İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolasa qarşı Santa-Klaus əməliyyatı

“Ay həzarat, ay camaat,

       Dağa qar düşdü, qar düşdü.

    Özüm qaldım qürbət eldə,

       Yada yar düşdü, yar düşdü”

(Xəstə Qasım)

Trampın bir neçə saatın içərisində Venesuelaya bacadan girib başqan Nikolas Maduro müəllimi türkün sözü, “Mağduro”ya çevirməsi (Anadoluda bizim zərərçəkən mənasında işlətdiyimiz sözün alternativi mağdur kəlməsidir) planetdə gerçək gücün kim olduğunu göstərir. Məsələn, bir lotu da var, guya 2-3 günə Kiyevi alırdı, 4 ildir Donbas bataqlıqlarında donbalıb eşələnir.

Şübhəsiz, burada dolların gücü də önəmlidir. Axı Tramp “Maduronu tutmağa yardım edən istənilən informasiyanın” dəyərini keçən ay 50 milyon dollara qaldırmışdı. Səddamı 100 dollara satan generalları yada salaq.

Sem dayı ilə zarafat eləmək təhlükəlidir. İndiki uşaqlar bilməz, biz Sovetin vaxtında belə əhvalatları tez-tez müşahidə edərdik. Bir də görürdün amerikalılar Qrenadaya girdilər. Dərhal kommunist propaqanda başlayırdı, dünya imperializmini məktəblərdən zavodlara, kolxozlardan akademiyalara qədər hər yerdə söyürdük. Hərçənd, heç biz bilmirdik Qrenada dünyanın hansı dəlmə-deşiyində yerləşir. Prinsipcə, o çağlar dünya ikiqütblü idi. Amerika Qrenada, Nikaraqua, nə bilim, Kubaya dişini qıcırdanda, SSRİ də Əfqanıstanda, Anqolada, Suriyada, Vyetnamda-zadda at oynadırdı. İndi SSRİ-nin varisliyinə iddia edən Rusiyada bu güc qalmayıb.

Bəs ABŞ Venesuelaya demokratiya gətirəcəkmi? Şübhəsiz. Əfqanıstan və İraqdakı demokratiyadan, inşallah, orda da bərqərar olar. Kimə nə qədər düşürsə, o qədər demokratiya əppəyini alır. Yeltsinin 90-cı illərin əvvəlində elədiyi axmaq zarafat yadıma düşdü. O vaxt Rusiya tərkibindəki etnoslar müstəqillik, azadlıq mübarizəsinə qalxmışdılar, bunlardan çeçenlər, tatarlar, başqırdlar xüsusi seçilirdi və bir mitinqdə Yeltsin bu münasibətlə belə söyləmişdi: “Buyurun, suverenliyi götürün, nə qədər uda, həzm edə bilirsinizsə!” (Yeltsin kəskin formada, ruscadan “nə qədər boğazınızdan keçirsə” anlamı verən “proqlotite” sözünü işlətmişdi). İndi amerikalılar da kim nə qədər uda bilirsə, o qədər demokratiya verir. Əfqanların boğazında qaldı, keçmədi.

Sözgəlişi, bu gün bir yoldaşla bu temada söhbət edərkən “Amerikalılar Maduronu aparıblar, bunu anladım, bəs arvadını niyə götürüblər?” dedi. Mənim yalnız pis-pis gülməyə imkanım çatdı. İnşallah, gələcəkdə MKİ arxivlərindən növbəti “Maduronun övrəti” sənədləri çıxmaz.

O cümlədən, Venesuela əməliyyatı bu il Nobel sülh mükafatının kimə veriləcəyini də indidən qarantiya altına alır. Oslo və Stokholmda oturan akademiya üzvləri, hər halda, dünyadakı prosesləri qiymətləndirməyə, reallıqları anlamağa qadir olar. Hamının arvad-uşağı var, bala saxlayır.

Ən anekdot şərhlər isə, təbii, Rusiyadan gəlməkdədir. Venesuela xalqının azadlıq, suverenlik hüquqlarından, BMT-dən-zaddan dəm vururdular. Açığı, bu artıq gülməli də deyil. Putinin başqa xalqların müstəqilliyindən danışması təxminən şeytanın camaatı namaza çağırmağı kimi bir haldır.

Namaz demişkən, araya Maduro girdi, yoxsa Trampın barmaq silkələdiyi çirkin rejimlər içində başda gələnlərdən biri İrandakı molla rejimidir. Orda vəziyyət gərginləşib, toqquşmalar, atışmalar, küçə etirazları səngimir. Həm qonşumuz, həm soydaşlarımız yaşayan ölkə olaraq İrandakı qarışıqlıq bizi narahat edir. Amma İran molla rejimi insanların şəxsi həyatına burun soxmağa davam etdikcə, azadlıqları buxovladıqca bu problemlər azalmayacaq. İqtisadi azadlıqların, inkişafın bazisində, əsasında siyasi azadlıqlar durur. Neft pulları ilə bəlkə bu repressiv sistemi müəyyən müddət saxlaya bilərsən, amma axırı yoxdur. Mollalar özlərindən qabaqkı Məhəmməd Pəhləvi rejimindən sanki heç bir dərs almayıblar.

Eyni zamanda, İranda xalq etirazlarının genişlənməsinə Anar müəllimin AYB Güney Azərbaycan şöbəsinin sədri Sayman Aruzu işdən çıxarması da səbəb olmuşdur. Gərək biz bu amili gözdən qaçırmayaq. Birinci dünya savaşı da təxminən belə başlamışdı.

Sonda bir qeyd edim, biz gərək hökumətimizin qədrini bilək. Baxın, dünya hansı problemlər üzərində düşünür, biz hansı. Məsələn, mən bu gün çox narahat idim ki, görəsən, Quba yolu qardan açıldımı, "Elit-star Cəmilə" Bakıya dönə bildimi...      

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026