Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 1-dən etibarən sənaye məqsədləri üçün sudan istifadə və tullantı sularının axıdılması üzrə yeni ödəniş tarifləri tətbiq olunmağa başlayır. Müəyyən edilən yeni qaydalara əsasən, sənaye müəssisələri tərəfindən müxtəlif su mənbələrindən götürülən və su obyektlərinə axıdılan tullantı suları üçün ödəniş dərəcələri diferensiallaşdırılıb.
Qərara əsasən, sənaye məqsədilə götürülən hər 100 kubmetr suya görə aşağıdakı tariflər müəyyənləşdirilib:
Xəzər dənizindən: 0,4 manat;
Çay və göllərdən: 4 manat;
Yeraltı sulardan: 40 manat.
Eyni zamanda, su obyektlərinə axıdılan hər 100 kubmetr tullantı suyuna görə tətbiq olunacaq rüsumlar da bəlli olub:
Xəzər dənizinə axıdıldıqda: 1 manat;
Çay və göllərə axıdıldıqda: 4 manat.
Mütəxəssislərin fikrincə, yeraltı sulardan istifadəyə görə tariflərin daha yüksək müəyyən edilməsi ölkənin strateji şirin su və yeraltı su ehtiyatlarının qorunmasına, müəssisələrin dəniz suyundan və ya təkrar emaldan istifadəyə təşviq edilməsinə xidmət edir. Bəs bu qiymət dəyişikliyi şirin su ehtiyatlarını qorunmasına və dəniz suyundan istifadəyə gətirib çıxaracaqmı?
Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Səsləndirilən məsələlər artıq müəyyən qurumlar tərəfindən araşdırılıb və müvafiq agentliklər tərəfindən çapa təqdim olunub. Lakin məsələnin başqa bir mühüm tərəfi var, tətbiq olunacaq ölçü vahidlərinin dəqiqliyini və obyektiv göstəricilərini necə müəyyənləşdirəcəklər? Burada böyük məbləğlərdən söhbət getdiyi üçün ölçmələrin dəqiqliyi xüsusi vacibdir. Məsələn, çirkli suların axıdılması, yaxud toplanaraq təkrar istifadəsi zamanı müəyyən problemlər ortaya çıxa bilər. Bəzi istehlakçılar həmin suyu çirkab şəbəkəsinə axıtmaq əvəzinə həyətyanı sahələrin suvarılmasında istifadə edə bilər, yaxud müəyyən ödəniş qarşılığında başqalarının istifadəsinə yönəldə bilər. Bu kimi hallar inzibatçılıqda və hesablamalarda müəyyən çətinliklər yaradacaq”.
Ekoloq əlavə edib ki, əhalinin məişətdə, ictimai iaşə və digər xidmət sahələrində istifadə etdiyi suyun dəqiq uçotunun aparılması olduqca həssas məsələdir: “Bununla belə, sudan qənaətlə istifadənin özü böyük bir mədəniyyətdir. Qabaqcıl dünya təcrübəsində — hətta su ehtiyatları bol olan Kanada, Norveç kimi ölkələrdə, eləcə də İtaliyada sudan qənaətlə istifadə üçün effektiv texnologiyalar tətbiq olunur. Məsələn, müasir və az su sərfi ilə çalışan sanitar-texniki avadanlıqlar (xüsusi turbulent sistemli unitazlar, qənaətcil kranlar və s.) vasitəsilə su itkisinin qarşısı kəskin şəkildə alınır. Bakı kimi böyük şəhərlərdə bu cür texnologiyaların tətbiqi nəhəng həcmdə su qənaəti deməkdir. Bu istiqamətdə mühüm addımların atılması məqsədəuyğundur. Pilot layihələrin icrası həyata keçirilə bilər. İlk növbədə sudan istifadənin daha intensiv olduğu zonalarda pilot layihələr həyata keçirilməli, nəticələr təhlil olunmalıdır. Müasir texnologiyaların tətbiqi, məişətdə qənaətcil cihazların və müasir suya qənaət mexanizmlərinin istifadəsi təşviq edilməlidir. Sanitar-gigiyenik təhlükəsizlik diqqətdə saxlanmalıdır. Azərbaycan isti və quru iqlim zonasına malik olduğu üçün su təminatının məhdudlaşdırılması və ya keyfiyyətinin düşməsi sanitar-gigiyenik problemlərə, infeksion xəstəliklərin artmasına yol aça bilər. Əhalinin keyfiyyətli su ilə təminatı prioritet olaraq qalmalıdır.
Bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də gələcəyin ən böyük çağırışlarından biri su ehtiyatlarından səmərəli istifadə olacaq. Şəffaf, obyektiv və əhalinin maraqlarını nəzərə alan qənaət mexanizmlərinin qurulması bu problemin həllində əsas amildir”.
Afaq Mirayiq,
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ