Onlayn ictimai-siyasi qəzet
Rusiya Hind okeanına çıxış üçün yeni və olduqca iddialı layihəni gündəmə gətirib. Belə ki, Moskva Bosfor və Hörmüz boğazlarından asılılığı azaltmaq məqsədilə Mərkəzi Asiya və Cənubi Asiya üzərindən Hindistana uzanacaq dəmir yolu xəttinin yaradılmasını təklif edir.
Bəs Rusiyanın Hindistana “quru körpü” qurmaq istəyi nədən irəli gəlir, nə dəyişəcək?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Rusiya baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Bosfor və Hörmüz boğazındakı riskləri azaltmaq üçün Hind okeanına dəmir yolu çəkilə biləcəyini söyləyib. Rusiyalı rəsminin sözlərinə görə, boğazlardan istifadə çətinləşdikcə, Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən dəmiryolları çəkilə bilər".
Elxan Şahinoğlu qeyd edib ki, bu ideyanın tarixi bir neçə əsr əvvələ gedib çıxır: "Marat Xusnullin Hind okeanına dəmiryol ideyası yeni deyil. Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə Rusiya imperiyasının Şərq ticarətinə birbaşa çıxışını təmin etmək məqsədilə planlar qururdu. Birtaniya imperiyası dənizlərə hakim idisə, Rusiya imperiya Hind okeanına qədər uzanan quru yollarına hakim olmaq istəyirdi. Rusiya bir daha bu təklifə Birinci Dünya Müharibəsinin astanasında qayıdır. Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrtununu Hindistana qədər uzanması ideyası müzakirə olunurdu. Ancaq mövcud regional risklər və Birinci Dünya müharibəsi layihənin reallaşmasına əngəl oldu".
Politoloq hesab edir ki, üstündən 100 ildən artıq vaxt keçdikdən sonra Moskvanın Hind okeanına quru yolla çıxış layihəsini yenidən gündəmə gətirməsi təsadüfi deyil: "Dəmiryolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana uzanması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına altenativ hesab edir. Bu ideyanın reallaşması çətin görünür. Çünki, Avrasiya bölgəsində 100 il əvvəlki qeyri-sabitlik bu gün də mövcuddur. Digər tərəfdən Rusiyanın Sankt-Peterburq şəhərində Hindistanın Mumbay şəhərinə qədər olan məsafə 7 min kilometrdən çoxdur. Dəmiryolu müxtəlif ölkələrdən keçməlidir".

Elxan Şahinoğlu qeyd edib ki, Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var: "Birincisi, Rusiya Ukrayna müharibəsinə görə Avropa bazarını itirib. Rusiya Avropa ölkələrinə neft və qaz sata bilmir. Bu səbəbdən Rusiya diqqətini Asiya bazarına yönəldib. İkincisi, Rusiya Ukrayna müharibəsi fonunda raket zərbələrinə tuş gəlib. Rusiyanın yanacağa böyük ehtiyacı var. İkincisi, Rusiya hazırda Hindistana satdığı neftin qarşılığında bu ölkədən yanacaq alır. Ancaq Hindistandan dəniz yoluyla Rusiyaya çatdırılan yanacaq baha başa gəlir. Ona görə də Rusiya Hindistandan aldığı yanacağı quru yolla əldə etmək istəyir.
Rusiya Ukrayna müharibəsinə qədər Hindistana cəmi 3 faiz neft ixrac edirdi. Hazırda Rusiyanın Hindistanın neft idxalındakı payı iyul ayında rekord səviyyəyə yüksəlib. Rusiya nefti iyul ayında Hindistanın ümumi neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir. indistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistan neft emalı zavodları ABŞ-ın sanksiya təhdid qarşılığında bu ilin əvvəlində Rusiyadan neft alışını azaltmışdı. Ancaq fevralın sonlarında ABŞ-İran müharibəsinin başlaması səbəbindən Yaxın Şərqdən tədarükün pozulması səbəbindən Hindistan Rusiyadan neft idxalını yenidən artırdı. Hindistanın bütün ölkələrdən ümumi xam neft idxalı gündə təxminən 5 milyon barel təşkil edir, Rusiyadan isə idxalı gündə təxminən 2,5-2,8 milyon barel civarındadır. Odur ki, dəmiryolu ideyası Hindistanın da maraqlarına cavab verir".
Politoloq hesab edir ki, belə bir marşrutun yaradılması yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıya bilər. Lakin layihənin reallaşması üçün regionda sabitliyin təmin olunması və marşrutun keçəcəyi ölkələr arasındakı bir sıra problemlərin həll edilməsi vacibdir: “Dəmir yolunun tikintisi üçün bölgədə sabitlik bərqərar olmalı və region ölkələri arasındakı mübahisələr həllini tapmalıdır. Əks halda, 7 min kilometrdən artıq məsafəni əhatə edən belə nəhəng layihənin təhlükəsiz və davamlı şəkildə işləməsi çətin olacaq”.
Xalidə Gəray
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ