İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktok İmtahan Mərkəzi

Mənə elə gəlir bizim Dövlət İmtahan Mərkəzinin (DİM) suallarını Tiktok fenomenləri hazırlayır. Məsələn, Baboş. Ya da o bərdəli, atasını söyərək xalqımızın sevimlisinə çevrilən atsifət uşaq.

Niyə bu qənaətə gəlmişəm? Uşaqlara imtahanda verilən suallara görə. Yox, sualların məzmun və mənasını indi analiz eləməyə nə vaxtım, nə həvəsim var. Ümumiyyətlə, bu işi ekspertlərin ixtiyarına buraxaq, lakin maraqlıdır ki, hazırda bizim dişə dəyən təhsil ekspertimiz də qalmayıb. Yəni, qəzetlərə danışan. Biri ölüb, biri deputat olub “itirilib”, birini də ayaqqabıda imtahana qurğu keçirmək ittihamıyla tutub basıblar. Vəziyyət beləcə, acınacaqlıdır. Mən suallara ayrılan vaxta görə bu qənaətə gəlmişəm ki, bunu hazırlayanlar Tiktok zəhmətkeşləridir. İzah edim.

Buraxılış imtahanı Azərbaycan dili, Xarici dil və Riyaziyyat üzrə keçirilir. Bu 3 fənn üçün uşaqlara 3 saat vaxt ayrılır, 85 sual verilir. İndi balaca riyazi hesablama aparaq. 3 saat 180 dəqiqə edir. 180 dəqiqəni 85 sual arasında bölsək, hər suala 2 dəqiqə 11 saniyə düşür.

Buyurun. Bu qədər sürətlə kim imtahan verə bilər? Ancaq robotlar. Ya da Tiktokda qısa video qayıranlar. Deməli, bizi parlaq gələcək gözləyir. Kim gülməşəkər universitetlərimizə girsə qısa və bambılı süjetli video istehsalına töhfə verəcəkdir. Yaxud mənə elə gəlir “buraxılış imtahanı” sözündəki “buraxmaq” sözünü sayın idarəçilərimiz məcazi anlamda, “başını burax, düzələn deyil”, ya da “bizə buraxma kadrlar lazımdır” mənasında başa düşmüşlər.

Orda elə mətnlər var ki, oxumağa ancaq 5 dəqiqədən çox vaxt gedir. Bəzi suallarda (xüsusilə ana dilinə aid) səndən nə istədiklərini başa düşmək üçün, yalan olmasın, 10 dəqiqə fikirləşməyə məcbursan.

Əlbəttə, mən hökumətimizlə xalqımızın arasına girmək istəmirəm, ora girən zatən iylənib çıxır. Çün, həmin məkan ətlə dırnağın arası kimidir (Təklif edirəm qarşıdan gələn imtahanlarda “Ət və dırnaq arasında məsafəni tapın” sualı qoyulsun. Onsuz riyaziyyatdan bəzi suallar “Məmmədin 2, Həsənin 3 alması varsa, Fatmanın yaylığı hansı rəngdədir” tipində olur). Əgər belə məsləhətdirsə, inşallah, imtahanlar həmişə belə olsun, hökumət də özünə lazım olan kadrları əldə eləsin. Düşünə bilən kadr adətən problem çıxarır, bizə 2 dəqiqəyə qərar verən, əldən iti, yel kimi kadrlar lazımdır.

Sözgəlişi, bu sürət amili yaxın qonşumuz İranda hazırda aktualdır. Orda 500-dən çox camaatı “İsrail casusu” adıyla tutublar, saqqallı mollalar isə tələmtələsik qərar verməyi, bu şəxsləri krandan asmağı arzu edir. Yəqin belə də olacaqdır. Sonra camaat meyitxana və kranlar arasında dolaşıb əzizlərinin cəsədini axtaracaqdır, necə ki, Tramp İrana cummamışdan qabaq orda vəziyyət elə idi. Əlbəttə, bizim “ağapərəstlər və iransevərlər” həmin kadrları görməzdən gəldilər. Xamaneinin ödlürdüyü 3 min nəfər Trampın vurduğu məktəbdəki 150 nəfərdən çox çıxıbdır.

Bu da belə “riyaziyyatdır”, nə edəsən. Molla Nəsrəddin demişkən, “düşüb sayanda doqquz olur, minib sayanda səkkiz”. Şərqdə 1400 ildir bu riyazi sistem keçir, baxmayaraq hind rəqəmlərini Avropaya elə bu camaat alıb ötürmüşdü. Görünür ötürəndə özlərinə nəsə saxlamaq ağıllarına gəlməyib.

Nəsə, çox dərinə getməyək, yazını isə DİM-in saytından bir cümlə ilə bitirmək istəyirəm: “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması VAXT TƏLƏB ETDİYİNDƏN (fərqləndirmə mənimdir – Z.H.) nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur”.

Nə qədər gözəldir, deyilmi? Uşağa 2 dəqiqə vaxt verirsən, özün isə qarnını açıb uzanırsan İran “Ceyran” peçinin yanında, mütəkkəyə dirsəklənirsən, paxlavadan-şəkərburadan dişləyə-dişləyə, qozdan-fındıqdan gövşəyə-gövşəyə qara camaatın balalarını 7 həftə ərzində qiymətləndirirsən.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026