Onlayn ictimai-siyasi qəzet
Ermənistanda enerji diversifikasiyası ilə bağlı hakimiyyət və müxalifətin yanaşması tənqid olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan Ermənistan parlamentində aparılan müzakirələr fonunda ölkədə diversifikasiya anlayışının özünəməxsus şəkildə şərh edildiyini bildirib.
Erməni ekspertin sözlərinə görə, hakimiyyət bütün “yumurtaları” Rusiya səbətindən çıxarıb Qərb səbətinə yerləşdirir və bundan sonra səbətlərin sayının artdığını elan edir. Halbuki onun fikrincə, səbət yenə də birdir, sadəcə onun rəngi, üzərindəki yazı və geosiyasi ünvanı dəyişib.
Davtyan müxalifəti də tənqid edib. O bildirib ki, müxalifət mövcud əlaqələrə toxunmadan mütəmadi olaraq diversifikasiyaya çağırır, lakin nəyin, hansı vasitələrlə, hansı müddətdə və hansı maliyyə hesabına diversifikasiya edilməli olduğunu açıqlamır.
Davtyan hesab edir ki, əsl diversifikasiya bir asılılığın digəri ilə əvəz olunması deyil, asılılığın müxtəlif istiqamətlər arasında bölüşdürülməsidir. Bu modeldə Rusiya əsas istiqamətlərdən biri kimi saxlanılmalı, Qərb ikinci, İran üçüncü, Hindistan isə dördüncü istiqamət kimi əlavə edilməlidir. Mövcud və işlək əlaqələr alternativlər formalaşmadan məhv edilməməlidir.
“Beləliklə, hakimiyyət yumurtaları bir səbətdən digərinə daşımaqla, müxalifət isə səbətlər ətrafında linqvistik məşqlərlə məşğuldur”, – deyə Vahe Davtyan bildirib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ