Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 2026-cı ilin ilk 6 ayında ölkədə 40 798 doğuş qeydə alınıb. Eyni zamanda, ilin ilk 8 ayında uşağın anadan olmasına görə 56 980 nəfərə proaktiv qaydada birdəfəlik müavinət təyin edilib.
Digər diqqətçəkən məqam isə doğulan uşaqlar arasında cins nisbətidir. İlk 8 ayda müavinət 26 675 qız və 30 305 oğlan uşağına görə ödənilib. Yəni hər 100 qıza təxminən 114 oğlan düşür. Bu fərq Azərbaycanda oğlan uşağına üstünlük verilməsi, qız uşaqlarına münasibət və selektiv abortlar problemini yenidən gündəmə gətirir.
Bəs Azərbaycan cəmiyyətində oğlan uşağına üstünlük hələ də niyə bu qədər güclüdür? İqtisadi və sosial dəyişikliklər bu ənənəvi yanaşmanı niyə tam aradan qaldıra bilməyib? Oğlanların sayının qızlardan bu qədər çox olması gələcəkdə hansı sosial və demoqrafik problemlərə yol aça bilər? Ən əsası isə Azərbaycan həqiqətən də demoqrafik böhranla üz-üzədir, yoxsa vəziyyəti düzəltmək üçün hələ kifayət qədər imkan var?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, bu, yeni hal deyil, Azərbaycanda uzun illər kişi mərkəzli, ənənəvi və mühafizəkar cəmiyyət modeli mövcud olub:
"Belə cəmiyyətlərdə oğlan uşaqlarına üstünlük verilməsi geniş yayılmış sosial davranışdır. Bunun əsas səbəbi ailənin, nəslin və mülkün gələcək məsuliyyətinin daha çox oğlan övladın üzərinə qoyulması ilə bağlıdır.
Ənənəvi düşüncədə oğlan ailənin əsas varisi və təminatçısı hesab olunub. Onun yalnız ailənin maddi vəziyyətinə deyil, təhlükəsizliyinə, valideynlərinə və bacılarına görə də məsuliyyət daşıdığı düşünülüb. Bu yanaşma həm tarixi-sosial ənənələrdən, həm də dini və mədəni təsəvvürlərdən qaynaqlanır. Məsələn, İslam hüququnda miras bölgüsü ilə bağlı oğlan və qız övlad arasında fərqli yanaşma mövcuddur. Bütün bunlar zamanla cəmiyyətin şüurunda oğlan övladın daha üstün tutulması kimi bir stereotip formalaşdırıb".
Sosioloq qeyd edib ki, bu məsələni yalnız gender yanaşması ilə izah etmək də düzgün olmaz. Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə doğum səviyyəsi aşağı düşür və bu, ölkənin demoqrafik dinamikasına ciddi təsir göstərir:
"Son illərdə doğulan uşaqların sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Məsələn, 2022-ci ildə Azərbaycanda 122 mindən çox doğuş qeydə alınmışdısa, 2023-cü ildə bu göstərici təxminən 112 minə düşüb. Yəni cəmi bir il ərzində doğuşların sayında təxminən 10 min azalma baş verib. Bu tendensiya sonrakı illərdə də davam edib və ölkədə təbii artımın zəiflədiyini göstərir.
Doğum səviyyəsinin azalmasının nəticələri təkcə əhalinin sayına təsir etməklə məhdudlaşmır. Bu proses təhsil sistemindən əmək bazarına qədər bir çox sahədə özünü göstərə bilər. Məsələn, şagird sayının azalması gələcəkdə məktəblərdə siniflərin və müəllim ehtiyacının azalmasına səbəb ola bilər. Müvafiq dövlət sənədlərində də demoqrafik artım tempinin aşağı düşməsinin uzunmüddətli nəticələrinə diqqət çəkilir.
Digər mühüm məqam isə abortların sayıdır. Azərbaycanda hər il on minlərlə abort qeydə alınır və bu da doğum səviyyəsinə təsir edən amillərdən biridir. Bununla yanaşı, selektiv abortlar, yəni uşağın cinsinə görə hamiləliyin dayandırılması ayrıca ciddi problemdir".
Üzeyir Şəfiyev vurğulayıb ki, Azərbaycan bəzi illərdə doğuş zamanı cins nisbətinin pozulmasına görə dünyada ən yüksək göstəricilərə malik ölkələr sırasında yer alıb:
"Selektiv abortların əsas səbəblərindən biri cəmiyyətdə hələ də yaşayan ənənəvi stereotiplərdir. Azərbaycan cəmiyyətində tarixən “oğlan düşmən çəpəridir”, “qız yükü” kimi ifadələr və təsəvvürlər mövcud olub. Bu cür yanaşmalar qız övladını daha zəif, oğlan övladını isə ailənin dayağı kimi təqdim edib. Nəticədə oğlan uşağına verilən sosial dəyər qız uşağından daha yüksək qiymətləndirilib.
Əslində isə burada söhbət təkcə kişilərin yanaşmasından getmir. Bəzən oğlan uşağına üstünlük verənlər qadınların özləri, xüsusilə də nənələr və analar olur. Bu da onu göstərir ki, problem fərdlərdən daha çox cəmiyyətin kollektiv düşüncəsi, arxetipləri və stereotipləri ilə bağlıdır. “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” kimi folklor nümunələri də bu yanaşmanın cəmiyyətin yaddaşında nə qədər dərin kök saldığını göstərir.
Bununla belə, selektiv abortların demoqrafik nəticələrini qiymətləndirərkən yaş qrupları arasındakı fərqi də nəzərə almaq lazımdır. Doğuş zamanı və gənc yaşlarda oğlanların sayı qızlardan daha çox olur. Lakin yaş artdıqca bu fərq tədricən azalır. Kişilərin ölüm hallarının, o cümlədən yol-nəqliyyat hadisələri, müxtəlif qəzalar və digər səbəblərlə həyatını itirməsinin daha yüksək olması da yaşlı əhali arasında qadınların sayının üstünlük təşkil etməsinə gətirib çıxarır. Beləliklə, müəyyən yaşdan sonra qadınların ümumi əhali içərisində xüsusi çəkisi artır".
Bu baxımdan sosioloq hesab edir ki, hazırkı vəziyyəti dərhal ciddi demoqrafik təhlükə kimi qiymətləndirmək düzgün deyil:
"Lakin selektiv abortların davam etməsi gələcəkdə gender balansına təsir göstərə bilər. Ona görə də bu problemin qarşısının alınması üçün indidən sistemli maarifləndirmə aparılmalıdır.
Əsas məqsəd cəmiyyətə uşağın qız və ya oğlan olmasından daha vacib olan məqamın onun sağlam, tərbiyəli, savadlı və yaxşı vətəndaş kimi böyüməsi olduğunu aşılamaqdır. Uşağın cinsiyyəti onun ailəyə verəcəyi dəyərin göstəricisi deyil. Elə qız övladları var ki, valideynlərinə oğuldan daha böyük dayaq olurlar. Eyni zamanda, oğlan övladının olması da avtomatik olaraq ailənin gələcəkdə təhlükəsiz və təminatlı olacağı anlamına gəlmir.
Bu düşüncənin dəyişdirilməsi üçün maarifləndirmə işlərinə məktəb yaşlarından başlanmalıdır. Orta məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə və media məkanında gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş layihələr həyata keçirilməlidir. Sosial çarxlar, televiziya proqramları və digər media məhsulları vasitəsilə qız və oğlan övladının ailə üçün eyni dəyərə malik olduğu göstərilməlidir.
Burada xüsusilə ailənin və qadınların rolunu da nəzərə almaq lazımdır. Çünki oğlan uşağına üstünlük verilməsi yalnız kişilərin yaratdığı bir problem deyil. Bu düşüncə nəsildən-nəslə ötürülən sosial stereotipdir. Ona görə də stereotiplərin dəyişdirilməsi də bütövlükdə cəmiyyətin maarifləndirilməsindən keçir".
Xalidə Gəray
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ