Onlayn ictimai-siyasi qəzet
Nyu Yorkda mer seçkiləri olub, müsəlman, mühacir və kommunist - lap “üçü birində” qəhvə reklamı kimi şeydir - Zöhran Mamdani adlı yoldaş qalib gəlib. Özü də başda prezident Tramp olmaqla, az qala bütün amerikalı varlılar Mamdani müəllimin əleyhinə çıxmışdılar. Tramp hətta demişdi ki, əziz nyu yorklular, əgər Mamdaniyə səs versəniz mən gələcəkdə dövlət büdcəsindən sizə məmə verməyəcəyəm. O boyda əks-təbliğatın xeyri olmadı.
Mənə maraqlıdır, görəsən o “gizli teoriyaçılar”, “quyu dibində oturan masonlar” və “dünyanı fırladan yəhudilər” haqda nağılların ifaçıları indi nə fikirləşirlər? Axı onların məntiqi ilə müsəlman, mühacir və kommunist, həmçinin Qəzzaya görə İsraili açıq tənqid edən adam 1 milyondan çox, əksəriyəti də varlı-hallı yəhudinin yaşadığı, liberalizmin dünya paytaxtlarından biri olan nəhəng şəhərdə qalib gələ bilməzdi. Əlbəttə, yenə bir bəhanə tapıb uyduracaqlar, ritorik sual idi.
Mamdaninin mer proqramına gələndə, açığı, bir az mənə Nizami Süleymanovun “məni seçin, hərənizə 2 otaqlı ev verəcəm, subayları evləndirəcəm, biyan kökündən yaxmac da üstündə” səfsəfəsinə bənzəyir, uğursuzluğuna əminəm. Sadəcə, demokratiyanın, liberalizmin avtoritar-totalitar rejimlərdən fərqi həm də bundadır. Xalq seçir, bəzən bu seçim yanlış da ola bilər. Totalitar rejimlərdə isə ümumiyyətlə seçim olmur.
Mamdani müsəlmandır, ancaq hansısa müsəlman dövlətində bu cür, seçki yolu ilə hakimiyyətə gəlib mer ola bilərdimi? Hətta ən demokratiki Türkiyədir, orda belə şübhə edirəm. Seçilsə sabah tutub basarlar içəri (bax: Əkrəm müəllim).
Mamdani kommunistdir, ancaq hansısa kommunist rejimli ölkədə (Kuba, Şimali Koreya, keçmiş SSRİ) seçki varmı, var idimi?
Bunları liberalizmi söyən, guya Qərbin qloballaşma sayəsində böhrana düşdüyünü iddia edən demaqoqlar, solçular və dindarlar üçün yazdım. Liberalizmin alternativi yoxdur, biləsiniz. Azadlıq insanın təbiətindədir, çünki təbiət özü azadlıqdır.
İndi isə “u” dönüşü edərək heç vaxt mer seçməyə ehtiyacı olmayan əziz Bakımıza qayıdaq. Hərdən Nyu Yorkdan-zaddan yazıb gözümüzün qurdunu öldürürük, yola verin.
Ana yurdumuzda ana dilinin qorunması uğrunda hərəkat başlanıb, bu bizim hər birimizi sevindirir. Həftə içi ana dili temasında sayın Tale Heydərovun açıqlamasını oxudum. Deyir həqiqətən də biz gərək dövlət başçısının çıxışına söykənək, dilimizdə qarşılığı olan xarici sözləri işlətməyək və sairə. Çox gözəl dəstək idi, amma birdən mənim yaramaz yaddaş qurdum tərpəndi: “Görəsən Tale müəllim niyə özünün ”Libraff" dükanlarına da ana dilimizdə bir isim yapışdırmamışdır?"
Doğrudan da, Bakıda və bölgələrdə həmin bu “Libraff” kitab dükanları şəbəkəsinin 10-a yaxın mağazası olmalıdır, lakin ana dilimizdə “libraff” nə deməkdir, yəqin bilən olmaz.
Bəlkə “Etiraf” yazmaq istəyiblər? Bəlkə “Şkaf”? Ya da “Kitab”? Libra - qədim latınca tərəzi deməkdir. Mən internetdə jurnalist araşdırması apardım, nə Kamaləddin müəllim, nə Tale müəllim Tərəzi bürcü altında doğulmamışdır.
Heç kitabı da kürü, balıq, şabalıd və sairə kimi tərəzi ilə çəkib satmırlar, ədədlə olur.
Qalır yeganə variant kimi ingiliscə “library” sözcüyü, mənası “kitabxana” deməkdir. Güman edirəm elə bunu nəzərdə tutublar. (“Jiraf” - zürafə sözü də mümkündür, yazını bitirəndən sonra ağlıma gəldi, burda ağ yer qalmışdı, bura qoydum).
Bəyəm dükanın adını elə bu cür - “Kitabxana” qoymaq olmazdı? Əgər axırına “ahh”, “off”, “uff” artırmaq dəhşətli dərəcədə vacib idisə, “Kitaboff” qoyardınız. Həm camaatın kitab oxumadığını, həm də milli soyadlarımızdan olan “ov”un təcəssümünü göstərmiş olardı.
İndi söz əlaqədar təşkilatlarındır. Danışın, sizdə də səhv tutaq.
04 Iyun 2026
03 Iyun 2026
02 Iyun 2026
01 Iyun 2026
31 May 2026
29 May 2026
28 May 2026
27 May 2026
25 May 2026
24 May 2026
22 May 2026
21 May 2026
20 May 2026
19 May 2026
18 May 2026
17 May 2026
15 May 2026
14 May 2026
13 May 2026
12 May 2026
11 May 2026
10 May 2026
08 May 2026
07 May 2026
06 May 2026
05 May 2026
04 May 2026
03 May 2026
01 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ