Onlayn ictimai-siyasi qəzet
Ötən yazımda bulvarın keçmiş müdirinin yeyintilərinə toxunmuşdum, bu temada 2 məktub gəlib, öncə onları dərc edək. Qazi Məğrub Bədəlsoy yazır ki, vaxtilə bulvarda kitab köşkü açmaq istəyirmiş: “Məhkəməyə də verdim, amma buna nail ola bilmədim. Deyirdilər kitab köşkünün qoyulması bulvarın milliliyinə xələl gətirir. Maraqlıdır ki, həmin bulvar müdirini sonralar BDU-ya rəhbər vəzifələrdən birinə qoymuşdular, indi ölüb, adını çəkmirəm. Məhkəmədə bulvarı müdafiə edən vəkil isə həm də... şair idi. Məni dəli hesab edirdilər ki, bulvarda pivə köşkü olan yerdə kitab köşkü qoymaq nəyə lazımdır. Görəsən, indi də bulvarda kitab köşkü açmaq mentalitetimizə uyğun deyil?”
Düzü, bu barədə hörmətli oxucuya hər hansı bilgi verməyə acizəm. Yalnız onu bilirəm ki, son vaxtlar bulvarda yeniliklərdən biri açıq havada köhnə sovet kinolarının göstərilməsidir. Məsələn, “Əhməd haradadır” və “Görüş” filmlərini veriblər. Yəqin hesab olunur ki, sovet estetikalı “indeyski” filmlərlə ölkəmizdən qaçaq düşmüş hind turistləri təzədən cəlb edəcəklər. Prinsipcə, maraqlı metoddur. Məsələn, bu dəqiqə Kuba və Şimali Koreyaya həmin kommunist quruluşunu canlı görməyə gedən bəzi turistlər vardır. Bizdə də çoxlu belə eksponata, obyektlərə rast gəlinir. İşlətmək lazımdır.
Digər oxucu Vüsal bəyin təklifi isə praktikliyi ilə seçilir: “Məncə, ora müdir qoyulanların hamısı yerin adını səhv başa düşür və yeyintiyə yol verir. "Bulvar" sözünü “pul var” kimi eşidirlər. Ona görə adı dəyişdirib Bakı pulvarı qoymaq daha yaxşı, dəqiq, novatorcasına olardı".
Doğrudan da, dəfələrlə yazdığımız kimi, adın əhəmiyyəti çox-çox böyükdür, bunu biz əslində Dədə Qorqudun vaxtından bilirik. Yadınıza salın: “Ayrana doyran demədim, gəlinə ayıran demədim mən Dədə Qorqud”, “buğanı öldürdü, adını Buğac qoyuram” kimi söhbətlər. (Hərçənd indi dana ətinin kilosu 20 manata çatmaq üzərəykən öküzü mundar eləyən cavanı obadan qovardılar, bəlkə adını Yalıncıq qoyardılar). Təzəlikcə dəlləkxana-klinikalarımızda yenə hansısa zəhmətkeşin yağını çəkəndə öldürmüşdülər, başqasında toyxana çəkilişi olmuşdu və nazirlikdən açıqlama gəldi, dedilər milli cərrahlarımız qeydiyyatda deyilmiş, hətta biri saç ustası imiş.
Ancaq bunlar daim rast gəldiyimiz əhvalatlar olduğu üçün artıq heç bir informativ əhəmiyyət daşımır, oxumağa dəymir. Necə deyərlər, xəstəxanadan kimsə sağ çıxsa xəbərdir, ölsə yox. (Məşhur “it adamı dişləsə xəbər deyil, adam iti dişləsə xəbərdir” afyorizminə əl gəzdirdim, savadlı adamlar demişkən, parafraz elədim). Bəs mənə o xəbər niyə maraqlı gəlmişdi? İki səbəbdən, daha dəqiqi, iki ad üzündən. Birincisi, operasiyanın keçirildiyi məkanın, klinikanın adı “Etalon” idi!
Təsəvvür elə. Yəni nümunələr nümunəsi. Hamının baxıb öyrəndiyi, tutuşdurduğu bir zad. Etalonumuz budursa, gör qalanları nə vəziyyətdədir.
İkincisi isə, digər “klinikada” yazıq zənənin üzərində əməliyyat eləyən “loğmanlar loğmanının”, milli ibn-sinamızın, nə bilim, Hippokratın “balaca bayıssının” (qarabağlılar demişkən) öz adı, sizcə, nə olsa yaxşıdır? Yox, nə siz, nə mən bunu yatsaq yuxumuzda görə bilməzdik. Təsəvvürümüzdən kənar bir ad idi. Nəsə, sizi həsrətdə saxlayıb həkimə möhtac eləmək fikrim yoxdur, doxturun adını yazıram: Gülbədən!
Fantastikadır. Adamın adını qoyanda bunu estetik cərrahiyyəyə məcbur ediblər. Çıxış yolu olmayıb axı. Saç ustası olsa belə məcburdur xalqın bədənində gül kimi açsın. Görülən işdən gül iyi gələr, burada deyiblər.
Yazını da şairin misrası ilə bitirək, oxucularımıza xoş olsun: “Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür, Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!”
P.S. Hərçənd şair deyir bu xəstənin əlacı yoxdur, amma bizim üçün xoşdur. Əsas diaqnoz dəqiq olsun.
23 Iyul 2026
22 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ