İnsanlara hürriyət, millətlərə istiqlal!

Tualetsiz kitabxanalar

Ola bilər ki, sayın deputat Səyyad müəllimi növbəti həftələrdə, hətta daha tezləşdirib günlər ərzində Ramiz Mehdiyevlə əlaqələndirib ev dustağı eləsinlər. Yəqin ağsaqqal olduğu üçün, yaşına hörmət qoyaraq birbaşa tutmazlar.

Bizdə YAP üzvlərinə bu məsələdə hörmət vardır. Yeganə hörmətsizlik Əli İnsanova edilmişdi, dərhal həbsxanaya atılmışdı, ancaq onun işi bir az başqa xarakterdə idi. Çünki Əli müəllimin villalarından çoxlu qızıl külçələr tapılmışdı. Ta həmin qızılın yanında ev dustağı etmək alınmırdı. Əvvəlcə qızılı KAMAZ-a yığıb daşımaq lazım gəlmişdi, o müddətdə də Əli müəllim yatıb-çıxdı, hətta təzədən YAP-a girməyə uspet elədi. (Uspet qədim sözümüzdür, ruslar əkişdirmişdi, indi ana dilimizə qaytarıram – dövlət proqramına uyğun olaraq).

Həqiqətən, Səyyad müəllim bəzən Milli Məclisdə elə kəskin tənqidi çıxışlar edir ki, mat-məəttəl qalırıq. Bizdən də qabaq MM rəhbərliyi mat qalır. Rəhmətlik Cəlal müəllimin cəbhəçi Əliməmməd müəllimə dediyi sözlər yada düşür: “Almısan mandatı, sakit otur yerində”. Sözgəlişi, Əliməmməd müəllimə həmin müraciətlərin çox mütərəqqi təsiri oldu, vaxtında Əli Kərimlinin yanından qopub haqqın yoluna gəldi. İndi, maşallah, dayanmadan konstitusiyamızı araşdırır, o cümlədən, respublikadakı bütün nazirliklərdə ictimai şuraların üzvüdür. Hətta arada Türkiyə, İran və Rusiyadan xahiş-minnət eləyirlər, deyirlər Əliməmməd müəllim gəlsin bizim də nazirliklərə ictimai nəzarət eləsin, lakin biz icazə vermirik, özümüzə lazımdır. 

Nəsə, biz də vaxtında qayıdaq mövzumuza, yoxsa Səyyad müəllimin günləri faktiki sayılı vəziyyətdədir. Hələ görün son iclaslardan birində nə qədər kəskin tənqidi məsələ qaldırmışdır: hansısa kitabxanalarda sanitar qovşaq yox imiş, işçilər məcburən orda-burda, kolluqda, divar dibində təbii ehtiyaclarını ödəyirmiş. Deyir neçə ildir mədəniyyət nazirinə yazıram, ancaq orda tualet tikmirlər. Hətta işçilər Səyyad müəllimi görəndə ironiya edirmişlər, “noooldu, yoldaş yapçı deputat, bəs bizə tualet düzəldirdin” deyirmişlər.

Burada bir haşiyə çıxaraq ölkəmizdə tualet mədəniyyətinin əbədi problemlərdən biri olduğunu mütləq qeyd etməliyəm. Sovetin vaxtından belədir. Millət tualetə “ayaqyolu”, “mədəniyyət evi” deyib, ancaq təəssüf ki, mədəni yanaşılmayıb. Mən kənd uşağıyam, yadımdadır ki, bizim kəndin eşşək boyda kino klubu, kitabxanası, poçtu, canım sənə desin, istirahət parkı var idi, lakin nə axmaq Sovet hökumətinin, nə də elə kənd camaatının ağlına gəlmirdi orada hansısa ictimai tualet düzəltsinlər. Tərslikdən kitabxana parkın ən qalın yerində, gözdən uzaq hissədə idi. Nəticədə kitabxanamızın ətrafı iyrənc mənzərələrlə dolu olardı - əhali irili-xırdalı təbii ehtiyaclarını həmin ərazidə “ifa edərdi”. Mən uşaq ikən çox kitab aşiqi idim, həftədə yalan olmasın, azı 2-3 dəfə kitab götürməyə gedirdim, ayaqqabılarım bulaşmasın deyə əziyyət çəkirdim. İndi də bu fikirdəyəm ki, təbii ehtiyacları ilə kitabxanasının ətrafını “minalayan” millət uğursuz millətdir. Vurun məni öldürün, əgər məsləhətdirsə.

O səbəbdən, Səyyad Aranın tualetsiz kitabxana problemini yana-yana qaldırmasını çox yaxşı anlayıram. Bəlkə də bizim mədəniyyət məmurları kitab oxuyanların və kitabxanaçıların yalnız mənəvi qida ilə yaşadığını, nəticədə tualetə ehtiyacı olmadığını zənn edirlər. Örnək üçün, yenə biz balaca olanda müəllimlərin çörək yemədiyini düşünürdük. İndiki uşaqlar müəllimin evində hazırlaşır, bozbaş qazanının qoxusu altında kursa gedirlər, belə məsum uydurmalar və fantaziyaların əsiri deyillər.  

Camaat bütün dünyada tualetdə kitab oxuyur, bizdə kitabxananın tualeti yoxdur. Mütaliə azlığının səbəbini çözdük. Ümid edək sayın Səyyad müəllimin mübarizəsi partiyasının da diqqətini çəkər. 800 min üzvü olan partiyadır, hərəsi 80 qəpik atışsa təzə sanuzelli kitabxana tikmək olar. Ya da yaponlara müraciət eləyək, Beyləqan məktəbləri üçün tikdikləri tualetlərdən birini də İmişli kitabxanaçıları üçün qayırsınlar. Yoxsa Səyyad müəllim kiriyənə bənzəmir.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyul 2026

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026