İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cılız cəbhənin “din təəssübkeşinə” çevrilməsi...”

“Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında son günlər süni şəkildə yaradılmağa cəhd edilən gərginlik və etiraz görüntüləri fərdi azadlıqların və ya dini dəyərlərin qorunması məsələsi yox, ölkənin dünyəvi dövlət quruluşuna, sosial sabitliyinə və suverenliyinə qarşı yönəlmiş ideoloji təxribatdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə xüsusi vurğuladığı ideoloji risklər və xarici təhdidlər haqqında tezislərinin nə qədər vaxtında atılmış strateji addım və reallığa dayanmış uzaqgörən təhlil olduğu baş verən son hadisələr fonunda bir daha tam formada üzə çıxdı”.

Bunu Milli Məclisin üzvü Bəhruz Məhərrəmov Musavat.com-a deyib.

BEHRUZ.jpg (80 KB)

Onun fikrincə, dövlət-din münasibətlərinin hüquqi və sosioloji müstəvidə təhlili göstərir ki, Azərbaycanda vicdan azadlığı ən yüksək səviyyədə təmin olunub:

“Azərbaycan Konstitusiyasına görə, hər bir vətəndaşın vicdan və etiqad azadlığı var və gündəlik həyatda, ictimai məkanda fərdlərin öz dini inanclarına uyğun yaşamasına, o cümlədən geyim seçimlərinə heç bir məhdudiyyət qoyulmur. Konstitusion prinsip həm də onu təsbit edir ki, hər hansı dini geyim forması və ya həyat tərzi heç bir vətəndaşa digərləri qarşısında üstünlük vermir və ya onu cəmiyyətdə aşağı mövqeyə salmır. Bu baxımdan, məktəblərdə baş verənləri “dinə qarşı qadağa” və ya “hicab məhdudiyyəti” kimi qələmə vermək tamamilə əsassızdır və məqsədli dezinformasiya xarakteri daşıyır. Məktəblərdə vahid geyim forması Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənən, təhsil müəssisələrinin daxili intizamını, təlim-tərbiyə mühitinin neytrallığını və şagirdlər arasında sosial-iqtisadi bərabərliyi təmin edən hüquqi normadır. Təhsilin dünyəviliyi prinsipi məktəbin hər hansı dini, siyasi və ya ideoloji rəmzlərdən azad, neytral bilik məkanı olmasını tələb edir. Bu çərçivədə müəyyən edilən məhdudiyyətlər – istər dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementləri, istər qeyri-adi saç düzümü və ya makiyaj, istərsə də digər vizual atributlar-ayrı-seçkilik deyil, təhsil mühitinin sağlamlaşdırılmasına xidmət edən ümumi qaydalardır. Hadisələrin siyasi-analitik tərəfi isə xarici təsir amillərini və daxili radikal ünsürlərin fürsətcil mövqeyini açıq şəkildə ortaya qoyur. Hərbi-siyasi müstəvidə Azərbaycana məğlub olmuş güclər və müxtəlif dini-siyasi rejimlərdən qidalanan şəbəkələr isə ölkə daxilində təfriqə yaratmaq üçün hər bir imkanda olduğu kimi bu dəfə də həssas mövzudan alət kimi istifadə etməyə çalışırlar”.

Deputat onu da diqqətə çatdırıb ki, azyaşlı uşaqların aksiyalara cəlb edilməsi və ideoloji manipulyasiyalara məruz qoyulması isə prosesin ən ağrılı tərəfi və birbaşa cinayətdir:

“Bu mənada, uşaqların təhsil hüququnu və psixoloji təhlükəsizliyini təhlükə altına atan, uşaqları aksiyalara cəlb edən valideynlərin və təhrikçilərin hüquqi məsuliyyətə cəlb olunması hüquqi dövlətin zəruri tələbidir. Bu gərginliklər zamanı Azərbaycan polisinin nümayiş etdirdiyi peşəkar, təmkinli və qanunçuluğa söykənən davranışı isə təxribat ssenarilərinin pozulmasında mühüm rol oynayıb. Daxili siyasi səhnədəki radikal ünsürlərin və ideoloji konyunkturadan istifadə etməyə çalışan qrupların mövqeyi isə ikili standartların və siyasi riyakarlığın göstəricisidir. Dünənə qədər Əli Kərimli ilə dindar vətəndaşın eyni kamerada saxlanmasını təhdid kimi tirajlayan cılız cəbhənin bu gün ani şəkildə “din təəssübkeşinə” çevrilməsi məsələnin dini deyil, məhz dövlətə qarşı ideoloji hücum olduğunu sübut edir. Bu gün əminliklə deyə bilərik ki, dini-mənəvi məzmunda bizim kimdənsə öyrənəcəyimiz məqam yoxdur, çünki əsl dini və mənəvi dəyərlərə ehtiramın göstəricisi isə dövlət rəhbərliyinin əməli fəaliyyətində öz əksini tapıb. Vətən müharibəsindəki Zəfərdən dərhal sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş, dağıdılmış və təhqir olunmuş məscidlərimizə müqəddəs Quranı ehtiramla apararaq dua etmələri Azərbaycan dövlətinin milli-mənəvi və dini irsimizə verdiyi gerçək dəyərin təcəssümüdür. Məhz həmin dövrdə özünü “müsəlman dünyasının təəssübkeşi” kimi təqdim edən bəzi xarici dairələr isə torpaqlarımızın o zaman hələ bir qismini işğal altında saxlayan və məscidlərimizi təhqir edən Ermənistana hərbi və logistik dəstək verirdilər”.

Bəhruz Məhərrəmov fikirlərinə belə yekun vurub:

“Yaranmış mənzərə bir daha təsdiqləyir ki, ideoloji hücumların və yad təsirlərin qarşısını alan ən keçilməz sədd yüksək səviyyəli dünyəvi təhsil və güclü dövlətçilik şüurudur. Hər kəs əmin ola bilər ki, Azərbaycan dövləti və onun xalqı nə təhsil müəssisələrinin radikal ideologiyaların poliqonuna çevrilməsinə, nə də ölkədəki sosial-siyasi sabitliyin pozulmasına heç bir halda imkan verməyəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR