Onlayn ictimai-siyasi qəzet
Ermənistan ətrafında gedən geopolitik proseslər son vaxtlar yalnız Kreml və rəsmi İrəvan arasındakı münasibətlərin deyil, ümumiyyətlə, bütövlükdə Cənubi Qafqazdakı güc balansının yenidən formalaşmaqda olduğunu göstərir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) və digər yüksək səviyyəli rus rəsmilərin son açıqlamaları isə Kremlin Ermənistanla bağlı mövqeyinin əsas geopolitik xəttini ortaya qoyur. Yəni, Kreml “tarixi, mədəni və təhlükəsizlik əlaqələri”ni əsas arqument kimi təqdim edərək, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma kursunu geostrateji risk kimi qabardır.
Onu da qeyd etmək lazımdır ki, SVR-in son bəyanatında vurğulanan “əsrlərlə formalaşmış Rusiya-Ermənistan əlaqələri” tezisi əslində, Kremlin yeni reallıqlara paralel olaraq, tez-tez istifadə etdiyi əsas siyasi mesajlardan biridir. Rusiya siyasidairələrində hesab edirlər ki, iki xalq arasında mövcud olmuş tarixi, dini və mədəni bağlar indiki siyasi qərarlardan daha dərin təmələ malikdir. Və bu münasibətlər heç bir halda, hansısa xarici təsirlər ucbatından qətiyyən dəyişdirilə bilməz.

Ancaq rəsmi İrəvanın son illərdəki xarici siyasət kursu Kremlin bu yanaşma tərzi ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Paşinyan hakimiyyəti Rusiyadan asılılığı azaltmaq, Avropa Birliyi və ABŞ ilə münasibətləri inkişaf etdirmək siyasi kursunu Ermənistanın prioritet hədəflərinin “diversifikasiya” olunması kimi arqumetləşdirməyə çalışır. Və Kreml isə bunu Ermənistanın tədricən Rusiyanın təsir dairəsindən çıxmaq cəhdləri kimi qəbul edir.
Təbii ki, bu baxımdan, Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqunun Paşinyan hakimiyyətini Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü davam etdirməsi ilə bağlı referendum keçirməkdən yayınmaqda suçlaması da böyük maraq doğurur. Belə ki, Kremldə hesab edirlər ki, əgər, bu məsələ ilə bağlı referendum keçirilərsə, Ermənistan cəmiyyətinin real mövqeyi Paşinyan hakimiyyəti üçün olduqca ciddi siyasi risklər yarada bilər. Rusiyanın mövqeyinə görə, Aİİ üzvlüyündən kənarlaşma Ermənistan üçün iqtisadi-ticari sahədə neqativ nəticələr vəd edir. Ona görə də, hazırda xüsusilə də, enerji qiymətlərinin artırılması, ticarət əlaqələrinin və Ermənistanın Rusiya bazarına çıxış imkanlarının bloklanması Kremlin rəsmi İrəvana qarşı istifadə etdiyi əsas təsir və təzyiq alətləri sırasında ön planda yer alır.
Bütün bunlarla yanaşı, Ermənistanın Qərbə yaxınlaşmasına paralel olaraq, Cənubi Qafqazda yeni və perspektivli regional layihələr də ortaya çıxmağa başlayıb. Belə ki, Ağ Ev tərəfindən dəstəklənən və ABŞ-ın da iştirak edəcəyi TRIPP layihəsinin əsas hədəfləri, məhz Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi təqdim olunur. Hər halda, ABŞ-ın dövlət katibi Marko Rubionun bu layihəni “Azərbaycan və Ermənistan üçün yeni iqtisadi-ticari imkanlar yaradan marşrut” kimi qiymətləndirməsi, Ağ Evin Cənubi Qafqazdakı rolunu artırmaq cəhdlərini də biruzə verir. Və bu proses Rusiyanın regiondakı ənənəvi dominant mövqeyinə alternativ mexanizmlər yaratmaq məqsədi daşıyır.

Maraqlıdır ki, Cənubi Qafqazdakı bu geopolitik dəyişikliklərin tam mərkəzində isə məhz Qarabağ probleminin artıq həll edilmiş olması dayanır. Belə ki, baş nazir Nikol Paşinyanın “Qarabağ münaqişəsindən imtina etməyi dövlət qarşısında ən böyük xidmətim hesab edirəm” məzmunlu açıqlaması Ermənistan cəmiyyətində ciddi siyasi ziddiyyətlərə səbəb olan mövqe kimi dəyərləndirilir. Erməni baş nazir hesab edir ki, uzunmüddətli Qarabağ münaqişəsi Ermənistanı Cənubi Qafqazda regional təcrid vəziyyətində saxlayaraq, ölkənin dövlət maraqlarına ciddi zərbələr vurub.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan hesab edir ki, Azərbaycanla müharibə riskinin azalması və iki ölkə arasındakı sərhəddə uzun müddətdən bəri itkilərin olmaması Ermənistan üçün yeni inkişaf mərhələsinin “qapı”sını açır. Ancaq Ermənistanın Rusiyaya bağlı müxalif siyasi düşərgəsi və radikal-revanşist qüvvələr erməni baş nazirin bu yanaşmasını milli maraqlardan geri çəkilmə kursu kimi təqdim edirlər. Halbuki, əslində isə İkinci Qarabağ savaşının sona çatmasından sonra yaranan yeni geopolitik reallıqlar Cənubi Qafqazın siyasi xəritəsini ciddi şəkildə dəyişib. Çünki Azərbaycan hərbi və siyasi-diplomatik üstünlüyünü daha da gücləndirib. Və Ermənistan isə əvvəlki təhlükəsizlik modelinin artıq işləmədiyini qəbul etmək məcburiyyətində qalıb.

Bütün bunlar həm də onu göstərir ki, Kreml və rəsmi İrəvan arasındakı mövcud qarşıdurma yalnız Rusiya-Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş geopolitik mübarizədə böyük önəm daşıyan regional prosesin tərkib hissəsidir. Belə ki, Rusiya bütün imkanlarını işə salaraq, regionda öz təsir mexanizmlərini qoruyub, saclamağa çalışır. Ancaq ABŞ və Qərb isə Ermənistan üzərindən Cənubi Qafqazda yeni regional nəqliyyat-kommunikasiya, eləcə də, təhlükəsizlik arxitekturası qurmağa cəhd göstərir.
Ona görə də, hazırda Ermənistanın qarşısında “tarixi müttəfiqlik modeli”ni qoruyaraq, Rusiya ilə münasibətləri əvvəlki şərtlər çərçivəsində davam etdirmək, yoxsa, Qərbə yaxınlaşma prosesini yeni geostrateji istiqamətə çevirmək variantları arasında prinsipial seçim məcburiyyəti dayanır. Bu seçimin nəticələri isə yalnız Ermənistanın ölkədaxili siyasətinə deyil, həm də Azərbaycan, Türkiyə, Rusiya, İran və Qərbin maraqlarının kəskin toqquşduğu regionun - Cənubi Qafqazın gələcək geopolitik balansına birbaşa təsir göstərə bilər. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanın hansı geopolitik istiqamət üzrə strateji seçim edəcəyi böyük maraq doğurur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ