Onlayn ictimai-siyasi qəzet
“Nazirlər Kabinetinin məktəbli formasına dair qərarı ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılmasına, nizam-intizamın və təhsil mühitinin qorunmasına xidmət edir. Həmin qərarın icrası məktəblərdə sağlam pedaqoji mühitin təmin olunması baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi dövlət və dünyəvi təhsil prinsiplərinə sadiqdir. Dünyəvilik dini təsirlərdən asılı olmadan fəaliyyət, müxtəlif inanclara və dünyagörüşlərinə malik insanların hüquqlarına hörmət edilməsi deməkdir. Azərbaycanda gündəlik baş örtüyündən istifadəyə heç bir qadağa yoxdur. Amma ümumi təhsil müəssisələrində geyim qaydaları qüvvədə olan qanunvericilik və müvafiq normativ sənədlər çərçivəsində qiymətləndirilməlidir”.
Bunu Musavat.com-a deputat Könül Nurullayeva deyib.
O, vurğulayıb ki, Azərbaycan ailəsi tarixən övladın savadlı, tərbiyəli, vətəninə bağlı və cəmiyyət qarşısında məsuliyyətli insan kimi yetişməsinə xüsusi önəm verib: “Milli dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması və gənc nəslin sağlam dünyagörüşünə malik olması təhsil siyasətinin mühüm istiqamətlərindəndir. Sekulyarlıq, yəni dünyəvilik də bu dəyərlərlə ziddiyyət təşkil etmədən, dövlətin və təhsilin müstəqilliyini təmin edən prinsip kimi anlaşılmalıdır. Qloballaşma şəraitində uşaqların və yeniyetmələrin yad təsirlərə, radikal çağırışlara və onların yaş xüsusiyyətlərini nəzərə almayan ideoloji eksperimentlərə qarşı həssaslığını nəzərə almaq lazımdır. Cəmiyyətin, ailənin və təhsil prosesinin bu cür təsirlərdən qorunması ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindən biridir. Bu məqsədə nail olmağın yolu dini inanclardan manipulyasiya kimi istifadə etməkdən yox, keyfiyyətli təhsildən, hüquqi maarifləndirmədən, ailə ilə məktəb arasında sağlam əməkdaşlıqdan keçir”.
K.Nurullayeva onu da bildirib ki, məktəb dini eksperimentlərin deyil, elmin, tərbiyənin və dünyagörüşünün formalaşdığı məkandır: “Burada əsas diqqət şagirdlərin bilik qazanmasına, bərabər imkanlara malik olmasına, qarşılıqlı hörmət və vətəndaş məsuliyyəti ruhunda yetişməsinə yönəlməlidir. Məktəbli forması da ilk növbədə bu ümumi məqsədlərə xidmət etməlidir. Hər bir ailə anlamalıdır ki, güclü dövlətin və sağlam cəmiyyətin gələcəyi savadlı, milli kimliyinə bağlı və qanunlara hörmət edən gənclərin yetişdirilməsindən keçir. Ona görə də xarici təsirlər altında cəmiyyətdə ajiotaj yaratmaq yolverilməzdir”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ