İnsanlara hürriyət, millətlərə istiqlal!

Düz yolda

“Sevinməyi üçün az pul lazım olan adam ən varlı adamdır”

(Henri Devid Toro)

Azərbaycan futbolçuları əhalisi Gəncə qədər olan İslandiyaya uduzandan sonra vikinqlər ölkəsinin baş məşqçisi mətbuat konfransında belə demişdi: “Komandanız düz yoldadır”. Sanki bizi ələ salırdı. Bütün oyunları uduzan komanda necə düz yolda ola bilərdi?

Necə deyərlər, əri döyən arvadı, it də tutdu bir yandan. Ancaq güman edirəm İslandiyanın məşqçisi Qudyonsonun o cümləsi daha çox bizdən qorxduğu üçün idi. Ondan qabaq Ukrayna komandası çaşıb bizimlə heç-heçə eləyəndə məşqçi nəsə ağız büzmüş, “bu komandanı udmalıydıq” tipli sözlər demişdi, milli azarkeşlərimiz az qalmışdı Kiyevə raket atsınlar.

Burada Qudyonsonla bağlı kiçik filoloji izahata ehtiyac var. Bəlkə kişinin soyadı başqa cür idi, lakin bizim üçün nə fərqi? Qudyonson yerinə Qudmunson olsa, guya qrupda 1-ci yerə çıxacağıq? Sözgəlişi, dəyərli oxuculara məlumat verim ki, İslandiyada kişilərin soyadı “...son”la bitir, bunun mənası “oğlu” deməkdir, qadınlarda isə “...dottir” olur, bu da “qızı” mənası verir. Yəni, Qudyonson, Qudyonoğlu deməkdir. Təxminən bizdəki “ov”, “yev”, “zadə”, “inski” milli soyadlarımız kimi şeydir. Əsas milli ruhdur. Məsələn, mən bəlkə gələn soyadımı Hacınski elədim.

Maraqlıdır ki, İslandiya bizə qalib gələndə bu ölkənin 3 ali vəzifəsini də zənənlər tutmaqda idi. Prezident Hadla Toumasdottir (güman edirəm Tomasqızı deməkdir), baş nazir Kristrun Frostadottir, parlamentin – Altinqin sədri də Torun Sveynbyadndottir. Buyur. Bütün vəzifələri qadınlar icra edir, ancaq futbolu əla oynayırlar. Bizdə isə bütün dövlət vəzifələrində kişilər işləyir, barı bədii gimnastikamız inkişaf etsin.

Ta mövzu qarışıb, bir dənə də Gəncə sakinlərinin etirazını yazım. Hər dəfə bizim komanda İslandiyaya uduzanda bədnam jurnalistlər müqayisə üçün yazır, deyirlər ki, əhalisi Gəncə qədər olan yerə uduzduq. Sanki Gəncədə zənənlərə rəhbər vəzifələr verilir. Axı bu, bizim milli-dini qeyrətimizə uyğun deyildir! Cəhənnəm, Lənkəran yazın, orda keçən əsrdə heç olmasa bir zənən raykom katibi qoyulmuşdu.

İndi isə keçək eşşək və at ətindən dönər hazırlanması xəbərlərinə. Bu, hal-hazırda vətəndaşlarımızı ən azı uşaq pulu qədər narahat edir. Vaxtaşırı, zəhləmgetmiş sözlə yazsam, “mütəmadi olaraq” analizlər zamanı hardasa at-eşşək əti aşkara çıxır, yediyimiz-içdiyimiz burnumuzdan gəlir. Bəlkə də bunu ört-basdır eləmək, xalqa xəbər verməmək düzgün üsul olardı. Mətbəxdə nə bişir, hamısına burnumuzu soxsaq heç zad yeyə bilmərik. Üstəlik, Nazirlər Kabineti eşşək və at ətini yeməyi qadağan etməmişdir.

Həmçinin, alimlərin izahına görə at ətində dəmir və protein mal ətindəkindən çoxdur, əksinə, yağlılığı və ziyanı da azdır. Eşşəyin ətinə gələndə, bunun da at ətinə oxşarlığı var. Hələ bu yaxında bir araşdırma oxudum, deyir eşşək ən ağıllı heyvanlardan sayılır. Sən demə tərsliyi də ağlına, hesablama qabiliyyətinə görə imiş. Misal üçün, ata ağır yük vursan, yaxud, qaranəfəs çapsan ürəyi partlayıb öləcək, eşşək isə araba və ya belinə minən “eşşək” ağır olanda ümumiyyətlə yerindən tərpənmir. İstəyirsən döy, öldür, getmir, çünki bu yükü aparsa beli qırılacağını bilir.

Sonda Ramiz Mehdiyevin niyə YAP-dan çıxarılmadığı sualına YAP Ağsaqqallar Şurası sədri Arif Rəhimzadənin izahatını məqbul saymadığımızı bildirməyə borcluyam. Rəhimzadə deyib ki, istintaq bitməyib, məhkəmə hökmü yoxdur, ona görə Mehdiyevi partiyadan çıxarmırıq. Halbuki, buna qədər məhkəməsiz qovulan saysız partiya üzvü görmüşük. YAP-çı deputat Eldəniz Səlimovdan, Hüseynbala Mirələmova qədər. Belə çıxır Ramiz müəllim hələ “partiyanın nüfuzuna xələl gətirmiş” sayılmır.

Təklif edirəm Ramiz müəllimi elə milli komandaya məşqçi qoyun. Düz yolda deyilikmi?    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026

29 Aprel 2026