İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsas pedaqoji sual

“... qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib...”

(Sabir)

Xalq tamaşa istəyir, hökumət də sağ olsun, bu işi davamlı şəkildə təşkil edir. Futbol klublarından biri “UEFA Çempionlar liqası” adlanan, artıq həftəbecərə (burada sözün iki mənası var: həm qarış-quruş anlamındadır, həm də hər həftə kimisə becərmək mənasında) çevrilmiş turnirə vəsiqə qazandı, uca millət həzz aldı, göyə fişəng atan, sevincindən ağlaşan... Bizim qonşu hasarını uçurtdu. 

Əslində isə AFFA milli çempionatda legioner limitini yerli-dibli ləğv edəndən sonra yerli oyunçuların, milli futbolun fatihəsi verilib, ancaq indi bunun müzakirəsini açmaq mənasızdır. Dünyada belə yerlər var, aborigenləri gəlmələrlə əvəz edib dəf kimi yaşayırlar. 

Həmin milli komandamızda milli oyunçuların barmaq sayı qədər olmasını hətta uduzan komandanın baş məşqçisi Robbi Kin də brifinqdə səsləndirdi. Dedi, noolsun uddunuz, hamısı xaricilər idi. Bizdə buna “söz soxub getmək” deyirlər.

Sözgəlişi, liqanın püşkü atılanda həmin milli komanda “Çelsi” klubu ilə eyni qrupa düşdü. Buna da sevinmək lazımdırmı, bilmirəm, çünki 2017-ci ildə həmin klubla bu komanda eyni turnirdə üzləşiblər və iki oyunun cəmində hesab 10:0 olmuşdur. Kimin xeyrinə, yazmağımın mənası varsa, ardını heç oxumayın. 10:0 hesabı bizim peşəkar idmanda ümumiyyətlə yaddaqalan hesablardan biridir. 

Amma və lakin mövzunu açmaqda məqsədim idman-zad deyildir. Sadəcə, dərs ili yaxınlaşır və bu sferada əsas müzakirə mövzularından birini görəndə qıdığım gəldi. Xalq bilmək istəyir ki, görəsən, dərslər həmişəki kimi, 15 sentyabrda başlayacaqdırmı. 

Bu, hər maşın yarışı öncəsi aktuallaşan elm-təhsil temalarımızdan biridir. Adətən, yarış keçirilən ərazidəki 8-9 məktəbi nazirlik distant təhsilə keçirir, yəni, uşaqlar məsafədən elm öyrənirlər. İnternet vasitəsiylə. Araşdırmalar göstərir ki, “Formula-1" yarışı və məsafədən təhsil məktəblilər arasında texniki elmlərə marağı artırır, nəticədə ölkədə çoxlu maşınqayırma mütəxəssisləri, o cümlədən sürət pilotları yetişir. (Zarafat edirəm, belə araşdırma yoxdur. AMEA-ya sifariş verin, eləsinlər). 

Prinsipcə, koronavirus ölkəmizdə hələ davam elədiyi üçün məktəblərin hamısını bağlamaq lazımdır. Əlbəttə, repetitora səfərlər istisna edilməklə. Oralara uşaqlar nisbətən kiçik kəşfiyyat qrupları şəklində yollanır, pilotlara mane olmazlar. Təbii, öncə sapyorlar gedib cığır açmalıdır. 

Yaxşı, bəs “Çelsi”nin oyunu günü stadion ətrafındakı məktəblər niyə bağlanmasın? Belə ümumittifaq, ümummilli tədbirlərimiz çoxdur. Konsertlər, festivallar, kəndirbaz yarışları, teatr səhnəcikləri... Hələ bunun gələcəkdə, inşallah, geniş sinəvurma mərasimləri nəzərə alınmalıdır. Hesablayanda ilin bütün günlərində bizdə hansısa böyük tədbir olur və hamısına mane olan əsas faktor məktəblərdir. 

Məktəb bizə inkişafımızda mane olan ən birinci obyektdir. Sizi inandırım ki, məktəbləri 365 gün bağlı saxlasaq, şöhrətimiz bütün dünyaya yayılar. Hər kəs bizdən danışar, yazar. 

Sonda mövzunun pritçası. El arasında yayılmışdır, bir ağsaqqal nəql edib: “Mən cəmi 1 ay məktəbə getmişəm. Yadımdadır, sinfimizə təzə müəllimə gəldi. Uşaqlarla tanış oldu. Sinif yoldaşlarım məni göstərib dedilər, müəllimə, sinfimizin ən kütbeyin şagirdi İsfəndiyardır, ona 1 beş manatlıq və 2 bir manatlığı uzadırıq, o, manatlıqları götürür, beş manatlığı yox. Deyir, bu iki dənədir, deməli, o çoxdur. Müəllimə inanmadı. Uşaqlar yenə pulu uzatdılar, mən beş manatı yox, iki bir manatlığı götürdüm. Zəng vuruldu, hamı getdi. Müəllimə məni saxlayıb dedi, İsfəndiyar bala, bəyəm sən bilmirsən ki, beşlik iki bir manatdan çoxdur? Dedim, bilirəm, müəllimə. Dedi, bəs niyə beşliyi seçmədin? Dedim, çünki beşliyi seçsəm, uşaqlar daha hər gün mənə iki manat verməyəcəklər... İndi mən oturmuşam başda çoban, alimlər mənə işləyir”.

Həqiqətən, dünyada bağlanmalı şeylər çoxdur. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026