İnsanlara hürriyət, millətlərə istiqlal!

Kommunal əlilin arzuları

Kommunal ödənişlərdə sabit tarif tətbiqi, deyəsən, ciddiləşmək üzrədir. Dünən bu istiqamətdə rəsmi rəqəm də açıqlandı. Deyir, ayda 1 manatdan çox olmayacaq. İşıq, qaz pulu ödəyəndə hər ay əlavə 1 manat verməli olacağıq. Hətta evdə yaşamasaq belə. Bir növ, evdəki xəyalət və cinlərin, damdabaca və poltergeystlərin əvəzinə ödəyəcəyik.

İlk baxışdan çox görünmür. Ancaq hökumət üçün babat məbləğ alınır. Məsələn, qaz abunəçilərinin sayı 2 milyon 500 minə yaxındır. Deməli, ayda 2 milyon 500 mini qatlayıb qoyursan cibişdana. İlin on iki ayına vursaq, ildə 30 milyon manat. Min bərəkət. Qaz idarəsinin hər il dövlətə borclu qaldığı 100 milyon manatdan çox vəsaitin bir hissəsini xalqın hesabına “bağlamaqdan” gözəl nə ola bilər?

Qazdan bir qədər çox da elektrik abunəçilərinin sayıdır. 30-40 milyon da buradan yığsan, vəziyyət o qədər sevindirici olar ki, lap şadlıq sarayı açmaq olar.

Bu idarələrə bizim canımız qurban. Sabitliyin sabit tarifi çoxdan olmalı idi. Mənim yadımdadır, biz uşaq olanda Vyetnama yardım edirdik. Məktəbdə marka satırdılar, 15-20 qəpik verirdik. Düzdür, həmin gün “məməli kökə” almaq perspektivi təbii şəkildə yox olurdu, ancaq qəlbimiz sakitləşirdi, bilirdik ki, bizim verdiyimiz qəpiklərlə Xo Şi Min müəllim amerikan imperialistlərinin burnunu ovur. İndinin özündə Vyetnam mazı görəndə nostaljidən ağlayıram. Hərçənd dünən məlumat verildi ki, hökumət tapşırıb, daha ağlamaq yasaqdır. Olduqca əla qərardır. İran ağlayanda başa düşmək olar, biz niyə, hansı günümüzə ağlamalıyıq? Şad günümüzdür. Şair demişkən, bəzənib başdan-başa, şəhərləri, kəndləri, cənnət görmək istəyən Azərbaycana gəlir.

Yaxşı olar indiki məktəblər və məktəblilər də sabit tarif sisteminə cəlb edilsin. Hökumət o boyda məktəblər tikir. Lakin bəzi uşaqlar dərsdən qaçır. Əgər hər valideyn ayda 1 manat məktəbə versə, məsuliyyət və təhsilə sabit maraq artacaqdır. Dərsə gəlmirsən, cəhənnəmə gəl. Manatı ver, rədd ol.

Yaxud bəzi şairlər var, AYB-nin üzvüdür, təqaüd alır, maşın, ev alır, ancaq hökuməti tərənnüm edən poemalar yazmır. Təklif edirəm hər bir şairdən şeir yazdı-yazmadı, dəxli yoxdur, ayda 1 manat məcburi tutulsun. AYB-ni saxlamaq müftə deyil ki. Təkcə Anar müəllimin qəlyanını doldurmağa ildə neçə ton tütün israf edilir.

O cümlədən həkimlər, polislər, prokurorlar, jurnalistlər üçün aylıq 1 manat sabit tarifi qoyulsun. Yoxsa qəzet var, jurnalist isə heç nə yazmır, hökumət xərcə düşür. Hamımızdan 1 manat yığmaqla mətbuat sahəsində böyük dönüş yaranar. Zarafat deyil, 525 dənə qəzet çıxır.

Ancaq etiraf edim, mən kommunalın sabit tarifini bəlkə də ödəməyəcəyəm. Çünki sabitqədəm insan deyiləm, nə gizlədim, hərdəmxəyalam. Hətta bir az da anarxizmə meylliyəm, dövlətin həyatımızda rolunun mümkün qədər azalmasını arzulayanlardanam. Yaxşı olar mənim kimiləri kommunal əlil sayılsın, güzəştli kateqoriyaya salınsın və sabit tarifi ödəməkdən azad olunaq. Ümidvaram Milli Məclis bunu nəzərə alacaqdır. 

Bayaq bəzəkli şəhərlərimiz haqda şeirdən sitat verdim, sonda Şəki şəhərini 2713 illiyi münasibətilə təbrik edirəm. Bu münasibətlə Şəkidə bayram tədbirləri keçirilmişdir. Gəncənin 2300, Salyanın 2800, Kürdəmirin 7000 illiyi kimi yuvarlaq ad günlərinin yanında şəkililərin qabağa getdiyini, şəhəri tikdikləri vaxtı lap dəqiq xatırlamaqlarını alqışlayıram. Hətta gününə qədər bilirlər, iyunun 7-si imiş.

Bax, bu, əsl sabit yaddaşdır. Hər şəkilidən 1 manat yığmalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2026

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026