İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada İLGİNC ADDIM

Rusiyada məktəb dərsliklərinin məzmunu valideynlər, müəllimlər və şagirdlər arasında narazılığa səbəb olub. Yeni dərsliklərdə adi riyaziyyat məsələlərinin hərbi pilotsuz uçuş aparatları ilə əvəzlənməsi, ailə münasibətlərinə dair materiallarda qadına qarşı zorakılıqla bağlı ifadələrin yer alması və tədrisdə hərbi-vətənpərvərlik mövzularının geniş yayılması etiraz doğurub.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər sosial şəbəkələrdə valideynlərin, müəllimlərin və şagirdlərin paylaşdığı narazılıq videolarını toplayıblar.

Ən çox müzakirə olunan məsələlərdən biri ikinci sinif riyaziyyat dərsliyindəki tapşırıqlardır.

“Niyə ikinci sinif şagirdi alma əvəzinə dronları hesablamalıdır?” - deyə valideynlərdən biri sual edir.

Başqa bir ana isə dərslikdəki məsələni oxuyur: birinci pilotsuz uçuş aparatı bir reysdə iki kiloqram, ikinci aparat isə beş kiloqram yük daşıyır. Tapşırığın yanında dronun təsviri və onun hansı məqsədlərlə istifadə olunduğuna dair izah da yerləşdirilib.

“Albalılar, pişiklər, tortlar... Bunların hamısı artıq keçmişdə qaldı”, – deyə qadın narazılığını bildirir.

Narazılığa səbəb olan başqa bir dəyişiklik ingilis dili dərsliyində qeydə alınıb. Şagirdlərdən biri bildirir ki, dərsliyin əvvəlki nəşrində ingilis dilində artikllərin işlədilməsi ilə bağlı tapşırıqda amerikalı müğənni Ledi Qaqanın adı çəkilirdi.

Yeni nəşrdə isə onun yerini Rusiyada vətənpərvərlik mahnıları ilə tanınan, Ukraynadakı müharibəyə dəstək verən müğənni Şaman (əsl adı Yaroslav Dronov) tutub.

“İndiki versiyada Ledi Qaqanı ləğv ediblər. Görəsən, növbəti dəfə kimi ləğv edəcəklər?” – deyə şagird istehza ilə soruşur.

Ən ciddi etiraz isə ailə münasibətlərinə dair dərslikdə qadının döyülməsi ilə bağlı ifadələrin yer almasına görə yaranıb.

Sosial şəbəkələrdə yayılan iki videoda analar “Birgə həyatın başlanğıcı. Gənc ailə: maliyyə, məişət, asudə vaxt” bölməsindən parçalar göstərirlər.

Həmin materialda arvadın qamçı ilə, guya “ehtiyatla və öyüd vermək məqsədilə” döyülməsindən, bundan sonra isə kənar şəxslərin hadisədən xəbər tutmaması üçün barışmaqdan bəhs edilir.

Valideynlərdən biri mətndəki “köynəyini çıxarıb əllərindən tutaraq” ifadəsinə xüsusi diqqət çəkərək belə yanaşmanın uşaqlara öyrədilməsini sual altına alır.

Digər ana isə paylaşımında yazır: “Oğlan anaları, nə edəcəyik?”

Narazılıqlar yalnız dərsliklərlə məhdudlaşmır. Müəllimlər də məktəblərdə keçirilən “Vacib mövzular haqqında söhbətlər” adlı xüsusi məşğələlərdə eyni vətənpərvərlik mövzularının dəfələrlə təkrarlandığını bildirirlər.

Müəllimlərdən biri Müəllimlər Günündə yayımladığı videoda sentyabrın 7, 14 və 21-də keçirilən məşğələlərdə vətənpərvərlik, Vətənə xidmət və ölkənin taleyi qarşısında məsuliyyət mövzularının təkrar olunduğunu söyləyib.

“Görünür, sentyabr ərzində vətənpərvərlik bizə kifayət etməyib”, – deyə müəllim istehza ilə bildirib.

Hərbi mövzuların hətta uşaq bağçalarına qədər daxil olması da valideynlərin diqqətini çəkib.

Yayılan videolardan birində ana azyaşlı oğlundan bağçada keçirilən “Xeyirxah oyunlar” məşğələsində nə öyrəndiyini soruşur.

“Müharibə haqqında mahnılar dinlədim”, – deyə uşaq cavab verir.

Anası ondan nə başa düşdüyünü soruşduqda isə oğlan “Başa düşdüm ki, bu, mənim həyatımın arzusudur” söyləyir.

“МО” nəşrinin topladığı bu görüntülər Rusiyada məktəb və məktəbəqədər təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzularının tədrisi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, nəşrin təqdim etdiyi materiallar sosial şəbəkələrdə yayımlanmış ayrı-ayrı videolara əsaslanır. Sözügedən parçaların hansı dərslik nəşrlərinə aid olduğu və onların bütün Rusiya məktəblərində istifadə edilib-edilmədiyi barədə məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR