Onlayn ictimai-siyasi qəzet
Rusiyanın qızıl ehtiyatları son illərin minimumuna enib. Büdcədə böyüyən kəsiri maliyyələşdirmək üçün hökumətin qızıl satışlarını artırması əsas səbəblərdən biri kimi göstərilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, avqustun 1-nə Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 73,2 milyon unsiyaya düşüb.
Agentliyin hesablamasına görə, bu, 2020-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
2026-cı ilin əvvəlindən Mərkəzi Bankın qızıl ehtiyatları 1,6 milyon unsiya azalıb. Bu müddətdə qızıl rezervlərinin dəyəri isə 33,7 milyard dollar aşağı düşüb. Təkcə son bir ay ərzində ehtiyatlar daha 200 min unsiya azalıb.
Bloomberg yazır ki, Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını azaltmağa hələ 2025-ci ildə başlayıb. Bu proses Maliyyə Nazirliyinin büdcə kəsirini maliyyələşdirmək məqsədilə Milli Rifah Fondundakı qızılı satması ilə əlaqədardır. Mərkəzi Bank hökumətin satışlarının rubl və maliyyə sisteminə təsirini kompensasiya etmək üçün daxili bazarda uyğun həcmdə qızıl satır.
Maraqlıdır ki, Rusiya qızıl satdığı bir vaxtda dünyanın bir sıra digər mərkəzi bankları əksinə, qızıl ehtiyatlarını artırırlar. “Forbes”ə danışan maliyyə məsləhətçisi Denis Deqtyar bunu Mərkəzi Bankın qızıla etimadını itirməsi ilə deyil, büdcənin rubla ehtiyacının artması ilə izah edib. Sanksiyalar səbəbindən Rusiya qızılının əsasən daxili bazarda satıldığı bildirilir.
Qızıl satışlarının arxasında dayanan əsas problemlərdən biri sürətlə böyüyən büdcə kəsiridir. Yanvar-iyul aylarında Rusiyanın federal büdcəsinin kəsiri artıq 6,455 trilyon rubla və ya ÜDM-in 2,8 faizinə çatıb. Halbuki 2026-cı ilin bütün ili üçün büdcədə cəmi 3,786 trilyon rubl, yaxud ÜDM-in 1,6 faizi həcmində kəsir nəzərdə tutulmuşdu.
Büdcə kəsirinin artmasının əsas səbəblərindən biri hərbi xərclərdir. Bloomberg daha əvvəl Maliyyə Nazirliyi və Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələrinin Vladimir Putinə planlaşdırılan hərbi xərclərin büdcə kəsirini təhlükəli həddə çatdıra biləcəyi barədə xəbərdarlıq etdiklərini yazmışdı.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ