Onlayn ictimai-siyasi qəzet
Yaşayış binalarındakı bəzən bir mənzildən digərinə səsin keçməsi sakinlərin narazılığına səbəb olur.
Bəs hansı halda qonşu mənzildəki səs-küy hüquqi məsuliyyət yaradır?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında hüquqşünas Elnur Məmmədov bildirib ki, səs-küy məsələsi yaşayış binalarında qonşular arasında ən çox rast gəlinən mübahisələrdən biridir:
"Lakin hər bir səs-küy halı hüquq pozuntusu hesab edilmir. Hüquqi məsuliyyətin yaranması səsin xarakterindən, intensivliyindən, davametmə müddətindən, baş verdiyi vaxtdan və qüvvədə olan qanunvericiliyin tələblərinin pozulub-pozulmamasından asılıdır.
Adi məişət səsləri, məsələn, gündəlik danışıq və normal həyat fəaliyyəti, bir qayda olaraq, məsuliyyət üçün əsas yaratmır. Ancaq gecə saatlarında yüksək səslə musiqi dinləmək, davamlı qışqırmaq, səsucaldıcılardan istifadə etməklə qonşuların istirahətinə mane olmaq və digər şəxslərin rahatlığını pozan davranışlar qanunvericilikdə nəzərdə tutulan hallarda inzibati məsuliyyətə səbəb ola bilər".
Ekspert qayda pozuntusu halında tətbiq olunan cəzaların miqdarını da açıqlayıb:
"Qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan 07:00-dək məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə edilə bilərlər.
Səs-küy problemi ilə qarşılaşan sakinlər ilk növbədə qonşuya iradlarını nəzakətlə bildirməklə məsələnin qarşılıqlı razılaşma yolu ilə həllinə çalışa bilərlər. Pozuntu davam edərsə, polisə müraciət etmək, hadisənin vaxtını və xarakterini qeydə almaq, mümkün sübutları saxlamaq məqsədəuyğundur.
Nəticə olaraq, hər kəs öz mənzilindən istifadə etmək hüququna malik olsa da, bu hüquq digər sakinlərin istirahətinə və rahatlığına mane olmaq səlahiyyəti vermir. Hüquqi məsuliyyətin tətbiqi isə konkret halın qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsindən asılıdır".
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ