İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikada ilk quldar qaradərili olubmuş- Köləlik tarixinin paradoksları

Köləlik tarixdə yalnız insanların azadlığının əlindən alınması və məcburi əməyə cəlb olunması ilə məhdudlaşmayıb. Bu sistem əsrlər boyu hüquqi, iqtisadi, siyasi və dini mexanizmlərlə qorunub. Köləliyin rəsmi şəkildə ləğv edilməsindən sonra belə onun yaratdığı maliyyə və sosial nəticələr uzun illər davam edib. Bunun ən diqqətçəkən nümunələrindən biri Böyük Britaniyanın tarixində yaşanıb. Britaniya 1833-cü ildə öz koloniyalarında köləliyi ləğv edib. Bu qərar uzun illər davam edən abolisionist mübarizənin nəticəsi olub. Lakin köləliyin ləğvinin arxasında başqa bir maliyyə hekayəsi də dayanıb.

Britaniya hökuməti kölə sahiblərinə kompensasiya ödəmək üçün 20 milyon funt sterlinq ayırıb. Həmin dövrdə bu məbləğ dövlət üçün olduqca böyük olub. Vəsaitin bir hissəsi borc hesabına maliyyələşdirilib və həmin borcun qalıqları yalnız 2015-ci ildə tam bağlanıb. Beləliklə, köləlik hüquqi baxımdan XIX əsrdə ləğv edilsə də, onunla bağlı yaranmış maliyyə öhdəlikləri XXI əsrə qədər gəlib çıxıb. Burada diqqət çəkən məqam ondan ibarət olub ki, kompensasiya kölə edilmiş insanlara deyil, onları mülkiyyət hesab edən şəxslərə ödənilib.

4b380f1c-478b-4798-8764-8db1f7743a8e.jpeg (146 KB)

Şimali Amerikada köləlik sistemi də birdən-birə yaranmayıb. 1619-cu ildə Afrikadan gətirilən insanların Virciniyaya çatdırılması bu tarixdə mühüm mərhələ hesab olunub. Lakin həmin dövrdə koloniyada müasir mənada irsi və ömürlük köləlik institutu hələ tam formalaşmayıb.

Afrikadan gətirilən bəzi insanlar müqaviləli xidmətçi kimi çalışıb. Onlar müəyyən müddət işlədikdən sonra azadlığa çıxmaq hüququ əldə edib. Bu sistemdə həm afrikalıların, həm də avropalıların müqaviləli işçi kimi çalışdığı məlum olub.

Bu vəziyyət sonrakı illərdə dəyişib. 1655-ci ildə Virciniyada Entoni Consonun yanında çalışan Con Keysor azad edilməli olduğunu bildirərək məhkəməyə müraciət edib. Keysor müqavilə müddətinin başa çatdığını iddia edib. Lakin məhkəmə Consonun lehinə qərar çıxarıb və Keysorun ömürlük xidmət göstərməsini təsdiqləyib.

Bu qərar Şimali Amerikada irqi əsaslı köləlik sisteminin formalaşmasında mühüm hüquqi mərhələlərdən biri olub. Sonrakı onilliklərdə Virciniyada qəbul edilən qanunlarla köləlik daha da möhkəmləndirilib və nəticədə insanların irqi mənsubiyyətinə əsaslanan irsi köləlik sistemi formalaşıb. ABŞ tarixində ilk qanuni quldarlıq ilə məşğul olan insan qaradərili tütünçü Entoni Conson olub. Üstəlik, onun özü də bir vaxtlar kölə olaraq ərəb tacirlərinə satılıb.

5f170b3c-04b5-40e6-9ed9-19be155cd5b4.jpeg (340 KB)

Köləlik yalnız qanunlarla qorunmayıb. XIX əsrdə bəzi həkimlər və elm adamları mövcud sistemə “elmi” əsas verməyə çalışıb. ABŞ-nin cənub ştatlarında fəaliyyət göstərən həkim Samuel Kartvrirayt qaradərili insanların qaçmaq istəyini xəstəlik kimi təqdim edib. O, bu vəziyyəti “drapetomaniya” adlandırıb. Kartvriraytın fikirlərinə görə, kölə sahibindən qaçmaq insanın normal davranışı deyil, psixi pozuntunun əlaməti olub. Hətta o, kölələrin qaçmasının qarşısını almaq üçün fiziki cəza tətbiq edilməsini tövsiyə edib. Bu yanaşmalar həmin dövrdə irqçiliyin və köləliyin bəzi dairələr tərəfindən necə “elmi” terminlərlə əsaslandırılmağa çalışıldığını göstərib. Sonrakı dövrlərdə bu nəzəriyyələrin elmi əsası olmadığı tam şəkildə ortaya çıxıb.

Köləliyin qorunmasında dini arqumentlərdən də istifadə olunub. 1807-ci ildə Londonda Vest-Hind adalarında yaşayan afrikalı kölələr üçün Bibliyanın seçilmiş hissələrindən ibarət xüsusi nəşr hazırlanıb. “Slave Bible” kimi tanınan bu kitabda köləliyə qarşı müqavimət və azadlıq ideyasını gücləndirə biləcək çoxsaylı hissələr çıxarılıb. Əvəzində itaət və tabeçilik mövzusunda olan parçalar saxlanılıb. Beləliklə, maraqlı dairələr dini mətnin müəyyən hissələrinin seçilib təqdim olunması yolu ilə köləlik sisteminə uyğun dini təsəvvür formalaşdırılmağa çalışıblar.

e19956c7-23d1-4fbd-a642-f52c74ebfeab.jpeg (117 KB)

Köləliyin hüquqi baxımdan ləğv edilməsi onun yaratdığı bütün problemləri aradan qaldırmayıb. ABŞ-də köləlik 1865-ci ildə konstitusiyanın 13-cü düzəlişi ilə ləğv edilib. Lakin düzəlişdə cinayətə görə məhkum edilən şəxslərin məcburi əməyə cəlb olunmasına imkan verən istisna saxlanılıb.

Bu müddəadan sonrakı illərdə ABŞ-nin cənub ştatlarında istifadə olunub. Xüsusilə qaradərili insanların müxtəlif ittihamlarla həbs edilməsi və daha sonra onların əməyinin özəl şirkətlərə icarəyə verilməsi geniş yayılıb. “Convict leasing” adlanan bu sistemdə məhbuslar mədənlərdə, fermalarda, dəmir yollarında və digər ağır işlərdə çalışdırılıb. Beləliklə, köləlik hüquqi baxımdan ləğv edilsə də, məcburi əmək mexanizmlərinin bəzi formaları uzun müddət mövcudluğunu qoruyub.

Bu tarix göstərib ki, bir hüquqi sistemin ləğvi onun bütün iqtisadi və sosial nəticələrinin dərhal aradan qalxması demək deyil. Köləlik rəsmən başa çatdıqdan sonra belə onun yaratdığı sərvət bölgüsü, sosial bərabərsizlik və məcburi əmək kimi problemlər uzun müddət davam edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR