İnsanlara hürriyət, millətlərə istiqlal!

Mülkiyyətçi ilə məcburi köçkün ailəsi arasında qalan MƏNZİL – Vəkillərdən AÇIQLAMA

İlk yayım tarixi: 30 sentyabr, 20:36

Vəkil: "Yalnız Qarabağda ev verildikdən sonra icra edilə biləcəyi nəticəsi çıxmamalıdır"

Mənzilini məhkəmə yolu ilə geri almaq hüququ təsdiqlənsə də, mülkiyyətçi illərdir öz evinin qapısından içəri girə bilmir və kirayə köşələrində yaşamağa məcbur qalır. Sumqayıt sakini Ramil Əliyevin üzləşdiyi bu acınacaqlı mənzərə, qanunun tələbi ilə sosial reallığın toqquşduğu göynədici bir mənzərəni gözlər önüne sərir.

Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli qətnaməsi ilə Ramil Əliyevin mülkiyyət hüququ bərpa olunub və mənzildə məskunlaşan məcburi köçkün ailənin oradan çıxarılması barədə qərar qəbul edilib. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı kağız üzərində qalıb, icra mexanizmi isə dayanıb. Bir tərəfdə hər ay kirayə pulu ödəməkdən tükənən, öz halal mülkünə həsrət qalan ev sahibi, digər tərəfdən isə başıüstə sığınacaq yeri məsələsi hələ də həllini tapmayan məcburi köçkün ailə...

Musavat.com-a üz tutaraq dərdi ilə bölüşən Ramil Əliyev çıxılmaz vəziyyətdə qaldığını bildirir. O, məsələ ilə bağlı artıq Ədliyyə Nazirliyi yanında İctimai Şuraya da müraciət edib. Amma suallar hələ də cavabsızdır: Qanuni qüvvəyə minmiş məhkəmə qərarı niyə icra olunmur? Bir vətəndaşın tapdanan mülkiyyət hüququ ilə digərinin sosial təminatı arasında qalan bu düyün nə vaxt açılacaq?

Şikayətçinin bildirdiyinə görə, məsələnin həlli üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən ona konkret yol göstərilib: "Məhkəməyə verin, müvafiq qətnaməni təqdim edin, biz həmin məcburi köçkünə başqa ev təklif edək və siz də mənzilinizə qovuşun". Vətəndaş da deyilən addımı ataraq hüquqi prosedurları tamamlayıb.

Lakin Milli Məclisdə məcburi köçkünlərin statusu ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərdən sonra mənzərə tamamilə dəyişib. Komitədən vətəndaşa bəyan edilib ki, artıq paytaxtda və ya mənzilə yaxın ərazilərdə məcburi köçkünlərə ev təklif olunması dayandırılıb. Yeni qaydalara əsasən, həmin ailələrə yalnız öz doğma rayonlarında ev verildikdən sonra mənzil azad edilə bilər.

Problem isə burasındadır ki, sözügedən mənzildə məskunlaşan ailə Qubadlı rayonundandır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı artıq təsdiqlənib. Lakin digər azad olunmuş bölgələrlə müqayisədə burada bərpa və məskunlaşma prosesinin tempi sürətli deyil. Bu isə böyük bir sual doğurur: Əgər Qubadlıya köç prosesi 2040-cı ilə qədər uzanacaqsa, öz mülkündən məhrum edilmiş ev sahibi daha 15 il gözləməlidir?

İllərdir öz mülkünə girmək üçün hüquqi yollar axtaran və hər dəfə yeni bir qərarın çətinliyi ilə üzləşən vətəndaş haqlı olaraq soruşur: Qanuni mülkiyyət hüququ bərpa olunmalı olan ev sahibi öz evinə nə zaman qovuşacaq?

Screenshot_2.png (693 KB)

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən Vəkillər Kollegiiyasının üzvü Bəxtiyar Hacıyev deyib ki, məcburi köçkünlərin yaşayış şəraitinin qorunması dövlətin mühüm sosial vəzifəsidir: "Bununla yanaşı, həmin vəzifənin yükü qeyri-müəyyən müddətə başqa bir vətəndaşın üzərinə qoyula bilməz. Mülkiyyətçinin xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası üçün konkret tədbirlər görülməlidir".

Vəkik hesab edir ki, icrası qeyri-müəyyən müddətə uzanan qətnamə mübahisəni faktiki olaraq həll etmir: "Tərəflər sonradan icra qaydası, dövlət qurumlarının hərəkətsizliyi və digər məsələlərlə bağlı yenidən məhkəməyə müraciət etməli olurlar. Bu isə vətəndaşların vaxt və xərc itkisini artırmaqla yanaşı, məhkəmələrin iş yükünü də ağırlaşdırır. Belə işlərdə icraya təsir edən hallar məhkəmə baxışı zamanı araşdırılmalı, qətnamənin nəticə hissəsi aydın ifadə edilməlidir".

Hüquqşünas Nərmin Əhmədli də bizimlə söhbətdə qeyd edib ki, məsələ yalnız icra məmurunun fəaliyyəti ilə həll edilə bilməz:"İcra məmuru məhkəmə aktını icra edir, köçkün ailəyə alternativ yaşayış sahəsinin təklif edilməsi isə aidiyyəti dövlət qurumlarının iştirakı olmadan mümkün deyil. Qurumlar arasında əlaqə qurulmadıqda mülkiyyətçi qərarın nəticəsini gözləyir, icra prosesi uzanır, köçkün ailənin gələcək yaşayış yeri barədə də qeyri-müəyyənlik yaranır: “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşması başqa şəxslərin hüquqlarını pozursa, müvafiq icra hakimiyyəti orqanları onlara başqa yaşayış sahəsi təklif etməlidir. 2026-cı ildə qəbul edilmiş dəyişiklik həmin öhdəliyin ifadəsini yeniləyib. Həmin dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin daimi məskunlaşması üçün yaşayış fondunu da nəzərdə tutur. Ancaq bu müddəalardan mülkiyyətçinin xeyrinə çıxarılmış hər bir məhkəmə qərarının yalnız Qarabağda ev verildikdən sonra icra edilə biləcəyi nəticəsi çıxmır. Hər bir işdə qətnamənin məzmunu və icraya dair qəbul edilmiş qərarlar ayrıca qiymətləndirilməlidir".

19d7e08c-9624-4de6-a294-9df27c4a9a64.jpg (102 KB)

Nərmin Əhmədlinin fikrincə, problemin bir hissəsi məhkəmə baxışı mərhələsində yaranır:"Bəzi işlərdə qətnamə qəbul edilərkən onun necə icra olunacağı, köçkün ailəyə yaşayış sahəsinin hansı qurum tərəfindən təklif ediləcəyi və bunun üçün hansı addımların atılacağı kifayət qədər aydınlaşdırılmır. Nəticədə mülkiyyətçinin hüququ məhkəmə qərarında tanınsa da, həmin hüququn nə vaxt bərpa ediləcəyi qeyri-müəyyən qalır".

Hüquqşünasların mövqeyinə görə, aidiyyəti qurumlar hər belə iş üzrə alternativ yaşayış sahəsinin təklif edilməsi imkanını, məsul qurumu və görüləcək işlərin müddətini müəyyənləşdirməlidirlər. Görülən tədbirlər barədə icra orqanına və tərəflərə yazılı məlumat verilməlidir. İcraya hüquqi maneə olduğu bildirilirsə, onun əsası və aradan qaldırılması yolu da göstərilməlidir.

Mülkiyyətçi məhkəmədə hüququnu təsdiqlətdikdən sonra daha neçə il mənzilinə qayıdacağını bilmədən gözləməməlidir. Köçkün ailənin yaşayış ehtiyacının həlli və mülkiyyətçinin mənzilindən istifadə hüququnun təmin edilməsi əlaqəli şəkildə təşkil olunmalıdır.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR