İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta təsəlli

İki nəfər bığlı-saqqallı cavanı dabaq xəstəliyi üçün saxta vaksin hazırladıqları yerdə yaxalamışdılar. Kamali-ədəblə şüşə flakonlara spirt, kimyəvi boya-filan qarışığı doldurur, bunu heyvandarlara sırıyırmışlar. Fürsətdir axı. Bu dəqiqə dabaq hər yerdə yayılıb, deməli dabaq dərmanından yaxşı pul çıxar. 

Bax, fikir verdinizsə mən bu fəaliyyəti “fürsət” adlandırdım, ancaq normal ölkə və camaatlar arasında belə işlərin adı cinayətdir, dələduzluqdur, şərəfsizlikdir. Biz isə fürsət deyirik. Bacarana baş qurbandır deyirik. Oğrudan oğruya halaldır deyirik.  Səhər yerimizdən qalxanda bu gün kimə ataq, qabağa düşək fikirləşirik. Oğru, quldur, qoçu kultumuz var. 

Ona görə də korona yayılanda saxta korona dərmanları düzəldənlər varlanırdı. İndi dabağın sezonudur. Sabaha Allah kərimdir... 

Korona yazdım, yadıma düşdü, o vaxt bütün dünya vaksin axtaranda bizim Elmlər Akademiyasının başabəla alimcikləri... vaksin qabı düzəltmişdilər. Zarafat eləmirəm. Həqiqətən, bəyan edilmişdi ki, peyvəndi həmin qabda saxlasalar xarab olmayacaq. Amma media imkan vermədi, elmi ixtiranı beşikdə boğduq, AMEA xəbəri təkzib etdi. Təbii, indi 3 milyonu Elton müəllimin boynuna heç prokurorluq da qoya bilmir. Hələ Akademiyanın o vaxtlar yeni növ kartof çipsi istehsal elədiyini də boynuna almayacaq. 

Həmin dabaq dərmanı “ixtira” edən gənclərin əslində bu pis yola düşməyinin dərin səbəbləri var. O səbəblərin başında işsizlik, bekarçılıq, monopoliya, kənd təsərrüfatının və ümumiyyətlə milli iqtisadiyyatımızın yanlış idarəçiliyi dayanır. Əgər həmin gənclərin əlinə çomaq verib vaxtında dana otarmağa göndərsəydilər, indi saxta dabaq dərmanı düzəltməzdilər. Əksinə, bazarda sağlam dana ətimiz olardı, Hindistanda öz əcəliylə rəhmətə getmiş müqəddəs camışların cəmdəyinə möhtac qalmazdıq. 

Kənd təsərrüfatına rəhbərlik edənlər arasında sən demə 1 nəfər də ixtisasca baytar yox imiş. Amma bu yaxınlaracan gömrük komitətimizdə sədrin 5 müavinindən azı üçü baytar idi. Nəyə görə, çün, sədrin həmkəndliləri, qahımları idilər. İndi vəziyyət başqa cürdürmü? Şübhə edirəm. Əks halda hansı məmuru tuturlarsa, niyə vəzifələrdə çoxlu qahım-əqrəbası aşkara çıxır? İcra başçısı tuturlar, qızı məhkəmə hakimi imiş. Buyursun, papanın işinə özü baxsın. Balaca bacısının oğlu isə Maliyyə Nazirliyində müşavirmiş. Deputatlar arasında nəyi var, hələ bilmirik.

O bunun dayısı, bu onun əmisi, filankəsin baldızı, nə bilim, nəyi... Başa düşürük, balaca ölkədir, hamı qahımdır. Yəqin qahım evliliyinə qadağan qoyulduğu kimi, vəzifəyə öz qahımlarını yerləşdirməyə də qadağa qoyulmalıdır. Hərçənd, sanki elə bir qanun vardır. Yoxsa mən səhv edirəm? Yəqin səhv edirəm. Bizdə qanunları pozmaq mümkün deyil. Hətta qanunlar özləri bəzən adamları pozmaq istəyir, xalq etiraz edir! Biz müti insanlar deyilik! Azərbaycan yatmış aslandır!.. (Aslan söhbətinin ardını bilənlər bilməyənlərə danışsın, artıq o afyorizm kif iyi verir).

Baytar general rütbəsi alanda, generallar şabalıd alverinə girişəndə, çoban göydələn tikəndə xiyar əyri bitməlidir, dabaq yayılmalıdır, dabaq dərmanı da saxta çıxmalıdır. Yemək saxta, içmək saxta, dərman saxta, həkim saxta, müəllim saxta, hüquq saxta, vəkil saxta, molla saxta, yazıçı-şair, bəstəkar-rəssam saxta... Saxta olmayan nəsə, kimsə göstərin, ətəyində namaz qılaq. 

Birtərəfli olmasın deyə, axırda öz sahəmizdən misal çəkim. Dünən başlıq gördüm: “Azərbaycanda ilk qadın taksi sürücüləri işə başlayıblar”. Sanki Azərbaycan hansısa Afrika ölkəsiymiş, qadınlara azadlıq təzə verilib və sairə. Bizdə qadınlar hələ it ilindən nəinki taksi, avtobus, tramvay-trolleybus, qatar, təyyarə belə sürüblər. Bunu təzə hadisə, ilk olaraq qələmə verən jurnalist saxtakardır.

P.S. Bir təsəlli var ki, bizim problemlərimiz də saxtadır. Saxta təsəllidir, əbəttə... 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2026

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026