Onlayn ictimai-siyasi qəzet
Baltikyanı region NATO-Rusiya qarşıdurması ilə bağlı əsas hərbi poliqona çevrilə bilər. Almaniyanın "Bild" nəşrinin iddiasına görə, NATO Estoniya, Latviya və ya Litvaya Rusiyanın mümkün hərbi müdaxilə ssenarisinə qarşı müdafiə planları hazırlayıb. ABŞ kəşfiyyatının məlumatına görə isə Rusiya NATO-nun hazırlıq səviyyəsini və siyasi birliyini yaxın aylarda, hətta bu payız sınağa çəkmək niyyətindədir.
Onu da qeyd etmək lazımdır ki, NATO yalnız Rusiyanın Baltikyanı ölkələrə hücumuna deyil, ümumiyyətlə, ən pis ssenariyə əvvəlcədən hazırlaşmağa çalışır. Çünki Rusiyanın Estoniya, Latviya və Litvaya qarşı hər hansı hərbi əməliyyatı NATO-nun kollektiv müdafiə prinsipinin — Vaşinqton müqaviləsinin 5-ci maddəsinin — real döyüş şəraitində ilk böyük sınağına çevrilə bilər. Və hazırda NATO-nun əsas hədəfi Rusiyanın ilk zərbə imkanlarını əvvəlcədən sıradan çıxarmaqdır.
Belə ki, "Bild"in təqdim etdiyi ssenariyə görə, mümkün müharibənin ilkin mərhələsində NATO-nun əsas məqsədi Rusiya qoşunlarının Baltikyanı regionda sürətli irəliləyiş imkanlarını bloklamaq olacaq. Bunun üçün isə ilk növbədə raket sistemlərinin, pilotsuz uçuş aparatlarının və hərbi aviasiyanın neytrallaşdırılması nəzərdə tutulur. Çünki müasir müharibələrdə ilk saatlar və günlər xüsusilə böyük əhəmiyyət daşıyır.

Məhz ona görə də NATO-nun mümkün müdafiə planlarında Baltikyanı ölkələrin hava məkanının qorunması, raket və dron hücumlarının qarşısının alınması, eləcə də, Rusiyanın hərbi logistikasının zəiflədilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Belə bir hərbi qarşıdurma ssenarisində Rusiyanın Kalininqrad vilayətinin xüsusi strateji əhəmiyyət daşıyacağı da qətiyyən şübhə doğurmur. Çünki Rusiya ilə birbaşa ərazi əlaqəsi olmasa da, Kalininqrad Baltikyanı regionda önəmli hərbi-strateji mövqeyə malikdir. Və burada yerləşən Rusiyanin hərbi potensialı NATO üçün olduqca ciddi təhlükə mənbəyi hesab olunur.
Ona görə də, mümkün müharibə zamanı Kalininqrad istiqaməti NATO-nun planlaşdırmasında əsas hədəflərdən birinə çevrilə bilər. NATO-nun nəzərdən keçirdiyi digər maraqlı istiqamət Rusiya və Belarusla sərhəddə yüksək texnologiyalardan istifadə edilməsidir. Hər halda, "Bild"in iddiasında pilotsuz uçuş aparatları və robotlaşdırılmış hərbi texnikanın da geniş tətbiq olunacağı xüsusi “avtonom zona” ideyasından bəhs edilir.
Böyük ehtimalla Ukrayna müharibəsində dronların kəşfiyyat, artilleriya korrektəsi, hücum və logistika sahəsində oynadığı önəmli rol NATO ölkələrinin gələcək hərbi münaqişə planlarına da ciddi təsir göstərib. Əgər, müdafiə xəttinin saxlanılması mümkün olmazsa, NATO-nun Rusiya ərazisində yerləşən bəzi hərbi və logistika obyektlərinə zərbələr endirmə ssenarisi də gündəmə gələ bilər.
Yəni, NATO ilə Rusiya arasında birbaşa müharibə başlasa, savaşın yalnız Estoniya, Latviya və Litva ərazisi ilə məhdudlaşacağına zəmanət vermək çox çətin olacaq. Çünki Rusiya ərazisindəki hərbi obyektlərin hədəfə alınması Kremlin cavab zərbələri üçün daha geniş coğrafiyanı nəzərdən keçirməsinə səbəb ola bilər. Və bu baxımdan, lokal Baltikyanı hərbi böhranın qısa müddətdə Avropanın daha geniş ərazisinə yayılan qarşıdurmaya çevrilmə ehtimalı kifayət qədər yüksəkdir.

Maraqlıdır ki, "Wall Street Journal"ın ABŞ kəşfiyyatına istinadən yaydığı məlumatlar isə Rusiya ilə savaş təhlükəsinə başqa tərəfdən yanaşmaq imkan verir. Belə ki, ABŞ kəşfiyyatı Rusiyanın NATO-nun savaşa hazırlıq səviyyəsini və siyasi iradəsini yoxlamaq üçün müxtəlif təxribatlara əl ata biləcəyini ehtimal edir. Ancaq bu ssenaridə ilk addım mütləq genişmiqyaslı hərbi hücumlar olmaya da bilər. Yəni, kiberhücumların, sabotajların, dezinformasiya kampaniyalarının, önəmli infrastrukturlara qarşı əməliyyatların və digər hibrid fəaliyyətlərin daha aşağı riskli “sınaq” vasitələri kimi nəzərdən keçiriləcəyi ehtimal olunur.
Bəzi ehtimallara görə, daha ekstremal ssenari isə Rusiyanın NATO üzvü olan ölkələrin ərazisində məhdudmiqyaslı quru əməliyyatı keçirməsi ola bilər. ABŞ kəşfiyyatının hesabına görə belə bir ssenarinin ehtimalı hazırda aşağı hesab edilir. Ancaq əsas narahatlıq ondan ibarətdir ki, zaman keçdikcə, Rusiya NATO-nun reaksiyasını daha ciddi şəkildə yoxlamağa cəhd göstərə bilər.
Rusiya üçün belə bir sınağın əsas məqsədi Baltikyanı ölkələri işğal etməkdən daha genişmiqyaslı hədəflərə yönələ bilər. Kreml üçün əsas sual NATO-nun siyasi reaksiyasının necə formalaşacağı ilə bağlıdır. Çünki NATO-nun hərbi gücü ilə yanaşı, bu alyansın ən önəmli üstünlüyü üzv dövlətlərin kollektiv müdafiə prinsipidir. Əgər, hər hansı üzv ölkəyə hərbi müdaxilə bütün alyans tərəfindən hücum kimi qəbul edilirsə, bu, Rusiyanın məhdud hərbi əməliyyat planını ciddi riskə çevirir.

Ancaq Kreml nəzəri olaraq, NATO daxilində siyasi fikir ayrılıqlarının olub-olmadığını da yoxlamaqda maraqlıdır. Xüsusilə də, ABŞ-ın Avropanın təhlükəsizliyindəki rolunun gələcəkdə necə dəyişəcəyi, "qoca qitə" ölkələrinin müdafiə xərclərini nə qədər artıracağı və Ağ Evin öhdəliklərinin hansı səviyyədə qalacağı kimi məsələlər Kremlin hesablamalarında önəmli yer tutur. Və bu baxımdan, Rusiyanın Baltikyanı regiona hücumu alyansın bütün kollektiv müdafiə sisteminin etibarlılığı barədə ciddi suallar yarada bilər.
Ona görə də, hazırda NATO üçün əsas məqsəd yalnız mümkün müharibəyə hazırlaşmaq deyil, həm də belə savaşın başlanmasının qarşısını almaqdır. Bu baxımdan, hərbi planlaşdırmanın əsas mahiyyəti mümkün təhlükənin əvvəlcədən hesablanmasıdır. Halbuki, NATO-nun Rusiya ilə müharibə ssenariləri hazırlaması belə bir müharibənin qaçılmaz olduğu anlamına da gəlmir. Ancaq Ukrayna müharibəsinin başlanmasından sonra NATO ölkələri artıq mümkün genişmiqyaslı qarşıdurmanın konkret mərhələlərini modelləşdirməyə çalışırlar.
Göründüyü kimi, hazırda ən təhlükəli ssenari böyük müharibənin məhz kiçik addımlarla başlanma ehtimalıdır. Bu baxımdan, NATO-nun Baltikyanı ölkələrin müdafiəsi ilə bağlı hazırladığı ssenarilər və ABŞ kəşfiyyatının Rusiyanın mümkün “sınaq” cəhdləri barədə xəbərdarlıqları bu ehtimalı ön plana çəkir. Və ona görə də, hər iki tərəfin müharibəyə hazırlıq görüntüsü, yaxud yanlış hərbi hesablamalar belə, böyük müharibəni ciddi şəkildə yaxınlaşdıra bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ