İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sən götür, mən qaytaracağam" yalanının qurbanları artır — Mesajların skrinşotu qalıbsa...

Azərbaycanda yaxın qohum, dost və ya tanışın xahişi ilə öz adına kredit götürən şəxslərin sonradan ciddi hüquqi və maliyyə problemləri ilə üzləşməsi halları az deyil. Əksər hallarda tərəflər arasında qarşılıqlı etimada əsaslanan razılaşma əldə olunur və krediti faktiki istifadə edən şəxs aylıq ödənişləri öz üzərinə götürəcəyini bildirir. Lakin müəyyən müddətdən sonra ödənişlərin dayandırılması, borcun qaytarılmaması və məsuliyyətin kredit müqaviləsində adı olan şəxsin üzərində qalması mübahisələrə səbəb olur.

Belə vəziyyətlərdə vətəndaşlarda tez-tez sual yaranır ki, kreditdən faktiki olaraq başqa şəxs istifadə edib və ödənişləri də əvvəlcə o həyata keçiribsə, sonradan yaranan borca görə hüquqi məsuliyyət kimə aid olur? Tərəflər arasında aparılmış yazışmalar, səs mesajları, pul köçürmələri və digər sübutlar məhkəmədə nə dərəcədə nəzərə alınır?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bir şəxsin digərinin xahişi ilə öz adına kredit götürməsi və əldə edilən vəsaitin faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunması hallarında əsas hüquqi məsuliyyət bank qarşısında krediti rəsmiləşdirən şəxsin üzərində qalır:

“Bankla bağlanmış kredit müqaviləsinin tərəfi həmin şəxs olduğundan, kredit öhdəliyinin icrasına görə ilk növbədə o cavabdeh hesab edilir. Lakin bu hal kredit vəsaitindən istifadə edən şəxsin məsuliyyətdən azad olunması demək deyil. Əgər tərəflər arasında kredit vəsaitinin digər şəxs tərəfindən istifadə ediləcəyi və aylıq ödənişlərin onun tərəfindən həyata keçiriləcəyi barədə razılaşma mövcud olubsa, həmin razılaşmanı təsdiq edən yazışmalar, bank köçürmələri, səs yazıları, şahid ifadələri və digər sübutlar hüquqi əhəmiyyət daşıya bilər. Belə vəziyyətdə zərərçəkən şəxs ilk növbədə kredit vəsaitindən istifadə edən şəxsə qarşı mülki qaydada iddia qaldıraraq ödədiyi məbləğlərin, faizlərin və dəymiş zərərin əvəzinin tutulmasını tələb edə bilər. Məhkəmə tərəflər arasındakı faktiki münasibətləri və təqdim olunmuş sübutları qiymətləndirərək məsuliyyət məsələsini həll edir. Polisə müraciət edilməsi də mümkündür. Lakin hüquq-mühafizə orqanları ilk növbədə hadisədə cinayət tərkibinin olub-olmadığını araşdıracaqlar. Əgər müəyyən edilərsə ki, kredit vəsaitini alan şəxs əvvəlcədən aldatma niyyəti ilə hərəkət edib, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti olmadan krediti əldə edib və qarşı tərəfə maddi zərər vurub, həmin əməldə dələduzluq əlamətləri məsələsi araşdırıla bilər”.

O bildirib ki, öhdəliyin sadəcə yerinə yetirilməməsi hər zaman cinayət məsuliyyəti yaratmır:

“Bir çox hallarda belə mübahisələr mülki-hüquqi xarakterli hesab edilir və məhkəmə qaydasında həll olunur. Buna görə də polisə müraciət edilməsi zərərçəkənin hüququ olsa da, məsələnin cinayət işi kimi qiymətləndirilməsi təqdim olunan sübutlardan və konkret hallardan asılıdır. Yazışmalar, elektron mesajlar, pul köçürmələrinə dair sənədlər, kredit vəsaitinin faktiki olaraq kim tərəfindən istifadə edildiyini göstərən məlumatlar və digər sübutlar həm mülki, həm də mümkün cinayət-prosessual araşdırmada mühüm sübut kimi qiymətləndirilə bilər. Praktiki baxımdan belə işlərdə ən vacib məsələ həmin şəxsin krediti özünün istifadə etdiyini və ödəmə öhdəliyini üzərinə götürdüyünü sübut etməkdir. Əgər yazışmalarda "krediti mən istifadə etmişəm", "ödənişləri mən edəcəyəm", "borcu qaytaracağam" kimi açıq ifadələr varsa, bu, zərərçəkən şəxsin mövqeyini xeyli gücləndirir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR