İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sərhəd xəritələrini təklif edir-Paşinyanı gözləyirlər...

Rusiya prezidenti Bişkek səfərinin yekunları ilə bağlı mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü haqda danışarkən “biz dialoqu sakit mühitdə aparmaq barədə razılığa gəldik. Onu Moskvaya dəvət etdim ki, onun mütəxəssisləri və hökumət mütəxəssislərimizlə rahat oturub hər bir məqamı müzakirə edək ”deyib.
Dövlət başçısının sözlərindən belə anlaşılıb ki, bir sıra digər məsələlərlə yanaşı sərhədlərin delimitasiyası da Moskva görüşündə müzakirə olunmaq üçün açıqdır. “Heç bir sərhəd razılaşması yoxdur - heç vaxt olmayıb və indi də yoxdur. Azərbaycan sərhədin bu hissədən keçdiyinə inanır, Ermənistan isə həmin hissədən keçdiyinə inanır. Razılaşma haradadır? Heç nə yoxdur. Bəs bu münasibətləri necə qurmalıyıq? Həqiqi ekspert qiymətləndirməsi tələb edən bir çox məsələ var. Razılaşdığımız kimi, baş nazirin Moskvaya gələcəyini gözləyirəm və bütün bunları müzakirə edəcəyik”.
Qeyd edək ki, son günlər ermənilər sovet dövrünün inzibati sərhədləri və xəritələri məsələsində Rusiya arxivləri və xüsusilə də keçmiş SSRİ-nin hərbi xəritə materialları mühüm mənbə sayıldığını iddia edirlər. Vaxtilə Putin də Ermənistan-Azərbaycan sərhədinin sovet dövründə necə keçdiyini göstərən ən dəqiq xəritələrin Rusiya Baş Qərargahında olduğunu bəyan edib. Son bəyanatlar Moskvanın əlindəki mühüm arxiv materiallarının əsas götürülməsi cəhdi ortadadır. Amma bu birtərəfli qaydada həll edilə bilməz.
Yada salaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin təxminən 13 kilometrlik hissəsi tam delimitasiya və demarkasiya olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi hesabatlarına əsasən, iki ölkə arasındakı ikitərəfli danışıqlar nəticəsində dövlət sərhədinin 13 kilometrə qədər olan hissəsi (Qazax rayonunun 4 kəndi istiqamətində) delimitasiya edilib və sərhəd dirəkləri quraşdırılıb. Azərbaycan ilə Ermənistan arasındakı şərti dövlət sərhədinin ümumi uzunluğu 1000 kilometrdən çoxdur. 

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çox zəngin və əhəmiyyətli oldu

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.com-a bildirdi ki, Rusiya hər vasitə ilə Ermənistanı təzyiq altında saxlamağa və öz təsir dairəsindən çıxmasına imkan verməməyə çalışır: “Hətta Bişkekdə keçirilən dövlət başçılarının görüşünün də kifayət qədər gərgin atmosferdə keçdiyini müşahidə etmək çətin deyildi. Görüşdən sonra Paşinyanın Moskvaya dəvət olunması və bir sıra məsələlərə məhz orada aydınlıq gətirilməsinin planlaşdırılması barədə məlumatların yayılması da diqqət çəkdi. Rusiya hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlə bağlı əsas xəritə və arxiv materialları Moskvadadır və delimitasiya prosesi onların iştirakı ilə aparılmalıdır. Lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Paşinyan mümkün qədər Rusiyadan uzaqlaşmağa çalışır, lakin tam şəkildə uzaqlaşa da bilmir. Bunun əsas səbəblərindən biri Ermənistanın iqtisadi baxımdan Rusiyadan müəyyən dərəcədə asılı olmasıdır. Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası iki dövlətin birbaşa danışıqları əsasında, heç bir kənar qüvvənin müdaxiləsi olmadan həyata keçirilməlidir. 1991-ci ildən ötən 33 ilin təcrübəsi göstərir ki, Rusiyanın proseslərə müdaxiləsi heç də həmişə problemlərin həllinə xidmət etməyib. Əksinə, bir çox hallarda məsələlərin daha da mürəkkəbləşməsinə və həlli uzun illər davam edən, sonu görünməyən prosesə çevrilməsinə səbəb olub. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və kommunikasiyaların açılması üçün kənar qüvvələrin iştirakına ehtiyac yoxdur. Hazırda iki ölkə arasında birbaşa təmaslar və müxtəlif səviyyələrdə əlaqələr formalaşıb. Bu, fikir ayrılığı yaradan məsələlərin də birbaşa danışıqlar yolu ilə həll edilməsinə imkan verir".

Deputata görə, məhz belə bir yanaşma regionda uzunmüddətli sülh və əməkdaşlığın formalaşmasını daha da sürətləndirə bilər: "Azərbaycan və Ermənistan öz aralarında razılığa gəldikcə, regionda kənar güclərin təsir imkanları da azalacaq. Paşinyanın da bu reallıqları artıq müəyyən qədər dərk etdiyi görünür. Onun Bişkekdə Putinlə görüşə gedərkən yaxasında Ermənistanın hazırkı, yəni real sərhədlərini əks etdirən xəritənin təsvirini daşıması müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu addımı Ermənistanın əvvəlki ərazi iddialarından uzaqlaşması və mövcud reallıqları qəbul etməsi istiqamətində verilmiş mesaj kimi başa düşmək mümkündür. Əgər bu, həqiqətən də Ermənistanın yeni siyasi yanaşmasının göstəricisidirsə, o zaman köhnə ərazi iddialarının yenidən gündəmə gətirilməməsi və iki ölkənin mövcud sərhədlər və reallıqlar əsasında münasibətlər qurması regionda davamlı sülhün əldə olunmasına mühüm töhfə verə bilər”.
Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR