İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə hərbiləşmə - Bakı üçün YENİ risk

Rusiya ABŞ və İsrailin zərbələrindən sonra İranın hərbi ehtiyatlarını bərpa etməsinə kömək etmək üçün ölkəyə trotil, sursat və pilotsuz uçuş aparatları üçün komponentlər göndərir. Bu barədə NBC News Avropa hökumətinə məxsus sənədə və məlumatı təsdiqləyən Qərb rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, hərbi təyinatlı yüklər Xəzər dənizi vasitəsilə Rusiya limanlarından İrana daşınır. Sənəddə göndərilən məhsullar arasında trinitrotoluol (TNT) tipli partlayıcı maddələr, müxtəlif sursatlar və dron komponentləri göstərilir. Bu materialların İranın ABŞ və İsrailin zərbələri nəticəsində zəifləyən hərbi potensialının yenidən formalaşdırılmasına xidmət etdiyi bildirilir.

Hərbi dəstək üçün Xəzər dənizi marşrutunun seçilməsi də diqqət çəkir. Rusiya və İranın hərbi yükləri birbaşa dəniz yolu ilə nəql etməsinə imkan verən bu marşrut Qərb hərbi-dəniz qüvvələrinin müdaxilə imkanlarının məhdudluğu ilə seçilir. Xəzər dənizinə Rusiya və İrandan başqa Qazaxıstan, Türkmənistan və Azərbaycan sahildir.
NBC-nin istinad etdiyi sənədə görə, bu tədarük İranın müharibə zamanı itirdiyi və ya zərər görən silah və dron ehtiyatlarını yenidən toplamasına hesablanıb. İranın pilotsuz uçuş aparatları proqramı, xüsusilə “Şahed” tipli dronlar, son illərdə ölkənin əsas hərbi imkanlarından birinə çevrilib.
Məlumatda həmçinin bildirilir ki, mart ayında İsrail İranın Xəzər sahilində yerləşən Bandar-Ənzəli liman kompleksinə zərbələr endirib. İsrail tərəfi həmin obyektin Rusiyadan silah daşınması üçün istifadə edildiyini iddia edib. Buna baxmayaraq, tədarük marşrutunun sonradan yenidən fəaliyyətə başladığı bildirilir. Bu iddialar Rusiya ilə İran arasında son illərdə dərinləşən hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Əvvəllər hərbi əməkdaşlıq çərçivəsində əsasən İrandan Rusiyaya dron və digər hərbi texnologiyaların tədarükü diqqət mərkəzində idisə, hazırkı məlumatlar Moskvanın Tehranın hərbi ehtiyatlarının bərpasında daha fəal rol oynadığını göstərir.
Xəzərin Azərbaycan hövzəsi üçün riski nədən ibarətdir? Bizim akvatoriyada o yüklərə atəş açılması ehtimalı ola bilərmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Xəzərdə baş verən son proseslərə yalnız Rusiya ilə İran arasında hərbi əməkdaşlığın genişlənməsi kimi baxmaq doğru olmaz: “Burada daha böyük və Azərbaycan üçün daha həssas bir proses gedir. Xəzər tədricən Yaxın Şərqdə gedən müharibənin logistika xəritəsinə daxil olur. Rusiyadan İrana sursat, partlayıcı maddələr və PUA komponentlərinin daşınması isə göstərir ki, Moskva Tehranın hərbi imkanlarını bərpa etməkdə getdikcə daha fəal rol oynayır. Bu, Azərbaycan üçün niyə vacibdir? Çünki Xəzər sadəcə Rusiya ilə İranı birləşdirən su hövzəsi deyil. Bu dənizin qərb sahilində Azərbaycan yerləşir və bizim üçün enerji, nəqliyyat və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan infrastruktur məhz bu akvatoriyadadır. Əslində, təhlükənin istiqamətini artıq görmüşük. İsrailin Bandar-Ənzəli limanına zərbəsi göstərdi ki, hərbi yüklərin Xəzər üzərindən daşınması bu dənizi müharibədən kənarda saxlaya bilməz. Əgər Rusiya-İran hərbi logistikasının həcmi artarsa, Xəzərdə gəmilərin hərəkəti də tədricən hərbi kəşfiyyatın, müşahidənin və mümkün zərbələrin diqqət mərkəzinə çevrilə bilər.
Burada Azərbaycanın qarşısında çox incə bir məsələ dayanır. Bizim akvatoriyamızda Rusiya və ya İrana məxsus hərbi yük daşıyan gəmiyə üçüncü tərəfin məqsədli zərbə endirməsi hazırkı mərhələdə yüksək ehtimallı ssenari görünmür. Çünki belə bir zərbə artıq Rusiya-İran və ya İsrail-İran qarşıdurması çərçivəsində qalmayacaq, Azərbaycanın suverenliyinə toxunan hadisəyə çevriləcək. Daha real ssenari Xəzərdə hərbi yükdaşımaların artması ilə dənizdə insidentlərin, elektron müdaxilələrin, kəşfiyyat fəaliyyətinin və səhv identifikasiya riskinin yüksəlməsidir. Bir gəminin hansı yükü daşıdığı, hansı marşrutla hərəkət etdiyi və onu kimin izlədiyi məsələsi artıq yalnız kommersiya məsələsi olmayacaq. Vəziyyət Azərbaycanın enerji və nəqliyyat infrastrukturu üçün də yeni risk mühiti yaradır. Xəzərdəki platformalar, limanlar, dəniz kommunikasiyaları və digər strateji obyektlər birbaşa hədəf olmasa belə, regionda hərbi gərginliyin yüksəlməsi onların təhlükəsizlik yükünü artıracaq. Məncə, burada ən təhlükəli məqam Xəzərin bir anda müharibə meydanına çevrilməsi deyil. Daha təhlükəli olan odur ki, Xəzər tədricən müharibənin istifadə etdiyi marşruta çevrilsin. Çünki bir dəfə hərbi logistika dənizə daxil olduqdan sonra onun ardınca müşahidə, kəşfiyyat, elektron mübarizə və qarşı tədbirlər də gəlir. Bu proses isə sahilyanı ölkələri istəsələr də, istəməsələr də daha mürəkkəb təhlükəsizlik hesablamalarının içinə çəkir”.

Xezer zerbe telim 111

Siyasi təhlilçi onu da diqqətə çatdırdı ki, Azərbaycan indiyə qədər regiondakı ən mürəkkəb qarşıdurmalardan özünü mümkün qədər kənarda saxlamağı və milli maraqlarını qorumağı bacarıb: “Xəzərdə də əsas məqsəd dəyişməməlidir. Azərbaycan akvatoriyasının başqa dövlətlərin müharibəsində hərbi logistika meydanına və ya potensial hədəf zonasına çevrilməsinə imkan verməməlidir. Əgər Yaxın Şərqdəki qarşıdurma genişlənərsə, onun təsirləri yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq. Xəzərdən Cənubi Qafqaza, enerji və nəqliyyat dəhlizlərindən Avropaya qədər uzanan təhlükəsizlik zəncirində hər bir halqa daha həssas vəziyyətə düşəcək. Çünki müharibə bəzən sərhədi keçmir. Sadəcə həmin sərhədin yanından keçən yolları dəyişir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR