Onlayn ictimai-siyasi qəzet
Camaat qatara minib gedib başqa respublikaya. İndi ordan üzü bəri gəlməyə bilet tapmırlar. İdarənin açıqlaması da böyük təskinlikdir: “17 sentyabra qədər biletlərin hamısı satılıb. Gələn dəfə səfərə çıxanda hərəkətinizin vaxtını düzgün planlaşdırın”. Vəssalam, şüttamam.
Yəni, bir neçə qatar vətəndaşımız payıza qədər Tiflisdə yaşamağa məcburdur. Köhnə vaxtın adamlarının yadında olar, bir sovet-italyan filmi var idi: “İtalyanların Rusiyada qeyri-adi macəraları”. Orda qəhrəmanlardan birinin pasportunu təyyarədə ikən oğurlayıb tullayırdılar, adam SSRİ-yə çatanda sərhəddən keçə bilmirdi. Təzədən qaytarırdılar İtaliyaya, lakin pasport olmadığı üçün bu dəfə də İtaliya qəbul eləmirdi. Beləcə, adamı təyyarədə ora-bura uça-uça saqqal basırdı.
İndi Tiflisdə qalan vətəndaşlarımızı güman edirəm bu acı tale gözləməz, bir yol bulub vətənə dönərlər. Hərçənd, tema maraqlı temadır və kinoçəkənlərimiz bu istiqamətdə triller-fentezi janrlı nəsə çəkməklə dünya arenalarına çıxa bilər. Məsələn, Koreya rejissorlarının "Qarın içindən”(2013) və “Pusan şəhərinə qatar” filmləri üslubunda biz də “Tiflisdən gələn qatar”, yaxud, “Yevlax stansiyasında ölüm” kimi filmlər çəksək, Kristofer Nolandan çox pul qazanarıq. Ancaq hardan... Bu yaxında, 2 avqustda milli kino günü münasibətiylə yenə 70-ci illərin “Qaynana” filmini nümayiş etdiriblər. Kinoçəkənlərimiz isə bayram günü dalaşıblar. Davanın səbəbi də, türkün sözü, ilginc idi. Kino ittifaqında sədr seçmək üstündə narazılıq var. Ssenarist və dramaturq Eldəniz Quliyev qarşı tərəf haqqında “Onlar kino xadimləri yox, xədimlərdir” söyləyibmiş. Qarşı tərəfdən rejissor Vaqif Mustafayev isə buna görə Quliyevə kəllə vurmaq istəyib, deyib, sən kimə xədim deyirsən. Nəsə, çox intellektual, ziyalı diskussiyası alınıb, tərəfləri sakitləşdirmək üçün mədəniyyət nazirinin müavini araya girib.
Deməli, həmişə tragik sonluq olmur, misal üçün, Gəncədəki restoranda vətəndaşlarımız süpürləşəndə araya girən günahsız bir gənci bıçaqlayıb öldürüblər. İndi nə edək? Hər dava yerinə hansısa nazir müavini ezam olunmalıdır? Bu nə barbarlıqdır?
Ağdamda toyda isə mahnı sifarişi üstündə dava düşüb, bəyin dayısı şuluqluq salanı çırpıb. Nəticə müəyyən qədər müsbət bitib, heç kim narazılıq etmədiyi üçün məhkəmə bəyin dayısına 1 il islah işləri və qazancının 20 faizinin tutulması cəzası kəsmişdir. Zəhmətkeşlərimizin hələ də toyda rəqs növbəsi üzərində dalaşması öz-özlüyündə bizim musiqi və rəqslərə milli məhəbbətimizin nümunəsidir. Yəqin ki, heç kim Vyanada toyda vals oynamaq, İspaniyada flamenko, nə bilim, Braziliyada samba, Argentinada tanqo üstündə dalaşmır, biz isə adını-familiyasını bilmədiyimiz diringilər üstündə yaxalaşırıq. Hərçənd, tam əmin deyiləm, bəlkə artıq oralarda da toyda gitara manısın başında qırılır.
Qayıdaq nəqliyyat məsələsinə. Bunu yazanda Narxozda oxuduğum vaxtlar yadıma düşdü. Orda “Kibernetika” dərsində “nəqliyyat məsələsi” adlı problemin həllindən söhbət gedirdi. Tam xatırlamıram, ancaq təxminən belə bir söhbət idi: A, B, C şəhərləri var, onlar arasında yük daşınmalıdır, ən optimal və az xərcli marşrutu tapmalısan. Əlbəttə, indiki süni intellekt dövründə belə kibernetik məsələyə beyin yormaq, loqistika qurmaq asanlaşıb, ancaq Bakı metrosunun tunellərindəki qazıntıların sərnişin daşınmasına təsiri teması təxminən ona bənzəyirdi. Və mənə elə gəldi ki, idarənin “avtobusları pulsuz eləsək, hamı doluşacaq” məzmunlu cavabı vəziyyətin dramaturgiyasını artırırdı.
Görəsən, Tiflisdə qalan qatar sərnişinləri üçün Qazaxa qədər avtobus təşkil etmək – lap pullu olsun – mümkün olmazmı? “28 May”da düşüb “Nizami”yə qədər avtobusla getmək tipində... İndi söz əlaqədar təşkilatlarındır, o cümlədən kinoçəkənlərin...
08 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ