İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqda həbs olunan azərbaycanlıların işi: vəkillər apellyasiya şikayəti hazırlayır

Rusiyanın Yekaterinburq şəhərində yerli məhkəmənin barələrində hökm çıxardığı azərbaycanlıların, o cümlədən Səfərovların vəkilləri apellyasiya şikayəti verəcəklər.

Bu barədə Musavat.com-a açıqlamasında məhkəmənin 10 il azadlıqdan məhrum etdiyi Bakir Səfərovun qardaşı, tanınmış ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli məlumat verib.

Qeyd edək ki, martın 5-də Yekaterinburqda rayon məhkəməsinin qərarı ilə Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski 22 il, Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Şücayəddin Rəcəbov 14, Bakir Səfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, Şahin Şıxlinski cəzasının ilk dörd ilini həbsxanada keçirəcək, daha sonra isə ciddi rejimli cəza koloniyasına köçürüləcək. Bundan əlavə, zərərçəkənlərə ümumilikdə 600 min rubl ödəməsi, həmçinin Şıxlinskinin əmlakının – dörd avtomobil, iki yaşayış sahəsi və külli miqdarda nağd pulun müsadirə olunması qərara alınıb.

Seyfəddin Hüseynlinin sözlərinə görə, həm qardaşı Bakir Səfərov, həm də digər həbs olunanlarla vəkillər vasitəsilə əlaqə saxlamaq mümkün olsa da, bu proses heç də asan deyil:

“Vəkillər vasitəsilə müəyyən qədər əlaqə imkanı var. Lakin müxtəlif səbəblərdən məlumat almaq, telefon əlaqəsi saxlamaq çox çətinləşdirilib və yalnız məhdud informasiya əldə edə bilirik. Saxlanma şəraiti nisbətən qənaətbəxşdir. Çıxarılan hökmün ədalətsiz olduğunu düşünürük. Həm hüquqi, həm də insani baxımdan bütün normalar pozulub”.

S.Hüseynli bildirib ki, artıq vəkillər tərəfindən müvafiq hüquqi addımlar atılır və apellyasiya instansiyasına müraciət edilməsi üçün sənədlər hazırlanır. Onun bildirdiyinə görə, cinayət işi üzrə nə istintaq mərhələsində, nə məhkəmə prosesində, nə də ittiham tərəfinin çıxışlarında konkret olaraq 62 yaşlı ziyalı və pedaqoq Bakir Səfərov barəsində dəlil-sübut ortaya qoyulub:

“Əslində belə dəlilin olması da mümkün deyil, biz buna tam əminik. Çünki olmayan və baş verməsi mümkünsüz əməlin dəlil-sübutu da ola bilməz. İş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin ifadələri də ittihamları inkar edir. Əksinə, onların çıxışlarında da, yazılı ifadələrində də onun təqsirsizliyi barədə qətiyyətli ifadələr var. Lakin məhkəmə qərəzli, tam ədalətsiz mövqe göstərərək bunları nəzərə almayıb. Hətta andlı iclasçıların də rəyinə mənfi təsir göstərilib. Bu və digər məqamlar açıq-aydın göstərir ki, istintaq əsassız materiallar təqdim edib və məhkəmə ədaləsiz, qanunazidd hökm çıxarıb. Yəni həbs olunan soydaşlarımıza qarşı yerli məhkəmənin ədalətsiz və qərəzli münasibəti danılmazdır”.

Onun sözlərinə görə, hətta zərərçəkmiş şəxslər belə günahsız bir insanın ağır cəzalandırılmasını qəbul etmir və bundan narahatlıq ifadə edirlər:

“Bu məsələ artıq təkcə ayrı-ayrı şəxslərlə bağlı deyil. Başqa bir millətə mənsubluğa görə, başqa ölkəylə vətəndaşlıq, soydaşlıq bağı olması səbəbindən insanlara qarşı belə münasibət qəbuledilməzdir”.

Seyfəddin Hüseynli əlavə edib ki, hazırda hüquqi prosedurlar davam etsə də, bu, təxminən formal xarakter daşıyır. Həbsdə olan həmin soydaşlarımız da, onların doğmaları da uca Allaha və Azərbaycan dövlətinə, Azərbaycan-Rusiya münasibətlərindəki son günlər müşahidə olunan yaxınlaşmanın müsbət nəticə verəcəyinə daha çox ümid bağlayırlar:

“Dövlətimizin gücünə, Azərbaycan rəhbərliyinin öz vətəndaşlarına və soydaşlarımıza daim göstərdiyi diqqət və qayğıya ürəkdən ümidvarıq”.

Onun sözlərinə görə, həbsdəki soydaşlarımızla əlaqədar apellyasiya şikayətlərinə nə vaxt baxılacağı və nə ilə nəticələnəcəyi barədə dəqiq fikir söyləmək mümkün deyil:

“Bu, Rusiyanın müvafiq orqanlarının sözügedən məsələyə münasibətdə necə davranacağından asılıdır”.

Xatırladaq ki, Seyfəddin Hüseynlinin iki qardaşı – Hüseyn və Ziyəddin Səfərovlar ötən il iyunun 27-dəki “Yekaterinburq hadisələri” zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri 2025-ci ilin yayında azərbaycanlıları saxlayıb. Səfərov qardaşları (Ayaz, Bəkir, Məzahir, Kamal və Akif), eləcə də Şücayəddin Rəcəbov və Şahin Şıxlinski məhkəməyəqədər həbs qətimkan tədbiri ilə saxlanılıb və iki epizod üzrə ittiham olunublar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR