İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi yenə GÜNDƏMDƏ

TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi təklifi yenidən gündəmə gəlib. Səhiyyə sistemində iki ayrı idarəetmə modelinin vətəndaşlar, tibb müəssisələri və tibbi təhsil baxımından müəyyən çətinliklər yaratdığı bildirilir. Bu fonda səhiyyə sahəsində idarəetmənin vahid qurumda cəmləşdirilməsi təklif olunur.

Bəs TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi səhiyyə sistemində hansı dəyişikliklərə səbəb ola bilər? Vahid idarəetmə modeli vətəndaşların tibbi xidmətə çıxışını və sistemin səmərəliliyini artıra bilərmi?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bəli, TƏBİB Səhiyyə Nazirliyindən ayrıldıqdan sonra bu məsələ davamlı şəkildə müzakirə olunur və səhiyyənin ümumiyyətlə vahid bir sistemdə birləşməsinə ehtiyac olduğu zaman-zaman səsləndirilir. Bugünkü durumda vətəndaşların da bununla bağlı gündəlik yaşadıqları müəyyən çətinliklər var.
Konkret olaraq, gündəlik həyatda hansı səhiyyə ocağına müraciət etmək lazımdır, hansı qurumun səlahiyyəti harada başlayır və harada bitir – bu məsələlərdə bəzən müəyyən anlaşılmazlıqlar yaranır. Məsələn, hansısa sənədləşmə ilə bağlı TƏBİB strukturlarına müraciət olunur, oradan Səhiyyə Nazirliyinin strukturlarına, yaxud əksinə, Səhiyyə Nazirliyindən TƏBİB-ə yönləndirilir. Sığorta ilə bağlı da bəzən müəyyən anlaşılmazlıqlar yaşanır. Bütün bunları aradan qaldırmaq üçün, əslində, vahid struktura ehtiyac var".

Həkimə görə, vahid struktur ümumilikdə ona görə lazımdır ki, vahid strategiyanın bir qurum tərəfindən müəyyənləşdirilməsi vacibdir: "Bu, qərarların çevik qəbul olunmasına da imkan yaradır. Eyni zamanda, burada qərar verən qurumun səlahiyyətləri və məsuliyyəti baxımından da optimallıq yaranır. Çünki vahid mərkəzdən idarəetmə zamanı həm çeviklik, həm əlçatanlıq artır, nəzarət daha effektiv həyata keçirilə bilir. Lazım gəldikdə müəyyən dəyişikliklərin və addımların atılması da daha çevik şəkildə mümkün olur.
Bundan əlavə, kadr siyasəti baxımından da vahid sistemdən idarəetmə zamanı daha optimal kadr siyasəti yürütmək olar və müəyyən ixtisarların da həyata keçirilməsi mümkündür. Çünki iki rəhbər qurumun olması çox sayda səhiyyə məmurunun saxlanılmasına dövlət tərəfindən ehtiyac yaradır. Digər inzibati xərclərin də artmasına səbəb olur. Bu baxımdan səhiyyənin vahid bir qurumda birləşdirilməsi vacibdir".

Sığorta məsələsinə gəlincə, Zülfüqar Yusifov hesab edir ki, sığortanın ayrıca fəaliyyət göstərməsi daha doğru olar:"Ümumiyyətlə, dünyada əksər sistemlərdə belədir ki, sığorta tibbi xidmət üçün ödəniş edir və həmin ödənişin düzgün xərclənməsinə nəzarət edir. Özü ödəniş etdiyindən diaqnostik və müalicəvi prosedurların doğrudan da təyinatına uyğun, düzgün şəkildə, israf olunmadan və vətəndaşın xeyrinə istifadə olunmasına nəzarət edir. Bu baxımdan sığortanın səhiyyə ilə eyni qurumda birləşdirilməsi, belə deyək, çox doğru addım sayılmaz. Amma səhiyyə strukturlarının vahid sistemdə olması lazımdır.

Bu, eyni zamanda, tibbi təhsil baxımından da olduqca vacibdir. Bu gün səhiyyə strukturlarına tabe olan institutların böyük bir qismində sığorta keçərli deyil, bir qismində pasiyent bazası yetərli deyil və əksər böyük xəstəxanalar TƏBİB-in nəzarətindədir. Səhiyyəyə baxan struktur isə burada Tibb Universitetidir, deyək ki, Təkmilləşdirmə İnstitutudur. Burada təhsil alan tələbələrin, rezidentlərin öz praktikalarını artırmaları üçün mütləq həmin strukturların nəzdində olan bazalarda işləmələri və çalışmaları lazımdır.
Bu da eyni mərkəzdən idarə olunmadıqda, təbii ki, müxtəlif sıxıntılar yaradır. Həm təhsil prosesində, həm qeyd etdiyimiz kimi, vətəndaşların müayinə və müalicə prosesində çətinliklər ortaya çıxır.
Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, səhiyyə strategiyasının ümumiyyətlə ardıcıl şəkildə həyata keçirilməsi və səmərəliliyin artırılması üçün belə bir vahid idarəetmə sisteminin yaranmasına mütləq ehtiyac var”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR