Onlayn ictimai-siyasi qəzet
Rusiyada əsas enerji daşıyıcıları ilə bağlı böhran aybaay yox, artıq günbəgün dərinləşir. Son məlumatlara görə, ölkədəki yanacaqdoldurma məntəqələrinin yalnız 28%-də benzin və dizel yanacağı qalıb.
Cəmi bir həftə əvvəl isə bu rəqəm 41% olub. Ən çox da Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk və Rostov vilayətlərində, eləcə də Tatarıstanda yanacaq ehtiyatlarının azalması qeydə alınıb.
Əsas səbəb məlum: Ukraynanın neft emalı zavodlarına və logistika zəncirinə vurduğu permanent hava zərbələri. Vəziyyət o həddə çatıb ki, hökumət Hindistan kimi qeyri-neft ölkələrindən yanacaq almağa hazırlaşır...
Rusiyalı mütəxəssislər çətinliyi həm də mövsümi amillə əlaqələndirirlər. Bildirilir ki, benzinə tələbat adətən avqust ayında pik həddə qalxır.
![]()
Qıtlıqla paralel, əhalinin narazılığı da artmaqdadır. İş o yerə çatıb ki, benzin çatışmazlığı ilə bağlı ölkə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edən Volqoqrad vilayətinin beş sakini şikayətləndikləri üçün cəza alıblar. Onlardan dördü cərimələnib, biri isə beş gün müddətinə həbs edilib. Yəqin ki, panika yaratmaq bəhanəsi ilə.
Amma bu çıxış yolumu? Axı söhbət neft-qaz nəhəngi olan Rusiyadan gedir. Belə davam edərsə, o, nəinki yayda, qışda da Hindistan kimi ölkələrə möhtac qalacaq və yekunda yanacaq böhranında “yanacaq”. Nədən ki, iqtisadiyyatın, dolanışın başı enerji dasıyıcılarına bağlı...
Rasional çıxış yolu isə çoxdan bəlli. Ukrayna prezidenti Volodomir Zelenski dəfələrlə bəyan edib ki, müharibəni mövcud cəbhə xətti boyu dayandırmağa hazırdır. Putin isə bunu öz qüruruna sığışdırmır, atəşkəsi məğlubiyyətə bərabər sayır. “Xüsusi hərbi əməliyyat (XHƏ) öz hədəflərinə çatmayınca...” deyib durur.

Ancaq bu qanunsuz hədəflər daha nə qədər rusiyalının canını alacaq, ona qədər Rusiya hansı duruma düşəcək və ondan nə qalacaq, Putin bunun fərqində deyil. Ölkə XHƏ bitənədək at-araba dövrünə qayıda, texnoloji inkişafdan tam geri düşə bilər - bu da Rusiya hakimiyyətini maraqlandırmır...
Artıq ağıllı ruslar, o sırada burnundan uzağı görməyi bacaran iqtisadçı-bankirlər də xəbərdarlıq eləməyə başlayıb: müharibə ölkəyə indikindən qat-qat baha oturacaq, əgər Kreml tezliklə praqmatik qərar verməsə. Putin isə əksinə, Dövlət Dumasına payız seçkilərindən sonra gizli səfərbərliyə hazırlaşır. Deyilənlərə görə, yeni ilə qədər o, “top əti” hesabına Donbası tam ələ keçirməyi tapşırıb.
Niyə özünün ad gününə - 7 oktyabra kimi yox, yeni ilə kimi? Sual ritorikdir. Çünki bunun mümkünsüzlüyünə əmindir. Heç yeni ilə qədər də alınan deyil. Təcrübə var, qüvvələr nisbəti var, riyaziyyat var.
Rusiya prezidenti ötən il də eyni hədəfi qoymuşdu. Baş tutmadı. Bu bir ildə isə Ukrayna hərbi texnoloji baxımdan Rusiyadan xeyli irəli getməyi bacardı. Artıq Kiyev özünün hətta Sibiri vura biləcək “Flaminqo” ballistik raketlərinin istehsalına başlayıb. Ukrayna ordusu bəzi əraziləri geri də qaytarıb. Elə bu günlərdə Donbasın daha bir kəndi rus işğalından azad olunub. Üstəgəl, hücum edən tərəf kimi Rusiya getdikcə daha böyük canlı qüvvə çatışmazlığı ilə üzləşməkdədir.
Moskva üçün belə bəd xəbərlər hələ çox olacaq. Xüsusən təzə təqvim ilinədək...
Analitik xidmət,
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ