İnsanlara hürriyət, millətlərə istiqlal!

Duqinin vahiməli vəhyi 

7-8 ilin söhbətidir, bir gün redaksiyada iş otağımızdan çıxıb mətbəxdən çay süzməyə gedəndə gördüm ki, sürücümüz Emin qapımızın ağzındakı yardımçı otaqda canamazını sərib, namaz qılır.

Emin çox mərifətli, qanacaqlı, həm də inanclı oğlan idi, günorta namazını həmişə orada qılırdı. Mətbəxdən qayıdanda gördüm ki, Emin namazını yenicə bitirmək üzrədir, artıq çiynindəki mələklərə salam verir. Bu dəmdə onun telefonuna zəng gəldi və Emin elə dizləri yerdəykən əlini uzadıb masanın üzərindəki telefonu götürdü, açdı. Mən zarafatla dedim: “Birbaşa özüdür?”

Emin yumora həssas gənc idi, gülümsədi, əliylə göyə işarə etdi və dedi, yox, o, deyil, onun bəndəsidir.

Bu söhbət dünən rus patriot-ideoloqu Aleksandr Duqinin Gözəgörünməzlə ünsiyyət qurması və Onun Duqinə Rusiya hələ 16-17 il döyüşməli olacağını deməsi barədə verdiyi açıqlamanı oxuyarkən yadıma düşdü. Belə anlaşılır ki, Boq Duqinlə birbaşa, vasitəçilərsiz danışıb. Ancaq bu danışıq Teleqaram üzərindən olub, yoxsa Votsap vasitəsilə, yaxud tərəflər başqa bir ünsiyyət kanalı tapıblar, bəlli deyil.

Bunu bir Tanrı, bir də Rusiyanın məxfi xidmət orqanları bilər, necə olmasa da, onlar ölkədə yeriyən, sürünən, uçan, qaçan nə varsa, hamısını dinləyirlər. Əgər Boqla Duqinin arasında keçən dialoqu da dinləyiblərsə, açıqlama versinlər, kişinin sözlərini təsdiqləsinlər, camaat da işini bilsin.

Yoxsa hazırda biri inanır, beşi inanmır. Keçmişdə də belə olub. Peyğəmbərlər Ulu Yaradanla danışdıqlarını deyirmişlər, kafirlər inanmırmış. Yaxşı ki, o dövrlərdə işıqlı ziyalılar çox olub, belə iddialara kütləvi şəkildə inanıblar, kafirlərə qalsa, Göylə Yerin arasındakı rabitə kəsilmiş olardı. Onlar heç Avraamın qoç və küt bıçaq söhbətinə də inanmırlar. Bu heç.

Yenə də Boqun məhz Duqinlə əlaqə yaratması bir az şübhəlidir. Yaradan azman Rusiyanın o boyda rəhbərinin başı üstündən niyə Duqinlə danışmalıydı? İyerarxiya, subordinasiya məsələsi, protokol qaydası var. Düzdür, möhtərəm get-gedə yazıçı Soljenitsına oxşayır, amma Aleksandr İsayeviç heç vaxt göydəkilərlə nə birbaşa, nə də dolayısı ilə polemika apardığını iddia etməmişdi.

Oxumuş adamlar isə deyirlər ki, insanın əlini göyə açaraq Allah-təala ilə danışması normaldır, çox rast gəlinən şeydir, gündə milyonlarla adam elə edir, amma Allahın adamla danışması artıq başqa leveldir və müasir dövrdə bu durumu psixiatriya elmi öyrənir. Əgər adam Yaradanla qarşılıqlı mükalimə etdiyini sırf təbliğat və kimlərisə tovlamaq üçün deyirsə, bunu anlayışla qarşılayır, üstündən keçirlər. Yox, adam dirəşirsə, tam ciddi sifətlə dediklərini təkrarlayırsa, əlaqədar mütəxəssislər onun diaqnozunu qoyur, uzunqollu köynəyi tərsinə geydirir, basırlar içəri, sakitləşdirici iynə vururlar.

Duqin ikinci halda olana oxşamır, güman ki, ölkəsinin hərbi aqressiyasına, özünü daşmış Amur çayının tayqada yaratdığı bataqlığa xirtdəyə qədər salmasına bu cür dini-mistik köynək geydirməyə çalışır. Amma kim bilir, yaşlaşanda çox adamın qulağına qeybdən səslər gəlir. Duqinin də qulağına müəyyən səslər və mesajlar gəlmiş ola bilər.

Siyasətdə dini-mistik fəndlərdən istifadə etmək eramızdan üzü bəri həmişə olub. Hətta “Lenin erası”nda bu aferistliyə yol verənlər tapılıb. Əvvəllər yazılarımızda bu barədə qeydlər etmişik, indiki cavanlar üçün bir daha təkrar edək. 1960-cı illərin əvvəlində Kuba lideri Fidel Kastro Havananın baş meydanında mitinqdə xalq qarşısında çıxış edərkən birdən iki dənə ağ göyərçin uça-uça gəlib, biri komandantenin sağ çiyninə, o biri də sol çiyninə qonub. Bu mənzərəyə heyrətlənəm inanclı xristianlar arasında uğuldaşma gedib. Kimsə anqırıb ki, göylər Fideli seçir, ona dəstək verir. Bütün mitinq əhli ağıllı, seçici göyərçinləri alqışlayıb və hamı inanıb ki, yoldaş Kastro şəxsən Qod tərəfindən seçilmiş xilqətdir.

Yalnız neçə aydan bəri həmin o ağ göyərçinləri əhliləşdirən, yemləyən, təlim keçən məxfi xidmət zabitləri biliblər ki, bu quşlar Fidelin çiyninə özbaşına qonmayıb. Quşu çiyinə qonduran olmasa, boş buraxsalar, dilsiz-ağızsız quşdur, gedib inqilab liderinin başına zıl atıb uçub gedərdilər.

İndi qorxulusu odur ki, ruslar bu söhbəti ciddiyə alalar və Duqini peyğəmbər elan edələr. Ondan sonra gəl İvanın qabağında dur.

P.S. Şəkildə yeni ideoloq Duqin və onun əski sələfi Soljenitsındır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026