İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir

Rusiya Gürcüstanda yalnız sülh çağırışı etmir, Tiflisin separatçı bölgələrə qarşı güc tətbiq etməyəcəyini hüquqi sənədlə təsdiqləməsini istəyir...

Moskva ilə Tiflis arasında diplomatik münasibətlərin bərpası məsələsində Rusiya şərtləri getdikcə daha aydın şəkildə ortaya qoyur. Musavat.com "Qruziya-online"yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, diplomatik münasibətlərin bərpası təşəbbüsü Gürcüstandan gəlməlidir. Lakin Moskvanın əsas tələbi bundan da önəmlidir: Tiflis Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə hüquqi baxımdan məcburi razılaşmalar imzalamalıdır.

Picture background

Zaxarovanın sözlərinə görə, Moskva uzun müddətdir Gürcüstanı belə sənədlər imzalamağa çağırır və Tiflisin Cənubi Qafqazda yaranmış “yeni geosiyasi reallıqları” qəbul etməsini gözləyir. Rusiya tərəfi hesab edir ki, bu cür hüquqi öhdəliklər 2008-ci ilin avqust hadisələrinin təkrarlanmasının qarşısını ala bilər. Burada Moskvanın mövqeyində diqqətçəkən bir məqam var: Rusiya Gürcüstandan yalnız sülh çağırışı etmir, Tiflisin separatçı bölgələrə qarşı güc tətbiq etməyəcəyini hüquqi sənədlə təsdiqləməsini istəyir.

Yada salaq ki, Qarabağ münaqişəsi illərində ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa – Azərbaycanı işğal olunmuş ərazilərində güc tətbiqindən çəkinməyə, atəşkəsi qorumağa və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırırdılar. Həmsədrlərin bəyanatlarında tərəflərin təxribatlardan və hərbi eskalasiyadan uzaq durması xüsusi vurğulanırdı. Bakının mövqeyi isə uzun müddət belə idi: danışıqlar prosesi işğalın aradan qaldırılması ilə nəticələnmədiyi halda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu saxlayır.

Belə görünür ki, vaxtilə Qarabağ məsələsində tərəfləri, o cümlədən Azərbaycanı hərbi ssenaridən uzaq tutmağa çalışan beynəlxalq vasitəçilik məntiqinin bənzər elementi bu dəfə Moskvanın Gürcüstanla münasibətlərində ortaya çıxır. Moskvanın Tiflisdən belə hüquqi öhdəlik tələb etməsi əslində daha geniş siyasi məqsəd daşıyır. Rusiya bununla yalnız yeni müharibənin qarşısını almaq istədiyini bildirmir. Zaxarovanın “yeni geosiyasi reallıqların tanınması” ifadəsi göstərir ki, Moskva 2008-ci ildən sonra yaranmış vəziyyətin Tiflis tərəfindən nəzərə alınmasını istəyir.Başqa sözlə, Moskvanın yanaşması belə görünür: əvvəlcə Tiflis Abxaziya və Cənubi Osetiya məsələsində güc tətbiqindən imtina etməlidir, daha sonra münasibətlərin normallaşdırılması üçün siyasi zəmin yarana bilər.

Picture background

Bu isə Gürcüstan üçün kifayət qədər ağır seçimdir. Çünki Tbilisinin belə bir sənədə imza atması faktiki olaraq həmin bölgələrin statusu ilə bağlı hərbi variantdan hüquqi şəkildə uzaqlaşması demək olardı. Moskva isə bunun müqabilində diplomatik münasibətlərin bərpası imkanının açıq olduğunu bildirir, lakin təşəbbüsün məhz Gürcüstandan gəlməsini tələb edir. Qarabağ məsələsində Rusiya uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi çıxış edirdi. Həmin format 2025-ci ildə Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra bağlanıb.Bu gün isə Moskva Gürcüstan məsələsində artıq klassik beynəlxalq vasitəçi rolunda deyil. Rusiya birbaşa tərəfdir və Tiflisdən konkret hüquqi öhdəlik istəyir. Bu baxımdan Zaxarovanın açıqlaması xüsusilə diqqətçəkəndir.

Moskva bir tərəfdən Tiflisin diplomatik münasibətlərin bərpası üçün ilk addımı atmasını gözlədiyini bildirir, digər tərəfdən isə Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqqında sənədlərin imzalanmasını tələb edir.Yəni Rusiya faktiki olaraq Tiflisə belə mesaj verir: münasibətləri bərpa etmək istəyirsinizsə, əvvəlcə yeni müharibə ehtimalından hüquqi şəkildə imtina edin.

Moskvanın Gürcüstanla bağlı son mesajı yalnız separatçı bölgələrlə məhdudlaşmır. Zaxarova Gürcüstanda Rusiya vətəndaşlarına qarşı baş verdiyi bildirilən insidentlərdən də danışaraq Tiflisi onların təhlükəsizliyini təmin etməyə və “rusofobiya” hallarının qarşısını almağa çağırıb. Bu da Moskvanın Gürcüstanla münasibətlərin normallaşmasına bir neçə istiqamətdən yanaşdığını göstərir: diplomatik münasibətlərin bərpası, Abxaziya və Cənubi Osetiya ilə bağlı hüquqi təminatlar və Gürcüstanda Rusiya vətəndaşlarının təhlükəsizliyi.

Amma bütün bu tələblərin içərisində ən strateji məsələ məhz güc tətbiq etməmək haqqında razılaşmadır.Çünki belə bir sənəd imzalanarsa, Tiflisin separatçı bölgələrlə bağlı gələcək hərbi siyasəti üçün ciddi hüquqi çərçivə yaranacaq...

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR