Onlayn ictimai-siyasi qəzet
2001-ci il 11 sentyabr terror hücumlarına cəmi 13 gün qalmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) hücumların əsas təşkilatçılarından Xalid Şeyx Məhəmmədlə bağlı son dərəcə mühüm məlumat daxil olub.
Musavat.com xəbər verir ki, ABŞ mətbuatında dərc olunan araşdırmada 2001-ci il avqustun 28-də CIA-nın Bin Laden bölməsinə göndərilən məlumatda Xalid Şeyx Məhəmmədin “Muxtar” ləqəbindən istifadə etdiyi bildirilib.
Lakin kəşfiyyat əməkdaşları bu məlumatı həmin ilin yazından etibarən CIA-nın əlində olan “Muxtar” adlı şəxslə bağlı əvvəlki məlumatlarla əlaqələndirə bilməyiblər. 11 Sentyabr Komissiyasının rəsmi hesabatında da bu məqama toxunulub.
CIA hələ 2001-ci ilin aprelində “Muxtar” adlı şəxsin “Əl-Qaidə” üzvü Əbu Zübeydə ilə əlaqədə olduğunu və mümkün terror əməliyyatlarının hazırlanmasında iştirak etdiyini müəyyənləşdirmişdi. İyunda isə kəşfiyyata Xalid Şeyx Məhəmmədin Əfqanıstandan kənara, o cümlədən ABŞ-yə terror fəaliyyəti üçün adamlar göndərdiyi barədə məlumat daxil olmuşdu.
Avqustun 28-də “Muxtar”ın məhz Xalid Şeyx Məhəmməd olduğu barədə məlumat əldə edilsə də, CIA bu ayrı-ayrı kəşfiyyat məlumatlarını vahid zəncir halında birləşdirə bilməyib. Sonradan müəyyən edilib ki, “Muxtar”ın istifadə etdiyi əlaqə xətti Ramzi bin əl-Şibh və Zakarias Mussaui ilə də bağlı olub.
11 Sentyabr Komissiyası sonradan CIA-nın Xalid Şeyx Məhəmmədi əvvəlki hesabatlarda adı keçən “Muxtar”la vaxtında əlaqələndirməməsini hücumlar ərəfəsində buraxılmış mühüm kəşfiyyat boşluqlarından biri kimi göstərib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ