İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədsiz hesabat

“Biz hamımız çirkab arxında durmuşuq, ancaq bəziləri ulduzlara baxır” (Oskar Uayld)

Sayın baş nazirimiz Əli müəllim Milli Məclisdə hesabat verərkən demişdir: “Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir”.

Doğrusu, burada konkret hansı hadisələrin nəzərdə tutulduğu məlum olmur. Çünki idarə sərhədlərin bağlı qalmağını həmişə yalnız 1 konkret səbəblə izah edir – koronavirus pandemiyasının davamı. Yox, əgər ABŞ-İsrail-İran savaşına istinadən söyləyibsə, burada bir az qəribə mənzərə yaranır, çünki heç müharibə aparan dövlətin özünün quru sərhədi bağlı deyil.

Ancaq əlbəttə, yanlış anlaşılmasın, mən sərhədlərin açılmasını tələb edən səydəşlər kateqoriyasına qətiyyən daxil deyiləm. İlk növbədə harasa gedib-gəlmək planlarım yoxdur. Hara gedəcəyəm ki? İran məlum, Ermənistan məlum, Rusiyaya gedənləri tutub müharibəyə basırlar, qalır bircə Gürcüstan, orda da uzağı gedib xəngəl, acaruli yeyib qayıtmaq olar, həmin xəngəli də istəsən Bakıda “Faxralı” şəbəkəsində yeyərsən. Başqa nə var maraqlı?

Ona görə də uca millətimiz sərhədlərin açılmağını tələb edəndə bunu anlamıram. Sanki sərhədin o biri üzündə Paris şəhəri, Baden-Baden, nə bilim, Mayami çimərlikləri vardır.

Digər yandan, sərhəd əgər yaradılıbsa, elə bağlı qalmaq üçün yaradılıb. Məntiq belə deyir. Çexovun məşhur tüfəng aforizmindəki kimi: “İlk səhnədə divardan asılan tüfəng son səhnədə mütləq atəş açmalıdır”. Yəni, sənətkar deyir gərək əsərdə hansısa boş, yersiz detal olmasın. Bizim də sərhədimiz varsa, həmişə açıq olacaqsa, onu niyə çəkmişik? (Bu elmi əsaslandırmaya görə hesab edirəm ki, sayın baş nazir hesabatı verəndən sonra mənim şəxsi hesabıma yatırım etməyə borcludur).

Əslində yaxşı olar ki, təkcə quru sərhəd yox, hava və su sərhədi də bağlansın. Çünki birdən görürsən hansısa azmış dron gəlir. Bir azdan hava qızacaq, Hindistandan, Çindən nə qədər quş virus gətirəcək, asqırmaq-öskürmək başlayacaq. Quş qripi bitməyib ki? Dənizdən narkotik daşıyırlar. Balıq tutmağa gedənlər batır. Və sairə.

Sözümün canı odur ki, proseslər təkcə quru-quru maraqlı getmir, yaş da lazımdır. Prinsipcə biz özümüz özümüzə bəs eləyirik. Elə baş nazirin hesabatından məlum olur ki, namxuda, hər şeyimiz vardır, üstəlik, bu hər şey hər il artır. ÜDM, maaşlar, ət-yağ, kökə, pendir, soğan, kürü, mürəbbə, dana ayağı, piti üçün qoyun quyruğu, xəngəl xamırı, başıxamırlı zoğal arağı və başqa gözəl nemətlərin istehsalı dəhşətli, məşhur, qandonduran, şokedici, qalmaqallı, tanınmış şəkildə çoxalır.

Səy qəzetçilərin sözü olmasın, “belə olan şəraitdə” quru sərhədi açmaq nəyə lazımdır? İt-qurd gəlib sərvətlərimizi daşısın, acından gəbərək, hə? Bunu istəyirsiniz?! (Müəllif hirsindən bütün sərhədləri aşır, klaviaturanı gəmirir. Birtəhər onu özünə qaytarmışıq – red.).

Hesabatın təqdimatı sayəsində yeni iqtisadi termin öyrəndik, buna görə də minnətdarıq. Deyir keçən il inflyasiya hədəf diapazonunda olub. Nə qədər gözəl ifadədir, hədəf diapazonu... Bəh-bəh. İçində “zon”da var, bunun özü bizi aparılan iqtisadi islahatları dəstəkləməyə sövq edir. Üzən məzənnə, qiymətlərin diferensiallaşdırılması, geyçim, ipəzor kimi sözlərimiz sırasına hədəf diapazonu daxil oldu. Təbrik edirəm.

Ümumiyyətlə, mən də hesab edirəm ki, tək dövlət sərhədləri yox, hər birimizin sərhədlərimizi bağlamaq yaxşı olardı. Yoxsa hamı bir-birinin şəxsi həyatına burun soxur. Məsələn, Biləcəri ilə Xırdalan arasında keçid bağlansa çox yaxşı olardı.

Elə deputatlara da sərhəd qoyulmalıdır. Baş naziri işindən ayırıb hesabat istəmək nəyə lazımdır? Çox sərhədsiz hərəkətdir. Sanki biz Parisdə-zadda yaşayırıq. İnşallah, axırıncı hesabat olsun. Regionda cərəyan edən hadisələr belə tələb edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026

11 Iyun 2026