İnsanlara hürriyət, millətlərə istiqlal!

Halal kolbasa

İncəsənət nümayəndələrinə təqaüd və mükafatlar verildi, lakin onların içində 1 nəfər də olsun bəstəkara rast gəlinmədi. Bəstəkar yoldaşlardan biri bu münasibətlə ağlaşma qurmuşdu, lakin mən ona iradımı bildirdim, dedim nə üçün ünvanı səhv salırsan? Mənim yaxam ağlaşma üçün uyğun ünvan deyildir axı.

Ancaq ümumilikdə bu dəfəki ödülləndirmələr də qədim “ağlamayana məmə yoxdur” ata sözümüzü isbat etdi. Məsələn, yadınıza gəlirsə Azdramada dava düşməsi, rejissorun və aktyorların bir-birinə şillə-təpik tolazlaması haqda xəbərlər gündəmi zəbt etmişdi. Hətta axırda sayın mədəniyyət naziri məcbur oldu şəxsən teatra getsin, dalaşanları ayırsın. İndi mükafat alanlar içində həmin münaqişənin ən azı 2 iştirakçısının adına rast gəldim. Deməli dövlətimiz hər şeyi görür. Bəstəkarlar İttifaqında haçan dava düşüb? Heç yadımıza gəlmir. Hətta ittifaqın qurultayları, sədr seçkisi də heç kimsənin diqqətini cəlb etmir. Bəlkə bir gün hansısa dirijor çubuğunu skripkaçının gözünə soxacaq, nə bilim, arfaçalan simi qırıb bəstəkarı boğacaq, yenə xalqın xəbəri olmayacaqdır. Təşəbbüs göstərmək lazımdır. “Emosiya azdır” – kinoda deyilən kimi.

Elə Bakı ŞİH başçısı Eldar müəllimin “Fransa kimi yaşayırıq” söhbətinə millət niyə qızıb? Çünki emosiyalarımıza təsir edibdir. Burada etiraz ölkəmizi aşağılamaq cəhdinə görədir. Axı biz çoxdan Fransanı ötüb keçmişik. Sən nə üçün bizi belə çürük, üstəlik, düşmən ölkə ilə müqayisə edir və aramızda bərabərlik işarəsi qoyursan? Məqsəd nədir?

Oxşar müqayisəni vaxtilə Putin də aparmışdı, demişdi ki, müxalifət istəyir biz ruslar Parisdəki kimi yaşayaq, bunu görmək istəyirsiniz? Həmin vaxt Fransada sarı jiletlilərin etiraz aksiyası arasıkəsilmədən davam edirdi, Paris şəhəri Dərviş Məstəli şahın cadusundakı kimi, dağılırdı. Putin də əslində buna işarə etmişdi.

İndinin özündə Fransanın sözünə qulaq asan yoxdur. Çox da adı BMT TŞ-nin 5 daimi üzvündən biri kimi gedir. Faktiki bizim regional imkanlarımız daha artıqdır. Bizdə sarı jiletlilər uzağı maşın parkovka edir. Axırıncı küçə etiraz aksiyası haçan olub, heç kim xatırlamır.

Fransadan daha bir üstün cəhətimiz girişdə bəhs etdiyim sənətçilərə dövlət qayğısında da özünü göstərir. Məsələn, fransızların ən ünlü aktyorlarından biri Jerar Depardyedir, hazırda onu məhkəmələrdə sürütləyirlər. Yazıq qocanı it ilində kino çəkilişi meydanında hansısa aktrisanın yanbızını çimdikləməkdə suçlayırlar. Biabırçılıqdır. Hüseynbala Mirələmov buna baxıb gülür. Bizim ən ünlü aktyorlarımızdan Rasim Balayev isə heç bir günah işdə ittiham edilmir. Düzdür, onun yambız çimdikləməsi üçün çəkiliş meydanı da yoxdur, çünki 30 ildir kino çəkilmir, ancaq reklam-filan var ki! Axırıncı dəfə Rasim müəllimi kolbasa reklamına çəkmişdilər.

Hərçənd, buna da xalqın içindən mırıldananlar oldu, deyirdilər ayıbdır, o cür sənətkar gərək kolbasa reklam eləməsin. Sanki Rasim müəllim Babək, Beyrək, Nəsimi rollarında oynayıbsa ancaq tank, təyyarə, top-tüfəng, ballistik raket, dron, nə bilim, bəd ayaqda ət baltası reklamında çəkilməliymiş.

Ancaq tənqidlərin müəyyən haqlı tərəfi də var idi, insafən, ədalət naminə qeyd etməyi özümə borc bilirəm. O da nədir? Odur ki, Rasim müəllim el arasında müsəlmanların dini kitabı “Quran”ın qiraətçisi olaraq da tanınır. Neçə il qabaq bu işi tam şəkildə bitirmiş, səsyazısına aldırmışdır. Mən özüm dini bayramlarda Vatsap yoldaşlarımın paylaşdığı qısa dini statuslarda Rasim müəllimi vaxtaşırı dinləyir, haqqın yoluna qayıdıram – hökmlü adamdır. Bu baxımdan, dini propaqanda ilə kolbasa reklamı nəsə bir araya sığmır. Qalan hamısını keçmək olar: Babəkin adını bu saat bizdə rəsmən Baboş daşıyır, Nəsiminin adına bazarımız var idi, Beyrək də Yalıncığın əlinin altında fəhlə işləyir. Yeganə düz gəlməyən dini mövzudur.

Heç olmazsa ümid edək kolbasa halal kolbasa olubdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026