Onlayn ictimai-siyasi qəzet
İrəvan tezliklə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq. Bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib. O əlavə edib ki, Aİ-yə üzvlüklə bağlı referendum prosesin əvvəlində deyil, aydın bir yol xəritəsi hazır olanda keçirilməlidir: “Anladığım qədərilə, Aİ-yə rəsmi üzvlük üçün müraciət etdikdən, müvafiq cavab aldıqdan və proses üçün yol xəritəsi əldə etdikdən sonra referendum keçirəcəyik”.
Bu ilin yazından Moskva İrəvanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirməyə çağırıb. Bu çağırışa Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də qoşulub. Rusiya bu çağırışla paralel Ermənistandan bir sıra məhsulların idxalını məhdudlaşdırıb. Paşinyan ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Ermənistan yaxın beş ildə KTMT-yə qayıtmağı planlaşdırmır və təşkilatdan çıxarılarsa bundan məmnun olacaq.
Görəsən, Ukrayna, Gürcüstan və Moldovanın illərdir ki, gözlədiyi Aİ üzvlüyü reallaşmadığı halda, dünənə qədər işğalçı olan Ermənistanı bu ailəyə tezliklə qəbul edərlərmi? 
Aİ-nin öz standartları var, Ermənistan onlara nə dərəcədə cavab verəcək səviyyədədir?
Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, əvvəla, Rusiya hədələrlə və referendum çağırışlar ilə Paşinyan hökumətinin Avropa İttifaqına üzvlük üçün müraciət fikrindən imtina etməsinə nail olmaq istəyir: “Rusiya Ermənistana Avrasiya İqtisadi İttifaqına üzvlükdən çıxarılacağı halda, onun hansı problemlərlə üzləşəcəyini əyani şəkildə göstərmək istəyir. Bu iqtisadi ittifaq çərçivəsində tərəflər arasında aparılan qarşılıqlı ticarət əlaqələrində gömrük rüsumları və digər vergilərlə bağlı bir çox güzəştlər mövcuddur. Moskva İrəvana demək istəyir ki, seçiminizi edin-siz ya bizim yanmızda dayanıb bu güzəştlərdən istifadə etmək şanslarınızı saxlayırsınız, ya da bizə düşmən mövqedə olan Avropa İtttifaqı yolunu seçərək bu imkanlardan məhrum edilirsiniz. Fikrimcə Ermənistan Avropaya yolunu artıq seçibdir. Əgər Ermənistan Kremlin təkid etdiyi kimi, referendum keçirmək yoli ilə Aİİ-də qalıb qalmamaq kimi bir məsələni gündəmə gətirərsə, o halda əhalinin böyük əksəriyyəti son seçkilərdə olduğu kimi Paşinyan hakimiyyətin müəyyən etdiyi yolla getməyə-yəni Avropa İttifaqı seçimini edəcək”.
F.Yusifov qeyd edib ki, bu gün Ermənistan Avropa İttifaqı üzvü olmaq üçün bütün standartlara cavab verən ölkə deyil: “Bu baxımdan yanaşsaq Aİ-nin İrəvanın üzvlük üçün müraciətinə tez bir müddətdə və müsbət cavab verəcəyi gözlənilmir. Ancaq nəzərə alsaq ki, Qərb, Avropa İttifaqı Ermənistanın Rusiyanın caynağından xilas olmasına çalışır və Paşinyana illərdir həm də buna görə dəstək verilir, o halda düşünmək olar ki, İrəvan rəsmi müraciət etsə bir müddət sonra Aİ tərəfindən müsbət cavab alması ehtimalı meydana gələ bilər. Avropa İttifaqı hesab edir ki, Rusiyanı Ermənistandan çıxarmadan Cənubi Qafqazda istədiyi səviyyədə möhkəmlənə bilməyəcək”.
Etibar Seyidağa,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ