Onlayn ictimai-siyasi qəzet
Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində keçən yüzillikdə Mirzə kişi, onun da Lələş adlı oğlu varmış. Doğrusu, uşağın adı həqiqətən Lələş olub, ya əzizləmə mənasında belə deyiblər - heç bir məlumatım yoxdur. Dəqiqləşdirmək də çətindir. Kəndi müharibə yer üzündən tərtəmiz silib. Ancaq qeyd etdiyimiz əhvalat kəndin gözəl vaxtlarına təsadüf edir. Bir gün Lələş məktəbdən pis qiymətlə evə gəlir. Mirzə kişi tüfəngi alır əlinə, düşür uşağın dalıyca ki, bu saat səni vuracam, nə üçün yaxşı oxumursan. Arvadı qaçır tutur Mirzənin əlindən, deyir, a kişi, neynirsən, uşağı niyə öldürmək istəyirsən, oxumur, cəhənnəmə oxusun, uzağı axırda hökumət işinə qoyarıq. (Axırıncı niyyət, təbii, mənim fantaziyamdır, dialoqun tam və dəqiq versiyası tarixin tozlu arxivlərinə gömülmüşdür. O cümlədən Mirzə kişi və Lələş də sağ-salamatdırmı, bu haqda mənbələrimiz qətiyyətlə susurlar. Sağdırlarsa, məni məhkəməyə versinlər, əhvalatı xalqa çatdırdığım üçün təkzib verim. Son vaxtlar təkzib verməkdən ötrü ölürəm).
Bu məqamda... Sözgəlişi, mən uşaq olanda bizim obada heç vaxt məqam-zad sözü işlətməzdilər, “bu heyndə” deyərdilər. Kökü haradan gəlir, xəbərsizəm, ancaq həmin doğma ifadəni Mirzə Cəlilin “Poçt qutusu”, “Qurbanəli bəy”, “Dəllək” hekayələrində və ümumən yaradıcılığında olduğu kimi oxuyub ləzzət almışam: “Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi "İtqapan" kəndinin əhli Novruzəlidi".
Bəh-bəh. Dil abidəsidir. Bəlkə min il keçəcək, xan, Novruzəli və İtqapan kəndi heykəl kimi yerində duracaq. Bunu yazan elə yazıb, dəyişmək həyatda mümkün deyil.
Qayıdaq Mirzə kişinin əhvalatına. Arvad tutur bunun silahlı əlindən, aktual terminlə yazsaq, atəşkəsə razı salmaq istəyir. Deyir uşağı vurunca gedək müəllimləri vuraq. Təhsil sektoruna cavabdeh şəxsləri aşsüzənə döndərək. Məni vur, oğlum yaşasın və sairə - analar adətən belə təhsil fədaisi və qurbanı olmağa ürəkdən meyllidir. Mirzə kişi isə tez arvadın qulağına pıçıldayır: “Qorxma, məsrəfsiz yerindən vuracam!”
Bax, indi bizim təhsil sferasında həmin “məsrəfsiz yerlər” mövzusu aktualdır. Necə edək ki, təhsilə xərclənən pullar fayda versin, hüquq olmayan vəziyyətdə hüquqşünas ixtisasına keçid balı yüksəlsin, ana dili ləğv edilmiş ölkədə birdən-birə 8 filologiya elmləri doktoru pırtlasın, regionlarda qu deyəndə qulaq tutulsa da regionşünaslıq adlı cəfəngiyyat və absurd bir ixtisasımıza qəbulda müsabiqə çətinləşsin və sairə və ilaxır. Hamısı məsrəfdir. İqtisadiyyat neft-qaz sektorunun belində çapır, lakin sən demə, 1 ildə iqtisadiyyat elmimizdə 47 nəfər elmlər namizədi yetişibmiş. Mirmahmud ağanın 90-cı illərdəki məşhur afyorizmini parafraz eləsək, bu dəqiqə Azərbaycanda Bobikə daş atsan iqtisad üzrə elmlər namizədinə dəyir. Lakin adi pomidoru maya dəyərinə satmaq üçün bazar qurulmayıb. Sarıbala sərhədi bağlayan kimi fermerin ayağı göyə qalxır.
Elə mən özüm də bu cızmaqarada çalışıram məsrəfsiz yerlərdən vurum. Çünki məsrəfli yerlərdən yazmağın cəzası ağırdır. Bu isə hazırda nə sizə lazımdır, nə mənə.
Ancaq hələ də ölkəmizdə həqiqətin gözünə dik baxanlar tapılır, sözünü açıq-aydın deyənlər vardır. Hətta deməklə kifayətlənmir, etiketə yazırlar.
Təzəlikcə bir saxta su firmasını möhürləmişdilər. Oradakı 5-10 litrlik su qabları müsadirə edilmişdi və fotosu verilmişdi. Mən həmin etiketi oxuyanda heyran qaldım. İnsan, firma, iş adamı malın geydirmə olduğunu alıcı bədbəxtə daha necə başa salmalıdır? Buyurun, siz də oxuyun: “Diqqət: Qapaq açıldıqdan sonra qabın daxilində aşkar edilmiş gözlə görünən və gözlə görünməyən hər hansı bir maddə, zərrəcik və s. görə firmamız məsuliyyət daşımır!”
Mükəmməldir. Ən çox da “gözlə görünməyən maddə” hissəsi. Yəni içib ölsəniz nə edə bilərik, biz də zəhər andırı görməmişdik.
Eynilə Molla Nəsrəddinin peyini küpə doldurub, üzərinə yağ qatı çəkib “nehrə yağı” adıyla bazarda satması, yağa barmağını batıran alıcıya da “eşələmə, qoxusu çıxar” deməsi haqda lətifədir.
05 Iyun 2026
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ