İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz qumar oynayanlar məsuliyyətdən azad deyil – Tanınmış vəkil açıqladı

Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb. Kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə “chc.play” platformasına bağlı “Martin” kazino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılaraq ölkəyə gətirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Anar Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tiflis və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunları təşkilini həyata keçirib.

Əməliyyatlar çərçivəsində Anar Əliyevin yaratdığı dəstənin digər üzvləri - Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib. Bildirilib ki, bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərinin nağdlaşdıraraq kriptovalyuta şəklində Anar Əliyevə məxsus hesablara köçürüblər. Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılması istintaq zamanı sübuta yetirilib.

Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarı ilə Anar Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Göstərilən qanunazidd əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİN sonda bir daha vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırıb. Qeyd edilib ki, qanunsuz kazino oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır.

Cavad Cavadova xəbərdarlıq edildi Pravda.az

Qanunsuz mərc oyunları ilə bağlı vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, məsələyə sırf hüquqi nöqteyi-nəzərindən yanaşdıqda, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi bu əməliyyat həm Cinayət Məcəlləsinin, həm də İnzibati Xətalar Məcəlləsinin tətbiqi baxımından ciddi hüquqi məqamları ortaya çıxarır: “Xaricdən idarə olunan onlayn qumar və mərc oyunlarının təşkili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci, yəni qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi maddəsi ilə tövsif olunur. Əgər əməl mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə etməklə törədilibsə, bu, ağırlaşdırıcı hal kimi cəzanı sanksiya çərçivəsində daha da ağırlaşdırır. Bundan başqa, işin materiallarında qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin kriptovalyutaya çevrilməsi və daşınmaz əmlaka yönəldilməsi qeyd olunur. Bu hal artıq Cinayət Məcəlləsinin 193-1-ci, yəni cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsinin tərkibini yaradır”.

Vəkil deyib ki, şübhəli şəxsin Gürcüstanda saxlanılaraq ölkəyə gətirilməsi ekstradisiya prosedurları və ya ikitərəfli hüquqi yardım haqqında müqavilələr çərçivəsində həyata keçirilir: “Eyni zamanda, mobil operator nömrələri, bank kartları və kripto-cüzdan əməliyyatlarının dəstə üzvləri ilə birbaşa əlaqəsi və təqsirin forması dəqiq sübuta yetirilməlidir. Kartını və ya texniki avadanlığı başqasına istifadə üçün verən şəxslərin cinayətdə iştirakçılıq dərəcəsi fərdiləşdirilməlidir”.

Vəkil bildirib ki, işin ən kritik tərəfi isə vətəndaşların bu oyunlara cəlb edilməsidir: “Qanunsuz qumar oyunlarını təşkil edənlər cinayət məsuliyyəti daşıdığı halda, bu oyunlarda iştirak edən sıravi şəxslər İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. Bank kartlarını və şəxsi məlumatlarını müəyyən haqq müqabilində bu cür platformalara təqdim edən vətəndaşlar bilməlidirlər ki, onların bu əməli bilərəkdən cinayətə şərait yaratmaq və ya cinayətdə iştirakçılıq kimi qiymətləndirilə bilər. Hüquqi savadlılığın və ya məlumatlılığın aşağı olması şəxsi cinayət və ya inzibati məsuliyyətdən azad etmir”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR