İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçovu işdən necə çıxarmışdılar? - Sərrafoğlunun sərrast proqnozu

35 il əvvəl bu gün Qorbaçovun SSRİ prezidenti vəzifəsindən kənarlaşdırılması barədə xəbər məndə şok-filan yaratmadı, hətta təəccüb də doğurmadı. Tenqriyə and olsun ki,bu söhbətdə bir kəlmə də yalan yoxdur.

Çünki düz bir il idi o xəbəri gözləyirdim. Hətta sanki bir az gec oldu.

Bunu mənə və bir neçə adama Sərraf kişinin oğlu, Şuşada texnikumda baytarlıq ixtisası üzrə oxuyan Ağamoğlan demişdi. Doktor sağ-salamatdır, 3 ay öncə yas yerində görüşmüşük.

Bu əhvalatı bir dəfə yazmışam, indi qısaca təkrar edim ki, Ağamoğlan Qorbaçovun işdən çıxarıldığını bizə 1990-cı ilin avqust ayının ortalarında Dadaş kişinin oğlu Romanın toyunda, axşam saat 20.30 radələrində xəbər verdi, dedi ki, Şuşadan qayıdanda avtobusda bir bazburutlu adam danışırdı. (Rastlaşanda Romandan toy gününü soruşacam, bütün rəqəmlər dəqiq olsun).

Həmin gün evə tələsdik, “Vremya” (“Zaman”) xəbərlər proqramının başlanmasını gözlədik. Veriliş başladı və gördük ki, budur ha, lənətullah Qorbaçov xarici qonaqları qəbul edir və işdən çıxarılana oxşamır. Demək, Şuşadan Füzuliyə gələn avtobusdakı bazburutlu adam dezinformasiya yayıb, Ağamoğlanı aldadıb, o da gəlib “şad xəbər”i bizə verib və bizim umsuqluğumuzun səbəbkarı olub.

Hərçənd ümid el arasında tez-tez işlənən bir ifadənin hikmətinə qalırdı. O ifadə belədir: “Heç kafir bəndənin adı “dedi-dedi”yə düşməsin, deyirlərsə, əvvəl-axır olur”.

Ona görə də biz, o vaxtın ictimai-siyasi fəalları az qala hər gün o xallıbaşın qara xəbərini, ən azı sələfi Xruşov kimi vəzifədən götürüləcəyini gözləyirdik.

Nəhayət, 35 il öncə, 1991-ci ilin avqust ayının 19-da o xəbər gəldi. Bütün dünya bildi ki, Qorbaçovu Ağamoğlanın dediyi kimi ediblər.

Bu, bir baxımdan “şad xəbər” idi, amma onu vəzifədən götürən qrupun – ruscada QKÇP, dilimizə tərcümədə FVDK (Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) adlanan dəstənin açıqlamaları ləzzət eləmədi. Belə anlaşılırdı ki, çox adam tutacaqlar, xüsusən də hökumətlə hökumətlik edənləri içəri basacaqlar. Tərs kimi, biz də, yekə çıxmasın, risk qrupunda idik - cəbhəçilər olaraq.

Kəndimizin Münxen təhlükəsizlik forumunun filialına dönmüş parkında eyforiya vardı. Hamı bu məsələni müzakirə edirdi. Xüsusilə orta yaşdan yuxarı adamlar rahat bir şəkildə deyirdilər ki, fiso (məhz belə tələffüz edirdilər), dövlətin yiyəsi gəldi, indi hamı “smirna” duracaq.

QKÇP-nin erməni separatçılarını tezliklə ram edəcəyinə inam çox böyük idi. Yük maşını sürücüsü olan bibioğlu Fəyyar (Allah rəhmət eləsin) deyirdi, ermənilərin çöpü öldü, kim istəyir, otursun maşına, bu saat sürürəm Stepanakertə.

Söz yox, bibioğlu çox cürətli, qoçaq adam idi, amma heç kəs onun maşınına oturub qan çanağına, ermənilərin necə quzuya döndüyünü görməyə getmədi. Bəlkə də gedən olsaydı, Fəyyar maşınını Qacar və ya Səlakətində saxlayıb deyəcəkdi ki, o oğraşları bilmək olmaz, birdən atarlar, bir-iki gün gözləyək.

Yenə də hər şeyin yaxşı olacağına ümid böyük idi. Hamıya sərt ələ malik, asan-kəsən, tutduran-basdıran rəhbər lazım imiş. Ancaq vitse-prezident Gennadi Yanayevin keçirdiyi brifinqə baxıb gəlmiş, onun əllərinin əsdiyinə diqqət etmiş ziyalılardan biri bədahatən dedi ki, çox da şey eləməyin, 3 günə bunların özlərini aşıracaq, sonra da tutacaqlar. İnandığınıza and olsun ki, belə dedi. Onun sözünə etiraz edənlər oldu ki, yooox, işin içində ordu, DİN, DTK da var. O da dedi, görərsiniz.

Ertəsi gün xəbər gəldi ki, Moskvada etirazlar var. “Yeltsin lafetin üstünə çıxıb xalqa müraciət edib, ordu da xalqa atəş açmaq istəmir” – bunu da yerli şair Vahid Əlifoğlu dedi.

Sonra olanları bilirsiniz. Qiyam baş tutmadı, daxili işlər naziri Puqo özünü güllə ilə vurdu (hərçənd inananlar var ki, onu başqaları vurub), marşal Axromeyev əsl hərbçi kimi suisid etdi, yerdə qalanları da tutdular. Müdafiə naziri Yazovla DTK sədri Kryuçkovun həbsi xüsusilə ləzzət elədi, çünki onlar 1 il 7 ay əvvəl Bakıda törədilən qırğının müəlliflərindən idilər.

Heç demə, həmin vaxt bütün SSRİ rəhbərliyində yeganə ağıllı adam xarici işlər naziri postunda oturan Aleksandr Bessmertnıx olub. Qiyamçılar ona “gəl bizə qoşul” deyiblər, amma o qoşulmayıb, “xəstəyəm” deyib, işə çıxmayıb. 3 gündən sonra Kremlə qayıdan Qorbaçov isə ona tənə edib ki, niyə qiyamçıları qınamamısan, onlara qarşı çıxmamısan.

Bessmertnıx ona nə cavab verib, heç bir memuarda yoxdur. Amma Qorbaçov onun yerinə Boris Pankin adlı bir keçmiş jurnalisti XİN rəhbəri təyin etmişdi.

Elə Ağamoğlan düz edib belə nankor adamı 1 il öncədən işdən çıxarmışdı.

**

Dünya köhnə dünyadır, qiyamçıları təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR