Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələri ilə bağlı mübahisələrdə məhkəmələrin eyni yanaşmanı tətbiq etməsi üçün yeni qərar qəbul edib.
Musavat.com xəbər verir ki, qərarda podrat müqaviləsinin nə olduğu, hansı hallarda yazılı bağlanmalı olduğu, podrat və xidmət müqavilələrinin fərqi, eləcə də dövlət satınalmaları zamanı qanunun tələblərinə əməl edilməməsinin hansı nəticələrə səbəb ola biləcəyi izah olunur.
Podrat müqaviləsi nədir?
Sadə desək, siz müəyyən bir işi görməyi kiməsə tapşırırsınız, həmin şəxs və ya şirkət işi yerinə yetirərək nəticəni sizə təhvil verir, siz isə bunun müqabilində razılaşdırılmış məbləği ödəyirsiniz. Bu, podrat münasibətidir.
Məsələn, ev tikilməsi və ya təmir edilməsi, yol çəkilməsi, avadanlıq quraşdırılması, kompüter proqramının hazırlanması podrat müqaviləsinin predmeti ola bilər.
Burada əsas məsələ görülən işin sonunda konkret nəticənin əldə edilməsidir.
Podratla xidmətin fərqi nədir?
Podrat və xidmət müqavilələri bir-birinə oxşasa da, hüquqi baxımdan fərqli müqavilələrdir.
Podrat müqaviləsində əsas məqsəd konkret nəticənin əldə edilməsidir. Məsələn, usta evinizi təmir etməyi öhdəsinə götürübsə, onun öhdəliyi sadəcə işləmək deyil, razılaşdırılmış təmir işini başa çatdırıb nəticəni sizə təhvil verməkdir.
Xidmət müqaviləsində isə əsas olan müəyyən fəaliyyətin həyata keçirilməsidir. Məsələn, mühafizə, təmizlik, hüquq, mühasibatlıq və ya tədris xidmətləri buna aiddir.
Başqa sözlə, podratda əsas olan nəticə, xidmətdə isə göstərilən fəaliyyətdir.
Müqavilənin adının necə yazılması da həlledici deyil. Məhkəmə mübahisə yarandıqda müqavilənin adına deyil, tərəflərin əslində nə barədə razılaşdıqlarına və hansı öhdəlikləri üzərlərinə götürdüklərinə baxmalıdır.
Podrat müqaviləsi yazılı bağlanmalıdırmı?
Mülki Məcəllədə bütün podrat müqavilələrinin mütləq yazılı formada bağlanması barədə ayrıca tələb yoxdur.
Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və şirkətlər arasındakı münasibətlərdə digər qanunvericilik tələbləri nəzərə alınmaqla podrat müqaviləsi yazılı formada bağlanmalıdır.
Yazılı müqavilə sonradan yarana biləcək mübahisələrin qarşısının alınması baxımından da vacibdir. Müqavilədə hansı işin görüləcəyi, qiyməti, müddəti, tərəflərin hüquq və vəzifələri aydın göstərildikdə sonradan kimin nəyi öhdəsinə götürdüyünü sübut etmək daha asan olur.
Dövlət qurumu ilə podrat müqaviləsində qaydalar daha sərtdir
Dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq edildiyi podrat işlərində şifahi razılaşmaya yol verilmir.
Həmçinin müqavilənin sadəcə yazılı olması kifayət etmir. “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilmiş qaydalara da əməl edilməlidir.
Bu tələblər pozularaq bağlanmış müqavilə etibarsız hesab edilir.
Burada podratçılar üçün xüsusilə vacib bir məqam var: şəxs dövlət qurumu ilə qanunun tələblərinin pozulduğunu bilərək müqavilə bağlayıb işi görərsə, sonradan “işi görmüşəm, pulumu ödəyin” deməsi hər zaman həmin məbləği məhkəmə yolu ilə ala biləcəyi anlamına gəlmir.
Çünki qanunun tələblərini bilərəkdən pozaraq belə münasibətə daxil olmuş şəxsin həmin qanunsuz münasibətdən hüquq əldə etməsi, bir qayda olaraq, müdafiə edilmir.
Məhkəmə işə baxarkən dövlət qurumunun vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri müəyyən edərsə, bununla bağlı xüsusi qərardad da qəbul etməlidir.
Bəs podratçı qanunun pozulduğunu bilməyibsə?
Ali Məhkəmə belə hallar üçün istisnanı da nəzərdə tutur.
Məhkəmə podratçının hansı sahədə və nə qədər müddət fəaliyyət göstərdiyini, əvvəllər dövlət qurumları ilə işləyib-işləmədiyini və dövlət satınalmaları ilə bağlı qanunun tələblərini bilib-bilmədiyini araşdırmalıdır.
Əgər müəyyən edilərsə ki, podratçı müqavilənin qanuna zidd olduğunu bilməyib, bunu bilməsi üçün real imkanı olmayıb və vicdanlı davranıb, vəziyyət fərqli qiymətləndirilə bilər.
Belə halda podratçının gördüyü işlərə çəkdiyi xərclərin dəyəri orta bazar qiymətləri əsasında hesablanaraq əsassız varlanma qaydalarına uyğun şəkildə dövlət qurumundan tutula bilər.
Müqavilə bağlayarkən nəyə diqqət etmək lazımdır?
Podrat münasibətlərində sonradan problem yaşamamağın ən yaxşı yolu müqaviləni əvvəlcədən qanunun tələblərinə uyğun hazırlamaqdır.
Xüsusilə böyük məbləğli işlərdə və dövlət qurumları ilə münasibətlərdə yalnız şifahi razılaşmaya güvənmək ciddi hüquqi və maliyyə riski yarada bilər.
Müqavilədə görüləcək işin dəqiq təsviri, qiyməti, ödəniş qaydası, müddəti, işin təhvil verilməsi və tərəflərin məsuliyyəti aydın göstərilməlidir. Zərurət olduqda müqavilə bağlanmazdan əvvəl peşəkar hüquqi yardım almaq gələcəkdə yarana biləcək uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ