İnsanlara hürriyət, millətlərə istiqlal!

Genofondumuzdan SOS siqnalı - Uşaqlar azalır, ölümlər artır...

Azərbaycanda demoqrafik mənzərə son illərdə diqqətçəkən şəkildə dəyişir. Əhalinin artımının əsas mənbələrindən biri olan təbii artımın zəifləməsi, doğumların azalması və eyni zamanda ölüm hallarının artması ölkənin gələcək sosial-iqtisadi inkişafı baxımından ciddi suallar yaradır.

2026-cı ilin ilk altı ayında Azərbaycanda 40 798 uşaq doğulub. Ötən ilin eyni dövründə isə bu göstərici 45 616 nəfər olub. Beləliklə, cəmi bir il ərzində doğulan uşaqların sayı 4 818 nəfər və ya 10,6 faiz azalıb. Hər 1000 nəfərə düşən doğum sayı da 9,0-dan 8,0-a enib.

Bu rəqəmlər göstərir ki, söhbət sadəcə ayrı-ayrı aylarda müşahidə olunan dəyişiklikdən getmir. Doğum göstəricilərində azalma artıq ölkənin demoqrafik dinamikasında özünü göstərən ciddi tendensiyaya çevrilir.

Lakin diqqət çəkən məqam yalnız doğumların azalması deyil. Eyni dövrdə ölüm hallarının da artması demoqrafik vəziyyəti daha mürəkkəb edir. Belə ki, 2026-cı ilin ilk altı ayında ölkədə 30 625 nəfər vəfat edib. 2025-ci ilin eyni dövründə bu rəqəm 29 400 nəfər idi. Başqa sözlə, bir il ərzində ölüm hallarının sayı 1 225 nəfər və ya 4,2 faiz artıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi isə 5,8-dən 6,0-a yüksəlib.

Doğumların azalması ilə ölümlərin artmasının üst-üstə düşməsi təbii artım göstəricisində daha aydın görünür. 2025-ci ilin ilk yarısında ölkədə doğulanlarla ölənlər arasındakı fərq 16 216 nəfər təşkil edirdi. 2026-cı ilin eyni dövründə isə bu fərq 10 173 nəfərə enib. Beləliklə, cəmi bir il ərzində əhalinin təbii artımı 6 043 nəfər və ya 37,3 faiz azalıb.

Bəs bu məsələdə əsas təhlükə nədir? Qarşıdakı 10-20 ildə ölkənin demoqrafik mənzərəsini necə formalaşacaq?

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız... | Axar.Az

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloq bildirib ki, doğumların azalması və ölüm hallarının artması gələcəkdə Azərbaycan üçün ciddi demoqrafik problem yarada bilər: "Qarşımızda iki mühüm fakt var. Birinci fakt ondan ibarətdir ki, son illərdə Azərbaycanda doğum halları azalır. İkinci fakt isə ölüm hallarının artmasıdır. İndi əsas sual budur: bu iki amil Azərbaycanda demoqrafik problem yaradırmı? Bəli.

Demoqrafik problem nə deməkdir? Əgər mövcud tendensiya davam edərsə, ölkə əhalisinin sayında azalma baş verə bilər. Hətta təxminən bir il əvvəl beynəlxalq təşkilatlardan birinin hesabatında qeyd olunurdu ki, mövcud demoqrafik dinamika davam edərsə, 2100-cü ilə qədər Azərbaycanın əhalisi 8 milyona qədər azala bilər. Bu, Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir. Onsuz da əhalimizin sayı çox deyil və təxminən 2 milyon nəfərlik azalma ciddi məsələdir. Ona görə də bu, real demoqrafik problemdir. Əhalinin sayının azalması ölkə üçün bir sıra ciddi risklər yaradır".

Mail Yaqubun fikrincə, əhalinin sayının azalması yalnız sosial və iqtisadi məsələ kimi qiymətləndirilməməlidir. Bu proses milli təhlükəsizlik, hərbi-strateji və siyasi baxımdan da ciddi əhəmiyyət daşıyır: "Ölkənin əhali sayı onun potensialını və gələcək imkanlarını müəyyənləşdirən əsas göstəricilərdən biridir.

İndi ikinci mühüm sual yaranır: bu vəziyyət niyə yaranıb? Azərbaycanda doğum niyə azalır, ölüm halları niyə artır?

Ölüm hallarının artmasının bir sıra səbəbləri ola bilər. Burada tibbi və sosial-psixoloji amillər mühüm rol oynayır. Müxtəlif xəstəliklərin, xüsusilə ürək-damar xəstəliklərinin artması, əhalinin yaş strukturunda dəyişikliklər, yaşlı insanların sayının çoxalması, psixoloji gərginlik və depressiya hallarının artması ölüm göstəricilərinə təsir edə bilər".

Sosioloq hesab edir ki, ölüm hallarının artması ilə yanaşı, doğumların azalması daha geniş və kompleks səbəblərlə bağlıdır. O, əsas səbəblərindən biri kimi əhalinin həyat tərzinin və ailə ilə bağlı baxışlarının dəyişməsini göstərib: "Birinci səbəb əhalinin həyat tərzinin və ailə ilə bağlı baxışlarının dəyişməsidir. Artıq ailələr arasında bir və ya iki uşaqla kifayətlənmək tendensiyası güclənib. Bəzi ailələr maddi cəhətdən imkanlı olsalar da, daha çox uşaq sahibi olmaq istəmirlər. Onlar bir uşağın kifayət etdiyini düşünürlər.

Bu, artıq yalnız iqtisadi problemlə izah edilə bilməz. Burada həyat tərzi və dünyagörüşü dəyişiklikləri də rol oynayır. Bəzi insanlar müasir və rahat həyat modelinə üstünlük verir, ailədə bir, maksimum iki uşağın olmasını kifayət hesab edirlər.

Digər səbəb sosial-iqtisadi problemlərdir. Bəzi insanlar çoxuşaqlı ailə istəyirlər, lakin buna maddi imkanları çatmır. Uşağın böyüdülməsi, təhsili, səhiyyəsi, mənzil və digər xərcləri ailələr üçün ciddi maliyyə yükü yaradır. Buna görə də ailə istəyinə baxmayaraq, insanlar uşaq sayını məhdudlaşdırmağa məcbur olurlar".

Mail Yaqub doğum göstəricilərinin aşağı düşməsində nikahların azalmasının da mühüm rol oynadığını bildirib: "Azərbaycanda nikah sayında da azalma müşahidə olunur. Ailə quran insanların sayı azaldıqca təbii olaraq doğumların sayına da təsir göstərir.

Dördüncü səbəb boşanmaların artmasıdır. Boşanmaların çox olması da doğum göstəricilərinə təsirsiz ötüşmür. Ailələrin dağılması, ikinci və sonrakı uşaqların dünyaya gətirilməsi planlarının təxirə salınmasına və ya ümumiyyətlə həyata keçirilməməsinə səbəb ola bilər. Beləliklə, doğumların azalmasının arxasında həm həyat tərzində və dünyagörüşündə dəyişikliklər, həm sosial-iqtisadi çətinliklər, həm nikahların azalması, həm də boşanmaların artması kimi bir neçə mühüm amil dayanır".

Mail Yaqub hesab edir ki, mövcud demoqrafik tendensiyalara qarşı ciddi və uzunmüddətli siyasət həyata keçirilməlidir: "Bəs nə etməliyik? Bu prosesə sadəcə tamaşa etməliyikmi? Məncə, yox. Ciddi və uzunmüddətli demoqrafik siyasət həyata keçirilməlidir. Doğumların azalmasına səbəb olan əsas amillər aradan qaldırılmalıdır. Ailələrin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması, gənclərin ailə qurmasına imkan yaradan şəraitin formalaşdırılması və ailələrin daha çox uşaq sahibi olmasını stimullaşdıran mexanizmlərin yaradılması vacibdir.

Əsas məqsəd ən azı əhalinin mövcud sayını qorumaq, əhalinin azalmasının qarşısını almaq olmalıdır. Əks halda, mövcud tendensiya davam edərsə, qarşıdakı 20-30 il ərzində əhali sayında azalma daha aydın şəkildə müşahidə oluna bilər.

Dünyada bunun nümunələri var. Rusiya və Avropa İttifaqının bir sıra ölkələrində əhali azalması ciddi demoqrafik problemə çevrilib. Bəzi ölkələrdə hər il təbii azalma hesabına əhalinin sayı yüz minlərlə nəfər azalır. Təsəvvür edin, böyük bir ölkənin hər il yüz minlərlə insan itirməsi nə deməkdir. Bu, artıq yalnız statistika deyil. Bu, həmin ölkənin gələcəyi, əmək bazarı, iqtisadiyyatı, sosial təminat sistemi və milli təhlükəsizliyi ilə bağlı məsələdir.

Azərbaycan da indidən bu prosesə ciddi yanaşmalıdır. Çünki demoqrafik problemlər bir gündə yaranmır və bir gündə də həll olunmur. Bu gün görülən tədbirlərin nəticəsi yalnız illər sonra özünü göstərə bilər. Ona görə də əhalinin sayının azalmasının qarşısını almaq üçün demoqrafik siyasət bu gündən formalaşdırılmalıdır".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR