İnsanlara hürriyət, millətlərə istiqlal!

Ozon-un arxasından Kreml çıxdı – 51 milyard rublluq pul izi

Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Ozon-un səhmlərinin 34 faizinin real maliyyələşdirilməsi ilə bağlı yeni iddialar ortaya çıxıb. Araşdırmaçılar mürəkkəb şirkətlər və kreditlər zəncirinin sonunda Vladimir Putinin ən yaxın çevrəsindən olan milyarder Gennadi Timçenkonun strukturlarına çıxıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.

Söhbət Ozon-un hazırda rəsmi olaraq biznesmen Aleksandr Çaçavaya məxsus göstərilən 34 faizlik səhm paketindən gedir. Bu səhmlər əvvəllər “Baring Vostok” investisiya fonduna məxsus olub. Fondun təsisçisi, amerikalı investor Maykl Kalvi Rusiyada həbs edildikdən və “Baring Vostok” ölkəni tərk etdikdən sonra paket təxminən 38 milyard rubla satılıb.

FBK araşdırmaçıları Ozon və onunla əlaqəli strukturların maliyyə hesabatlarını təhlil edərək səhmlərin O23 adlı yeni yaradılmış şirkətlə əlaqəsini müəyyənləşdirdiklərini bildirirlər. Şirkətlər və borc öhdəlikləri zənciri “Korporasiya 42” və “Stratosfera İnvestisiya Qrupu”na qədər uzanır.

Araşdırmanın ən diqqətçəkən hissəsi isə 51,23 milyard rublluq kreditdir.

FBK-nın məlumatına görə, “Stratosfera” səhmlərin alınması üçün məhz bu məbləğdə borc götürüb. Araşdırmaçılar 2024-cü il üzrə Rusiya hüquqi şəxslərinin maliyyə hesabatlarını yoxlayaraq eyni məbləğdə – 51,23 milyard rubl kredit vermiş “Optima” ASC-ni müəyyən etdiklərini bildirirlər.

“Optima”nın rəhbər şəxslərinin isə Putinin yaxın çevrəsi ilə çoxsaylı əlaqələrinin olduğu iddia edilir. Şirkətin baş direktoru Darya Brılyakova Putinin qardaşı oğlu Mixail Şelomovun adına rəsmiləşdirilmiş “İqora Drayv” avtodromunda, həmçinin Putinin yaxın dostlarından Yuri Kovalçukun nəzarətində olan “ABR Menecment” şirkətində çalışır.

Araşdırmada “Optima”nın əvvəlki rəhbərinin də Putinin qohumunun şirkəti ilə əlaqəli olduğu, baş mühasibinin isə daha əvvəl Svetlana Krivonoqixə məxsus şirkətdə işlədiyi bildirilir.

Pul zəncirinin ən mühüm halqası bundan sonra ortaya çıxır. FBK-nın iddiasına əsasən, “Optima” həmin 51,23 milyard rublu faizsiz kredit kimi “Delta” şirkətindən alıb. “Delta” isə rəsmi olaraq Putinin ən yaxın dostlarından sayılan milyarder Gennadi Timçenkoya məxsusdur.

Araşdırmaçılar bu vəsaitin Timçenkonun “Sibur” neft-kimya şirkətindəki səhmlərindən əldə etdiyi dividendlərdən qaynaqlandığını ehtimal edirlər.

FBK məhz bu maliyyə və korporativ əlaqələrə əsaslanaraq Ozon-dakı 34 faizlik payın arxasında faktiki olaraq Putinin maraqlarının dayandığını iddia edir. Bununla belə, araşdırmada təqdim olunan məlumatlar Kreml sahibinin həmin səhmlərin hüquqi sahibi olduğunu göstərmir; söhbət maliyyələşmə zəncirinin onun yaxın çevrəsinə bağlanması əsasında irəli sürülən nəticədən gedir.

Araşdırma Ozon-un logistika obyektlərinin Ukrayna dronlarının hücumlarına məruz qaldığı bir vaxtda yayımlanıb. Son aylarda Ozon Rusiyada hücumlardan ciddi zərər gördüyü bildirilən ikinci böyük logistika operatoruna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR