İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Putin görüşünə az qaldı: Böyük anlaşma gəlir?

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında ehtimal olunan görüş məsələsi yenidən gündəmə gəlib. Kremldən deyilib ki, liderlər noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində görüşə bilər. Tramp isə bildirib ki, Putinlə görüşü müharibənin sona yaxınlaşdığı və sülh sazişinin bağlanmasının mümkün olduğu mərhələdə keçirmək istəyir. Əgər Tramp-Putin görüşü baş tutarsa, masada yalnız Ukrayna müharibəsinin dayandırılması deyil, Rusiyanın Qərblə münasibətləri, sanksiyalar, təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı Avropa təhlükəsizlik sistemi kimi fundamental məsələlərin də olması gözlənilir.

Bəs Trampın Putinlə görüş üçün irəli sürdüyü şərt Moskvanı güzəştə getməyə məcbur edə bilərmi?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, bu görüşün baş tutması simvolik diplomatik təqvimdən daha çox konkret nəticələrə bağlıdır. “Vaşinqton danışıqlar masasına şəkil çəkdirmək üçün deyil, müharibənin sona yaxınlaşdığı və sülh sazişinin bağlanmasının mümkün olduğu halda oturmaq niyyətindədir. Moskva hərbi əməliyyatların dayandırılması istiqamətində real addımlar atmayacağı təqdirdə sammitin keçirilməsi formal xarakter daşıyacaq. Kremlin öz sərt və maksimalist tələblərindən, yəni Ukraynanın neytrallığı, NATO-dan imtinası və işğal olunmuş ərazilərin tanınmasından tamamilə vaz keçməsi real görünmür. Rusiya rəhbərliyi müharibəni strateji məğlubiyyət kimi görünəcək bir şərtlə bitirmək istəmir. Ancaq iqtisadi sanksiyaların yaratdığı təzyiq, neft gəlirlərinin azalması riskləri və hərbi xərclərin ağır yükü Moskvanı taktiki kompromislərə getməyə məcbur edə bilər”,_ S.Məmməd deyib.

Səxavət Məmməd: “Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərilsə də,  ruslar buna imkan yaratmayıblar” | KONKRET

Onun sözlərinə görə, Rusiya ana prinsiplərindən imtina etməsə də, cəbhə xəttinin mövcud vəziyyətdə dondurulması, tərəflər arasında bufer zonaların yaradılması və ya beynəlxalq təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi kimi texniki məsələlərdə güzəştə gedə bilər: “Ancaq hazırkı reallıq onu deməyə əsas verir ki, Rusiya nə atəşkəsə, nə də münaqişəni dondurmağa gedəcək”.

Hərbi ekspertin fikrincə, Vaşinqtonun Moskvaya qarşı bir neçə effektiv təsir mexanizmi var: “Qlobal neft qiymətlərinin salınması Rusiyanın əsas gəlir mənbəyinə birbaşa zərbə vurmaq gücündədir. Digər tərəfdən, müharibənin bitmədiyi təqdirdə Kiyevə hərbi yardımların kəskin artırılması ehtimalı və sanksiyaların daha da sərtləşdirilməsi də Moskvanı geri addım atmağa məcbur edə biləcək əsas rıçaqlardır”.

Bununla yanaşı, ekspertə görə, ABŞ-nin körfəzdə ilişib qalması, bundan əlavə, Rusiyanın sanksiyalar altında yaşamağı öyrənməsi, bunun nə qədər real olub-olmamasını sual altında qoyur: “Noyabr sammitinin bir anın içində tam sülh sazişi ilə nəticələnməsi ehtimalı aşağı olsa da, bu görüş aktiv hərbi əməliyyatlar fazasının başa çatması və münaqişənin dondurulmuş diplomatik bazarlıq mərhələsinə keçməsi üçün zəmin yarada bilər”.

Ekspert hesab edir ki, Tramp ABŞ-da noyabrda keçiriləcək seçkiləri nəzərə almağa məcburdur: “Fərqindədir ki, əgər ya körfəzdə, ya da Rusiya-Ukrayna müharibəsində uğur əldə etməsə, uduza bilər. Ona görə Putini razı salmağa çalışacaq. Ancaq Rusiyanın strateji maraqlarından geri addım atacağı inandırıcı deyil”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR