İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı keçmiş hərbçi Braziliyada tutuldu

Braziliyada Rusiyanın beynəlxalq axtarışa verdiyi keçmiş hərbçi xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bütün bədəni döymələrlə örtülmüş 29 yaşlı Sergey Kotelnikovun Rusiyada 625 kiloqram kokainin satışını təşkil etməyə cəhddə iştirakda ittiham olunduğu bildirilir. Narkotik maddələrin qablaşdırılmasında isə dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin təsvirindən istifadə edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kotelnikov Braziliyanın Salvador şəhərində saxlanılıb.

Braziliya hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş hərbçi ölkəyə təxminən bir ay əvvəl gəlib və yerli cinayətkar qruplaşmalarla əlaqə yaratmağa başlayıb. İddia olunur ki, o, həmin qruplaşmalara silah, döyüş sursatı və narkotik vasitələrin tədarükünü təklif edib.

Bu fəaliyyət xüsusi xidmət orqanlarının diqqətini çəkib. Yoxlama zamanı Kotelnikovun İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşdirilib və o, xüsusi əməliyyatla saxlanılıb.

Araşdırma zamanı keçmiş hərbçinin Rusiyada böyük narkotik qaçaqmalçılığı işi ilə əlaqəsi üzə çıxıb.

Nəşrlərin məlumatına görə, Sergey Kotelnikov həyat yoldaşı Yekaterina ilə birlikdə uzun müddət Argentinada yaşayıb. İddia olunur ki, onlar burada müxtəlif qanunsuz fəaliyyətlərlə məşğul olublar.

Kotelnikov Argentinada özünü “Ömər Xəyyam” kimi təqdim edən naməlum şəxslə tanış olub. Həmin şəxs ona Rusiyada kokain satışı şəbəkəsinin yaradılmasını təklif edib və iri narkotik partiyasının çatdırılmasını öz üzərinə götürüb.

Məlumata görə, Kotelnikov və həyat yoldaşı təkliflə razılaşıblar.

Yekaterina Kotelnikova bu işə Voronej şəhərindən olan rəfiqəsi Anika Seleznyovanı cəlb edib. Ona 50 min dollar müqabilində narkotik partiyasını təhvil almaq, avtomobillə daşımaq və karton qutulara yenidən qablaşdırmaq tapşırılıb.

Təşkilatçılar qadın sürücünün polis əməkdaşlarında daha az şübhə doğuracağını düşünüblər. Lakin Seleznyovanın sürücülük vəsiqəsi olmadığı üçün ona saxta sənəd düzəldilib.

Sergey Kotelnikov isə öz dostu Kirill Knyazevi əməliyyata cəlb edib. Ona da 50 min dollar vəd olunub. Knyazevin vəzifəsi narkotik daşıyan avtomobilin izlənilib-izlənilmədiyini yoxlamaq və yükün yenidən qablaşdırılmasına kömək etmək olub.

2023-cü ilin dekabrında Seleznyova və Knyazev Moskva vilayətinə gələrək “Ömər Xəyyam”ın göstərişlərini gözləyiblər.

Narkotik partiyasının harada saxlanıldığı son ana qədər onlardan gizlədilib. Daha sonra təşkilatçı kokainin Ximki şəhərindəki qarajlardan birində olduğunu bildirib və açarın gizlədildiyi yeri göstərib.

Qarajda onları qeyri-adi mənzərə gözləyib: böyük çantalara yığılmış kokain briketlərinin üzərində Lionel Messinin təsviri olub.

Məlumata görə, partiyanın ümumi çəkisi 625 kiloqram təşkil edib. Nəşrlər narkotikin Argentinadan Sankt-Peterburq limanı vasitəsilə Rusiyaya gətirilmiş ola biləcəyini ehtimal edirlər.

Seleznyova və Knyazev briketləri avtomobilə yükləyiblər. Qadın maşını ticarət mərkəzlərindən birinə doğru idarə edib, Knyazev isə başqa avtomobillə onu izləyib.

Plana əsasən, narkotik maddələr ticarət mərkəzinin yaxınlığında xüsusi avtomobildə karton qutulara yerləşdirilməli, yapışqan lentlə bağlanmalı və sonradan satış üçün başqa ünvana aparılmalı idi.

Lakin narkotik partiyası artıq Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarəti altında olub.

Əməliyyat zamanı Seleznyova və Knyazev saxlanılıblar. Daha sonra Yekaterina Kotelnikova da həbs edilib.

Məhkəmənin hökmü ilə Kirill Knyazev 9 il 6 ay, Yekaterina Kotelnikova 9 il, Anika Seleznyova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Sergey Kotelnikov barəsində qiyabi həbs qərarı çıxarılıb və o, beynəlxalq axtarışa verilib.

Braziliyada keçirilən son əməliyyat nəticəsində onun da saxlanıldığı bildirilir.

Maraqlıdır ki, yüzlərlə kiloqram kokainin Rusiyaya göndərilməsini təşkil etdiyi iddia olunan və özünü “Ömər Xəyyam” adlandıran şəxsin əsl kimliyi indiyədək müəyyənləşdirilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR