İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məktəbli forması dini ibadətin qadağan edilməsi deyil" – Deputat

"Məktəblərdə vahid məktəbli formasının tətbiqi məsələsini qabardaraq bunu Azərbaycanda dini etiqad azadlığına məhdudiyyət kimi təqdim etməyə çalışan yanaşmaların cəmiyyətdə əlavə gərginlik yaratmağa çalışan şəxslərin olması artıq açıq şəkildə görünməkdədir. Xüsusilə sosial şəbəkələrdə yayılan çağırışlar və məktəb qaydalarına qarşı itaətsizliyin təşviq edilməsi ilə bağlı məlumatlar məsələyə daha həssas yanaşmağı tələb edir".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

badam.jpeg (279 KB)

Millət vəkili xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, dövlətimiz dünyəvi respublikadır:

"Konstitusiyanın 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit edilir. Məktəb yalnız bilik verilən müəssisə deyil, həm də uşaqların dünyagörüşünün, düşüncə tərzinin və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə məkanıdır. Buna görə də təhsil müəssisələrində uşaqların sərbəst düşüncəsinə təsir göstərə biləcək radikal ideoloji çağırışların və dini xurafatın yayılmasının qarşısı alınmalıdır. Burada əsas məqsəd dini etiqad azadlığını məhdudlaşdırmaq deyil, dünyəvi təhsil prinsiplərini qorumaq, bütün şagirdlər üçün bərabər təhsil mühiti yaratmaqdır".

Azər Badamov vurğulayıb ki, vahid məktəbli formasının tətbiqi dini ibadətin qadağan edilməsi demək deyil:

"Məktəblərdə geyim qaydaları qanunvericiliyə uyğun, aydın və hamıya bərabər tətbiq edilməlidir. Bu məsələyə dini inanclara qarşı mübarizə kimi deyil, təhsil müəssisəsinin təyinatı və ümumi qaydalar çərçivəsində yanaşılmalıdır".

Millət vəkili hesab edir ki, maarifləndirmənin gücləndirilməsi üçün ilk növbədə şagirdlər arasında dünyəvi təhsil, dini etiqad azadlığı, tolerantlıq və hüquq mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlər keçirilməlidir:

"Eyni zamanda, valideynlərlə müntəzəm görüşlər, seminarlar və müzakirələr təşkil olunmalı, vahid məktəbli formasının məqsədi və hüquqi əsasları onlara ətraflı izah edilməlidir. Müəllimlər də bu məsələlərə həssas yanaşmalı, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməli və sağlam məktəb mühitinin formalaşmasına töhfə verməlidirlər. Digər tərəfdən, Azərbaycanda dini dəyərlərə və ibadət azadlığına dövlət səviyyəsində hörmət göstərilir. Məscidlərin fəaliyyəti üçün şərait yaradılır, dini abidələrin bərpasına dövlət dəstəyi verilir, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin yenidən qurulması istiqamətində işlər görülür. Dini təhsil sahəsində mütəxəssislərin hazırlanması üçün də müvafiq imkanlar yaradılıb. Bütün bunlar göstərir ki, dünyəvi dövlət prinsiplərinin qorunması dini inanclara qarşı münasibət kimi qiymətləndirilməməlidir".

Azər Badamov dini dəyərlərin radikalizm və xurafatın yayılması üçün vasitəyə çevrilməsinə yol verilməməsinin vacibliyini də vurğulayıb:

"Eyni zamanda dini dəyərlərin radikalizm və xurafatın yayılması üçün vasitəyə çevrilməsinə yol verməməliyik. Xüsusilə uşaqların və yeniyetmələrin radikal ideoloji təsirlərdən qorunması ailənin, məktəbin və cəmiyyətin ortaq vəzifəsidir. Bu məqsədlə tənqidi düşüncənin inkişafına, elmi biliklərin və milli-mənəvi dəyərlərin düzgün təbliğinə xüsusi diqqət yetirilməlidir. Əminəm ki, məsələyə hüquqi, maarifləndirici və konstruktiv yanaşma sərgiləməklə həm dini etiqad azadlığını, həm də dünyəvi təhsil prinsiplərini qoruya bilərik. Məktəblərimiz ideoloji qarşıdurma məkanına deyil, uşaqlarımızın bərabər şəraitdə təhsil aldığı, sağlam dünyagörüşünə və vətənpərvərlik ruhuna yiyələndiyi mühitə çevrilməlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR