Onlayn ictimai-siyasi qəzet
Gürcüstandan İrana avtomobil ixracında görünməmiş artım qeydə alınıb. 2026-cı ilin ilk yeddi ayında bu istiqamətdə ixrac ötən illə müqayisədə təxminən 800 dəfə yüksəlib.
Musavat.com xəbər verir ki, yanvar–iyul aylarında Gürcüstandan İrana ümumi dəyəri 119 milyon dollar olan 6 749 avtomobil göndərilib. Ötən ilin eyni dövründə isə İrana cəmi 7 avtomobil ixrac edilmişdi və onların ümumi dəyəri 151 min dollar təşkil edirdi.
Bu kəskin artımdan sonra İran Gürcüstandan avtomobil idxal edən ölkələr arasında Qırğızıstan və Qazaxıstandan sonra üçüncü yerə yüksəlib.
Məlumata görə, artım ABŞ-nin hərbi əməliyyatlara başlamasından sonra İrana dəniz yolu ilə tədarükün azalması ilə əlaqələndirilir. Yaranmış tələbatın bir hissəsi Gürcüstan üzərindən avtomobillərin reeksportu hesabına ödənilir.
Ümumilikdə isə 2026-cı ilin ilk 7 ayında Gürcüstan 48 314 avtomobil ixrac edib. Onların ümumi dəyəri 1,16 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azdır.
Ümumi azalmanın əsas səbəblərindən biri Qırğızıstan, Qazaxıstan və Azərbaycana avtomobil ixracının aşağı düşməsidir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ