İnsanlara hürriyət, millətlərə istiqlal!

Arıqlama çayları içənlərə XƏBƏRDARLIQ - Dietoloq deyir ki...

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb. AQTA-dan bildirilib ki, baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib.

"Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.

Aptekdən ot alıb “arıqlama çayı” adı ilə satırdılar – AQTA müdaxilə etdi

Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları (“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyən edilib.

Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib.

AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir", - məlumatda qeyd olunub.
Ümumiyyətlə, arıqlama çayı adı ilə reklamlara çox rast gəlinir. Bunun faydasını deyənlər də var. Ancaq həmin çayların keyfiyyətinə, təhlükəliliyinə diqqət yetirilməsi vacibdir.

Bu mənada, arıqlama çaylarına inanmaq olarmı? Onlar arıqlamağa kömək edirmi, yoxsa fəsadları ola bilər?

Dietoloq-həkim Ləman Süleymanova Musavat.com-a deyib ki, uzun illərdir bu yalançı, dırnaqarası həkimlərlə, dietoloqlarla, onların insanlara saxta yollarla təklif etdikləri arıqladıcı dərmanlar, zəhərli preparatlar, kokteyllər, çaylar, kofelər və digər məhsullarla – belə demək mümkündürsə, bu “mafiya” ilə mübarizə aparır: “Həm müsahibələrimdə, həm də pasiyentlərimlə söhbətlərimdə bu məsələyə toxunuram. Təəssüf ki, illər keçdikcə bu problem daha da böyüyür. Statistik araşdırmalara nəzər salanda da bunu görmək mümkündür. 2023-cü ildən 2026-cı ilə qədər – sosial şəbəkələrdə saxta həkimlərin, saxta dietoloqların, arıqladıcı preparat və müxtəlif “möcüzəvi” çaylar, kofelər satan şəxslərin fəaliyyəti xeyli artıb".

Sadə və doğru yanaşma sağlam həyatın açarıdır"

Mütəxəssis bildirib ki, bu cür şəxslər əsasən sosial şəbəkələrdə fəaliyyət göstərirlər və problemin kökü də böyük ölçüdə buradan qaynaqlanır: “Məsələn, müxtəlif dərman və məhsul şirkətləri sosial şəbəkələrdə heç bir yerdə çalışmayan insanları öz şəbəkələrinə cəlb edir, onlara müəyyən satış planları təklif edirlər. Deyirlər ki, beş, on, on beş nəfər cəlb etsəniz, yeni “qollar” yaratsanız və müəyyən sayda məhsul satsanız, bu qədər gəlir əldə edəcəksiniz. İnsanlar da buna şirniklənirlər. Təsəvvür edin, heç bir yerdə işləmir, tibbi təhsili yoxdur, amma sosial şəbəkədə özünə “dietoloq” adı ilə profil yaradır. Sonra insanlara ucuz “pəhriz marafonları” təklif edir. İnsanlar da bu cür vədlərə aldanırlar. Çünki sosial şəbəkələrdə simvolik görünüşə, cəlbedici təqdimata, şişirdilmiş vədlərə çox inanırlar. Məsələn, yazırlar: “Bir həftəyə 10 kiloqram arıqlayın”, “Pəhriz marafonumuza qoşulun”. İnsanlar da həmin marafonlara qoşulurlar. Halbuki həmin şəxsin heç bir tibbi savadı, dietologiya üzrə biliyi və müvafiq peşə hazırlığı yoxdur. Özündən pəhriz proqramı hazırlayır və sosial şəbəkə üzərindən insanları aldadır”.

Ləman Süleymanova qeyd edib ki, bəzi şəxslər insanlarda etimad yaratmaq üçün hətta özlərinə saxta klinik görüntüsü də yaradırlar: "Bu yaxınlarda bir pasiyentim mənə müraciət etmişdi. Dedi ki, əvvəllər sosial şəbəkə vasitəsilə belə bir “dietoloqa” müraciət edib. Hətta bu şəxslər bəzən fəaliyyətlərini o qədər genişləndirirlər ki, özlərinə saxta xalat, ofis və müəyyən bir “klinik” görüntü yaradırlar. İnsanları da həmin yerə dəvət edib guya müayinə aparır, sonra müxtəlif dərmanlar və kokteyllər təklif edirlər. Həmin pasiyent də belə bir yerdən müxtəlif məhsullar alıb istifadə etmişdi. Nəticədə onda ciddi mədə-bağırsaq problemləri yaranmışdı. Cəmi iki-üç kiloqram arıqlamışdı, amma sonradan əksinə, daha çox çəki almışdı”.

Dietoloq-həkim sosial şəbəkələrdə “möcüzəvi arıqlama çayı” və “arıqladıcı kofe” adı ilə satılan məhsullara da diqqət çəkib: "Sosial şəbəkələrdə “möcüzəvi arıqlama çayı”, “arıqladıcı kofe” və bu kimi adlarla satılan məhsulların böyük hissəsinin elmi əsasları yoxdur. İnsanlara elə təqdim edilir ki, guya həmin məhsulu qəbul etməklə qısa müddətdə ciddi çəki itirmək mümkündür. Əslində isə tərəzidə görünən ilk azalma heç də həmişə piy toxumasının azalması demək deyil. Bəzi belə məhsulların tərkibində güclü işlədici və sidikqovucu təsir göstərən maddələr ola bilər. Nəticədə orqanizm su itirir, bağırsaqlar süni şəkildə boşalır və insan tərəzidə çəkisinin azaldığını görür. Bu isə sağlam arıqlama deyil. İnsan orqanizmi su itirdikdə tərəzidə müvəqqəti azalma görünə bilər. Lakin bu, piyin əriməsi demək deyil. Əksinə, nəzarətsiz və uzunmüddətli istifadə orqanizmin su-elektrolit balansını poza, halsızlıq, əzələ zəifliyi və digər problemlərə səbəb ola bilər. Bağırsaqların normal fəaliyyətinə də mənfi təsir göstərə bilər. Təsəvvür edin, müxtəlif ucuz bitkiləri və qarışıqları bir yerə yığır, sonra özlərindən qutu hazırlayır, üzərinə etiket yapışdırır və insanlara “arıqladıcı çay” adı ilə satırlar. Bu, çox ciddi və biabırçı vəziyyətdir. Bütün bunlar araşdırılmalı və qanun pozuntusu olduğu halda həmin şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR