İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Tiflisdən əl çəkməyəcək

Gürcüstanın Avropa İttifaqına inteqrasiya hədəfi ilə Tiflis və Brüssel arasında son dövrlərdə yaşanan siyasi qarşıdurma getdikcə daha mürəkkəb xarakter alır. Tərəflər arasındakı fikir ayrılıqları artıq təkcə Avropaya inteqrasiya məsələsi ilə məhdudlaşmır, qarşılıqlı etimad və siyasi dialoq problemi də ön plana çıxır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Brüsseli dialoq əvəzinə boykot siyasəti yürütməkdə ittiham etməsi münasibətlərdəki gərginliyin yeni müstəviyə keçdiyini göstərir. Bu qarşıdurma Cənubi Qafqazda Avropa İttifaqının gələcək roluna və region ölkələri ilə münasibətlərinin istiqamətinə dair suallar yaradır.

Brüssellə Tiflis arasındakı fikir ayrılıqları Gürcüstanın Avropa perspektivini nə dərəcədə dəyişə bilər və bu vəziyyət regionda siyasi qüvvələr nisbətinə necə təsir göstərəcək?

ORUCOV SON.jpeg (33 KB)

Politoloq Əli Orucov Musavat.com-a deyib ki, Avropa ailəsinə inteqrasiya xətti seçən Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin korlanması 2024-cü ilin oktyabrında keçirilən parlament və bir il sonra baş tutan bələdiyyə seçkilərindən sonra daha da sürətləndi:

"Doğrudur, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Brüsselin davamlı tələblərinə baxmayaraq Tiflisin tətbiq edilən sanksiyalara qoşulmaması, xarici agent haqqında qanunun qəbul edilməsi müəyyən narazılıqlar yaratmışdı. Lakin seçkilərdən sonra ziddiyyətlər dərinləşdi və bir sıra razılaşmlar ləğv edildi, Avropa İttifaqına üzvülüklə bağlı proseslər donduruldu. Hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının yürütdüyü daxili və xarici siyasət hətta Qərblə qarşıdurma həddinə gətirib çıxardı və həmin hakimiyyət rusiyameyilli elan olundu. Partiyanın qucusu və faktiki idarəçisi, rusiyalı iş adamı Bidzina İvanaşiviliyə qarşı sanksiya da tətbiq edildi. Tiflis atdığı addımları Gürcüstanın maraqları baxımından izah edir, Qərb isə bunu Moskvanın oyunu adlandırır. Təbii ki, hadisələrin qarşılıqlı ittihamlar fonunda davamı Gürsüstanın Avropa ittifaqına üzvlük perspektivini dalana dirəyir. Gürcüstan 2020-ci il 44 günlük Azərbaycanın zəfərinədək xüsusi önəm daşıyırdı. İşğalçı Ermənistanın blokadaya salınması və qlobal layihələrdən kənarda qalması Tiflis üçün böyük avantaj idi və bundan da yararlandı. Qərbin enerji təhlükəsizliyi və şaxələndirilməsi üçün vacib əhəmiyyət daşıyan bir çox enerji layihələri, boru xətləri Gürcüstan üzərindən gerçəkləşdi. Bu Tiflisin həm böyük həcmdə maliyyə vəsaiti qazanmasına, həm də təhlükıəsizliyinə təminatını artırdı. Ancaq tarixi qələbədən sonra yeni reallıqların yaranması və imkanların genişlənməsi fərqli mənzərə yaradıb. Gürcüstanın Moskvadan asılığını artırıb. Təsadüfi deyil ki, özünü qərbyönümlü elan edən Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi hər il artan dinamika ilə inkişaf edir. Təkcə 2026-cı ilin ilk rübü yanvar-mart dövründə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artaraq 737,9 milyon ABŞ dollar olub. İki ölkə arasında ticarət dövriyyəsi 2,7 milyard dollar olub və 2024-cü ilə görə müqayisədə 6,3% artıb. Bu onu göstərir ki, hazırkı Gürcüstan hökuməti Rusiya ilə əlaqələrə daha çox üstünlük verir və Qərblə inteqrasiyaya həvəsli deyil. Qərbi də qıcıqlandıran məhz bu amildir. Hesab edirəm ki, "Gürcü Arzusu" partiyası haqkimiyyətdə qalana qədər Tiflis Qərblə əvvəlki münasibətlərini bərpa edə bilməyəcək və etməyəcək də. Lakin bu heç də o demək deyil ki, Avropa Tiflisdən əl çəkəcək və onun xarici siyasətinə dözümlü yanaşacaq. Çünki bayaq da vurğuladığımız kimi, bir sıra boru və nəqliyyat xətləri Gürcüstan üzərindən keçir, Qaradənizə çıxış strateji əhəmiyyətə malikdir. Digər tərəfdən Cənubi Qafqazda möhkəmlənmək və Rusiya təsirini azaltmaq üçün Gürcüstan da kənarda saxlanılmamalıdır. Ona görə də hesab edirəm ki, Gürcüstan-Aİ münasibətləri hələ gərgin və ziddiyyətli olaraq qalacaq və basqılar da davam edəcək, Qərb öz maraqlarına və məqsədlərinə çatmayanadək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR