İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat və yaradıcılığımızda Pitsunda dövrü

 

AYB sədri, sayın Anar müəllim haradasa intervü veribdir və ölkəmizdə yaradıcı insanların 7 birliyi olduğunu sayıbdır. Bunlar yazıçıların, rəssamların, bəstəkar, kinematoqrafçıların, teatr xadimlərinin, memarların və aşıqların birlikləri imiş.

Nə demək olar, doğrudan da yaradıcı insanlar dövlət qayğısı ilə əhatə olunmuşdur. Təzəlikcə bir dostum hansısa rayondan, istirahət mərkəzindən şəkil göndərmişdi, orada küçənin bir tərəfində “Yazıçılar kotteci”, o biri tayında “Bəstəkarlar kotteci” kimi lövhələr var idi. Hələ yadımda səhv qalmayıbsa, “Rəssamların bunqalosu”, “Köşə yazarları üçün alaçıq” və sairə də ərazidə təşkil olunmuşdu.

Çox sevindirici haldır. Məsələn, mən dünən xəbər lentində baxdım, İmişli, Beyləqan icra hakimiyyətlərindən tutmuş banklara, dəmiryol və avtobus idarələrinəcən hər bir qurum sayın qələm adamlarımızı milli mətbuatın 150 illiyi münasibətilə təbrik edir, müxtəlif tədbirlər keçirirdilər. Həmişə belə olmayıb ki? Vaxt var idi AXC-Müsavat cütlüyü dövründə jurnalistlərin eynəyini sındırırdılar. Biz özümüz bir dəfə qəzeti aparıb Zərdabinin qəbrinin dibində basdırmışdıq. Elə rəhmətlik Zərdabinin özünün 3 dəfə qəbrinin yerini dəyişiblər. Ancaq son 30 ildə qəbir yerində sabit qalır. Deməli, mətbuata diqqət artıbdır.

Yaxud yuxarıda yaradıcı birliklərə dövlət qayğısından bəhs etdim, yadıma gəlir, bizim xalq yazıçılarından biri işğal dövründə məcburi köçkünlərin ağır həyatını təsvir edən roman yazmaq üçün məcbur olmuşdu Qara dənizin kurortlarına getsin. Nəticədə romanın axırında belə qeyd var idi: “Pitsunda”. Ta “Biləsuvar çadır düşərgəsi”, “Bərdə Qızılay çadırı”, nə bilim, “Bəhrəmtəpədə kanalın qırağı” yazası deyildi ki, sayın Elçin müəllim? İndi isə, Allaha şükür, yazıçılarımız üçün Şabranda və başqa yerlərdə rahat kotteclər düzəldilib, orada əsərlərini yarada bilərlər. Pitsundaya getməyə ehtiyac qalmır. Hətta mən bir dəfə Novxanı tərəfdə “Barbados” çimərliyi gördüm. Buyur. Karib dənizinə getmək lazım deyil ki. Hər yer əlimizin altındadır. 

Ancaq maşınını xadimələrə və məktəbin digər zəhmətkeş kollektivinə yuduzduran (açığı, burada “yudurdan”, yoxsa “yuduzduran” sözünü seçmək variantları arasında qaldım; bunun özü bizdə seçib-seçilmək hüquqlarının qorunduğunu ciddi şəkildə göstərməkdədir) direktorun ara yerdə işdən çıxarılması xəbəri qəlbimizi qüssə və kədərlə doldurmaqdadır. Məktəb direktoru bir günün, bir anın içində yetişmir. Onun formalaşması üçün uzun illər lazımdır. Nə qədər valideyn, uşaq-muşaq, yoxlama, konfrans, seçki, reket jurnalist, dilənçi, Yehova şahidi, qəssab, süpürgə satan, köşə yazarı, idman müəllimi, ATƏT-in müşahidəçisi üzü görməlisən. Ancaq sadə bir səbəb üzündən təcrübəli kadr işdən qovulur. Səbəb də barı elmi, mədəni, maarif səbəbi ola. Maşını müəllimlərə yudurdan (indi bu variantı seçdim) direktor, valideynlərdən pul yığıb maşın alan qudurğan direktordan yaxşıdır. Hə də, götürək hamını maşın yuduzdurmağa görə işdən qovaq, görək sabah işçi tapa biləcəyikmi? İnsanların qədrini bilməliyik. Şair demişkən: “Güli-rüxsarına qarşu, Gözümdən qanlı axar su. Həbibim, fəsli-güldür bu, Axar sular bulanmazmı?”

“Oyuncaq” adlı köhnə bir fransız filmi var idi, orada idarənin müdiri işçiyə şalvarını çıxartdırırdı, sonra da töhmət edirdi, deyirdi ki, gəl görək indiki situasiyada kim daha çox alçaqdır: səni biabır edən mən, yoxsa bu biabırçılığa razı olan sən. Yəni həmin kontekstdən (savadlı müəllif başqadır) yanaşsaq, direktorun maşınını yuyan xadimələr və müəllim kollektivinin heç günahı yox idimi?

Gəlin, bir-birimizə qarşı diqqətli olaq. Onsuz xarici düşmənlər çoxdur. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026