayış evlərinə, həmçinin ahıllar və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş pansionata ziyan dəyib. Təhlükəli zonadan 370-dən çox insan təxliyə edilib. Fəsadların aradan qaldırılmasına 300-dən çox xilasedici cəlb olunub.
Həlak olanlar arasında insanların xilas edilməsində iştirak edən Dmitrovka icmasının rəhbəri Taras Didıç da var.
Ukrayna dövlət başçısı döyüş sursatı anbarının yaşayış massivinin yaxınlığında yerləşdirilməsini də sərt tənqid edib. Mümkün xidməti səhlənkarlıq faktı ilə bağlı artıq cinayət işi açılıb.
"Bu hadisəyə yol verənlər qəbul etdikləri qərarlara görə mütləq məsuliyyət daşımalıdırlar", - deyə Zelenski vurğulayıb və əlavə edib ki, sursatlar yaşayış evlərinin yaxınlığında saxlanılmamalıdır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ